ABŞ səfiri Kiyevə hərbi dəstək planını açıqladı Dünya

ABŞ səfiri Kiyevə hərbi dəstək planını açıqladı

ABŞ-ın Ukraynadakı xüsusi nümayəndəsi deyib ki, ötən ay Qara dənizdə baş vermiş qarşıdurmadan sonra Rusiyaya qarşı daha çox sanksiyalar qoyulması ideyası vüsət alır. Azadlıq radiosu xəbər verir ki, Kurt Volker bu bəyanatı dekabrın 17-də Brüsseldə keçirilən internet brifinqi zamanı verib. Ötən ay Rusiya Qara və Azov dənizlərini ayıran Kerç boğazında Ukraynanın 3 gəmisini və 24 dənizçisini həbs edib. Noyabrın 25-də baş vermiş insident regionda gərginliyin artmasına səbəb olub. Beynəlxalq icma gəmilərin və dənizçilərin azad edilməsinə çağırışlar edir.
Rusiya iddia edir ki, gəmilər onun Krım yaxınlığındakı ərazi sularına daxil olub. Kiyev isə Moskvanı Ukraynaya qarşı yeni "təcavüzdə" ittiham edir. Volker Avropa jurnalistlərinə deyib ki, bu hadisəyə müəyyən reaksiya verilməsinə ehtiyac olduğu haqda ideyalar getdikcə vüsət alır. ABŞ səfiri deyib ki, mən qarşıdan gələn bir-iki ayda nə baş verəcəyini deyə bilmərəm. Rusiyaya yeni sanksiyalar qoyulması Moskvanı gələcəkdə buna bənzər addımlardan çəkindirə bilər.
Avropa İttifaqı, Birləşmiş Ştatlar və başqa ölkələr Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqindəki separatçıları dəstəkləməsinə görə 2014-cü ilin aprelindən Moskvaya qarşı sanksiyalar qoyub. Volker bildirib ki, istər Qara dəniz olsun, istərsə də Ukraynanın başqa yerlərində "çoxmillətli mövcudiyyət" də Rusiyanın hərəkətlərinə daha yaxından göz qoymaq imkanı yaradardı.
NATO Kiyevə dəstək olaraq Ukrayna donanmasının gücləndirilməsinə dəstək verəcəyini bildirib. Bu baxımdan Ukraynaya yeni kommunikasiya avadanlığının verilməsi nəzərdə tutulub. Volker bunu da qeyd edib ki, ABŞ Konqresi hazırda Ukraynaya əlavə hərbi avadanlığın satılması məqsədilə ona 250 milyon dollarlıq hərbi maliyyə paketinin ayrılması məsələsinə baxır.