İran Almaniyanı təxribatlara uymamağa çağırdı Dünya

İran Almaniyanı təxribatlara uymamağa çağırdı

Tehran rəsmi Berlinin İranın "Mahan Air" aviaşirkətinə məxsus sərnişin təyyarələrinin Almaniya hava məkanına giriş və çıxışına qadağa qoymasına cavab verərək, bu addımı kəskin şəkildə qınayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi Berlinin bu qərarının əsassız və Almaniyanın İranla münasibətlərinin pisləşməsini istəyən qüvvələrin təxribatı olduğunu bildirib.
"Almaniyanın İranın "Mahan Air" aviaşirkətinə qoyduğu qadağa Tehranla Berlin arasındakı yaxşı münasibətlərdən razı olmayanların təqdim etdiyi yanlış informasiyaya əsaslanır. Almaniyanın bu qərarı əsassız, tələsik və ikitərəfli əlaqələrimizin ruhuna zidd qərardır", - deyə Qasemi vurğulayıb. İran XİN-in rəsmisi həmçinin, "Mahan Air" aviaşirkətinin müsbət reputasiyasına əsaslanaraq ümid edib ki, Berlin təxribatlara uymayacaq və öz qərarına yenidən baxaraq qadağını götürəcək.
Qeyd edək ki, Berlin İranın "Mahan Air" aviaşirkətini Almaniya hava limanlarına enişə icazə üçün verilən lisenziyadan məhrum edib. Almaniya bu addımı təhlükəsizlik tədbirləri səbəbilə və həmçinin, "Mahan Air" aviaşirkətinin İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əməkdaşlıq etməsindən və şirkətə məxsus təyyarələrin casusluq və terrorrizm üçün istifadə olunmasından şübhələndiyi üçün atdığını deyib. Bununla belə, Berlin bildirib ki, "Mahan Air" aviaşirkətilə bağlı məsələdə söhbət İrana qarşı sanksiyalardan yox, konkret şirkətə qarşı müvafiq qabaqlayıcı tədbirlərdən gedir.
Azvision.az xatırladır ki, "Mahan Air" "İran Air" şirkətindən sonra İranın ikinci ən böyük aviaşirkətidir. Bu şirkətə məxsus təyyarələr həftə ərzində Düsseldorf və Münhenə 4 uçuş həyata keçirirdi. "Mahan Air" aviaşirkətinin adı 2011-ci ildən etibarən ABŞ-ın sanksiyalar siyahısına salınıb.