Almaniya Türkiyəyə səfər edən vətəndaşlarına xəbərdarlıq edib Dünya

Almaniya Türkiyəyə səfər edən vətəndaşlarına xəbərdarlıq edib

Almaniya şənbə günü Türkiyəyə səfər edən vətəndaşları üçün səyahət tövsiyələrini yeniləyib. "Amerikanın Səsi" bildirir ki, tövsiyyədə qeyd olunur ki, Almaniya vətəndaşlarının ölkələrində qorxusuz ifadə etdikləri fikirlər Türkiyə rəsmiləri tərəfindən eyni cür dözümlə qarşılanmaya bilər və nəticədə onlar bu fikirləri ifadə etdiklərinə görə həbs edilə bilərlər.
"Almaniyada hüquq anlayışı və ifadə azadlığı tərəfindən qorunan bəyanatlar Türkiyədə peşə fəaliyyəti məhdudiyyətinə və cinayət işinin açılmasına səbəb ola bilər." – Almaniyanın Xarici İşlər Nazirliyinin səyahət tövsiyəsində deyilir. Nazirlik sözçüsü bildirib ki, səyahət tövsiyəsi bir neçə avropalı jurnalistin Türkiyədə izahat verilmədən akkreditasiya edilməməsindən sonra yenilənib. Bununla bərabər, son 2 il ərzində Türkiyədə əsassız şəkildə saxlanılan Almaniya vətəndaşlarının sayı artmaqdadır. Məlumatda əlavə edilir ki, Türkiyə rəsmiləri insanların ABŞ-da yaşayan dini xadim Fətullah Gülənin şəbəkəsi ilə əlaqələri olduğu şübhəsi ilə yanaşır. Nazirlik rəsmi Ankaranın bu şəbəkəni 2016-cı ildə hərbi çevrilişə cəhdin arxasında durduğuna inandığını bildirir. Nazirliyin tövsiyəsində əlavə edilir ki, Türkiyədə qadağan edilmiş təşkilatların hər hansı görüşündə iştirak etmiş və ya sosial media vasitəsilə Türkiyə hökuməti ilə bağlı tənqidi fikirlər ifadə etmiş almaniya turistlərin Türkiyədə saxlanılma riski mövcuddur.