ABŞ Rusiyanı silahlı hücumla hədələdi Dünya

ABŞ Rusiyanı silahlı hücumla hədələdi

Vaşinqton mübahisələrin diplomatik yolla həllinə sadiqdir, lakin əgər Moskva nüvə başlığı daşıyan orta mənzilli ballistik raketlərin təkmilləşdirilməsi və istehsalını davam etdirsə, ABŞ Rusiyaya qarşı hərbi hücum variantını da nəzərdən keçirməyə hazırdır.
"New York Times"a xəbər verir ki, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçison keçirdiyi mətbuat konfransında bu cür bəyanat verərək, Rusiyanı açıq şəkildə silahlı hücumla hədələyib.
Onun sözlərinə görə, Rusiyanın orta mənzilli raketləri "soyuq müharibə" dövründə - 1987-ci ildə Vaşinqtonla Moskva arasında imzalanan "Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında müqavilə"yə ziddir və gələcəkdə Rusiyanın Avropaya qarşı nüvə hücumu həyata keçirməsində istifadə oluna bilər.
"Rusiyanın danışıqlar masasına oturması və zorakılığa son qoymasının vaxtıdır. Əgər Rusiyanın orta mənzilli raket sistemləri nüvə başlığı daşımağa qadir olaraq Avropadakı müttəfiq ölkələrimizdən hər hansına, o cümlədən ABŞ-a zərbə endirə biləcəksə, onda biz həmin sistemi sıradan çıxarmaq üçün onu vura biləcək imkanları dəyərləndirəcəyik" – amerikalı rəsmi Moskvaya xəbərdarlıq edib.
Qeyd edək ki, ABŞ-la Rusiya arasındakı 1987-ci il müqaviləsi 500-5500 kilometr məsafə radiusunda hədəfləri vura biləcək yer tipli bütün qanadlı raketlərin ləğvini nəzərdə tutur.