ABŞ Suriyada hansı strategiyanı izləyəcək? Dünya

ABŞ Suriyada hansı strategiyanı izləyəcək?

Vaşinqtonda düşünürlər ki, Rusiya yenidənqurmaya pul tapa bilməyəcək
Suriyada uzun müddətdir meydanda olmasına baxmayaraq heç cür strategiya formalaşdıra bilməyən ABŞ indi bu boşluğu doldurmaq üçün, gec də olsa, çalışmağa başlayıb. "Strateq" "Habertürk"ə istinadən yazır ki, hakimiyyət, İdlibdən sonra Suriyada siyasi həll prosesinin başlayacağını və ölkənin siyasi gələcəyini müəyyən edəcək masaya ABŞ-ın strategiyası olmadığından, əli güclü otura bilməyəcəyini düşünür. Bu üzdən o, son an manevrləriylə özünə güclü mövqe formalaşdırma axtarışlarına girişib.
İndiyədək sadəcə İsrailin təhlükəsizliyi baxımından Suriyada İranın mövcudluğuna qarşı mübarizə aparılması və YPG-yə dəstəyin davam etdirilməsi məsələlərinə aydınlıq gətirilib. Digər məsələlərlə, xüsusilə Suriyanın siyasi gələcəyilə bağlı isə strateji aydınlıq yoxdur. Ancaq bəzi addımlar atılır. Mən də daxil olmaqla, buradakı jurnalistlər bu addımlara baxaraq, ABŞ-ın yekun strategiyasının nə ola biləcəyini təxmin etməyə çalışır.
Mən burada milli təhlükəsizlik məsələlərindən yazan jurnalistlərlə həftədə ən azı bir dəfə görüşürəm. Buna "milli təhlükəsizlik masası" adını vermişəm. Bu masanın son gündəliyi aktuallığına görə Suriya və Amerikanın atdığı addımlar idi. Aldığım kəşfiyyat məlumatlarını o masada müzakirə etmək imkanım oldu. Son masada müzakirə etdiyimiz mövzular bunlar idi:
1. İŞİD döyüşçüləri Rakkadan qaçarkən ABŞ onların getməsinə seyrçi qalmış, hətta izn vermişdi. Bəzən onları müşayiət etdiyi belə deyilə bilər. Bunun səbəbi indi bəlli olub. Oradan çıxarılan döyüşçülər Suriyanın neft, təbii qaz və su qaynaqlarının 95%-nin olduğu bölgəyə çox yaxın idi. Döyüşçülər oradan çıxarıldıqdan sonra da ABŞ, İŞİD-lə mübarizə adı altında, YPG ilə birlikdə qaynaqların olduğu bölgəyə yerləşdi. Hazırda ABŞ, Suriya ərazisinin yalnız 30%-nə nəzarət etsə də, YPG ilə birlikdə onun neft, təbii qaz və su qaynaqlarına da nəzarət edir. İqtidar Suriyanın gələcəyini müəyyən edəcək siyasi prosesdə bunun ABŞ-ın əlindəki ən böyük güc olacağını bilir. Hakimiyyət Suriyanın 2,5 mlrd. barel neft ehtiyatı olduğunu təxmin edir.
2. Prezident Tramp, Suriyaya Sabitlik Fondu adı altında verəcəyi 230 mln. dolları ayırmaqdan vaz keçib. Trampın bunu yaranacaq açığı Səudiyyə Ərəbistanı və Körfəz ölkələrindən təmin etmək və onların İrana qarşı regiondakı təsirini artırmaq məqsədilə etdiyi söylənir. Həqiqətən, Səudiyyə Ərəbistanı dövrəyə girərək, kəsilən 230 mln. dollar yerinə 300 mln. dollar maliyyə vəsaiti ayırıb.
3. Ayrıca, Pentaqonun büdcəsində də Mülki Şəxslərə Yardım Fondu adı altında fond var. Bu fonddan da 1 oktyabrda başlayacaq yeni büdcə ili üçün 15,3 mlrd. dollar ayrılıb. Ancaq Pentaqona yaxın mənbələr bu maliyyə vəsaitinin, fondun adının Mülki Şəxslərə Yardım Fondu olmasına baxmayaraq, Suriya və İraqda yerləşdirilən, sayı təqribən 6 minə yaxınlaşan ABŞ hərbçiləri üçün xərcləndiyini bildirirlər.
4. Prezident Tramp bir ara "Əsgərlərimizi Suriyadan həmən çəkəcəyik" deyirdi. Bu fikir tamamən gündəlikdən çıxıb. Suriyanın siyasi gələcəyi ciddi şəkildə müzakirə olunanadək, hakimiyyət ABŞ əsgərlərini orada saxlayacaq.
5. İqtidar Bəşər Əsədin getməsi haqqında danışmağı artıq buraxıb. Onsuz da bir müddət idi ki, bu barədə danışmırdı, ancaq yeni təyin olunan ABŞ-ın Suriya xüsusi təmsilçisi Ceyms Cefri də bunu açıqca söyləyib.
6. İqtidar İdlibdə Türkiyə, İran və Rusiya arasında ortaya çıxa biləcək anlaşılmazlıqları izləməyə və bu anlaşılmazlıqların ona yeni manevr sahələri açıb-açmayacağını gözləməyə qərar verib.
7. Buradakı mənbələrin dediyinə görə, Menbiçdə hansı addımların atılacağı iqtidara gələcəkdə Türkiyə ilə birlikdə Suriyada nələr edilə biləcəyinin işarələrini verəcək.
8. ABŞ üçün Suriyada İsrailin öncəlikləri önəmlidir, bu üzdən əsas hədəfi İrandır.
Hazırda Suriyanın neft, təbii qaz və su ehtiyatları ABŞ-ın nəzarətində olduğuna görə, o, bu durumdan və öz iqtisadi gücündən istifadə etmək niyyətindədir. Çünki siyasi həll prosesi başlayan kimi, ölkənin yenidən inşası məsələsinin də müzakirə ediləcəyini bilir. ABŞ bunu Rusiyanın öz hesabına, Çini dövrəyə soxmadan edə bilməsi üçün yetərli gücünün olmadığını, tez və ya gec ona müraciət ediləcəyini düşünür.
Prezident Trampın verdiyi təlimata əsasən, siyasi həll prosesi başlamadan Suriyanın yenidən inşasına maliyyə vəsaiti ayrılmayacaq. İqtidar Fərat çayının şərqi, YPG-nin mövqeyi ilə əlaqədar olaraq Rusiya ilə danışarkən də bu iqtisadi güc kozırını istifadə etmək niyyətindədir. Başlanğıcda dediyim kimi, hələlik ortada əhatəli Suriya strategiyası yoxdur, lakin onun ayrı-ayrı ünsürlərinin yavaş-yavaş ortaya çıxarılmasına çalışılır.