“Türkiyə nüvə məsələsinə o qədər də yad deyil” Dünya

“Türkiyə nüvə məsələsinə o qədər də yad deyil”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə nüvə silahı haqda açıqlaması ilə gündəmə gəldi. Ehtimal edilir ki, ABŞ-ın nüvə razılaşmasından çıxmasından sonra İran 2025-ci ilə qədər nüvə silahı əldə etməyə çalışır. İranın nüvə silahına can atması isə Türkiyəni də bu yöndə düşünməyə vadar edib. Bu ehtimal nə dərəcədə doğrudur?
QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy bildirib ki, “Bizim nüvə silahımız niyə olmasın?”demək özlüyündə bir məna ifadə etməsə də, bir neçə məqamı diqqətə alanda, əslində, bu çıxışın nələrdən qaynaqlandığını da anlamaq mümkündür. Əvvəla, Türkiyənin olduğu regionda təhlükəsizlik riskləri çox ciddi şəkildə artır. Bu riskləri artıran məqamlardan biri də regionda nüvə silahı ilə bağlı fəaliyyətlərin genişlənməsidir. Hər nə qədər qəbul edilməsə də, regionda İsrailin nüvə silahı olduğuna dair iddialar var. Bu iddialar müəyyən analitiklər və bəzi mənbələr tərəfindən təsdiqlənib.
İran da öz nüvə silahını yaratmaq istiqamətində çalışır. Bu da təbii ki, həm qonşu, həm tarixi rəqib, həm də öz mövqeyini müəyyən mənada gücləndirə bilmək üçün Türkiyənin nüvə amilinə diqqət göstərməsini tələb edir: “Türkiyə nüvə məsələsinə o qədər də yad deyil. Əvvəla, Soyuq müharibə dövründə, xüsusən ABŞ-la SSRİ arasındakı nüvə rəqabətində Türkiyə də zaman-zaman yer alıb. Uzun müddət müxtəlif sənədlərdə, ekspertlərin fikirlərində belə bir mövzu vurğulanıb ki, ABŞ Soyuq müharibə dövründə Türkiyəyə müəyyən nüvə başlıqları yerləşdirib.
İkincisi, Türkiyədə nüvə araşdırmalarının ciddi şəkil alması, Atom Elektrik Stansiyasının yaradılması son 30-35 illik fəaliyyətin nəticəsidir. Türkiyənin nüvə tədqiqatlarına marağı özünü Rusiya ilə nüvə əməkdaşlığında da göstərir. Akkuyu AES bunun klassik nümunələrindən biridir”.
Başqa əhəmiyyətli məqam ondan ibarətdir ki, Türkiyə, sadəcə, Akkuyu ilə kifayətlənməyərək, gələcəkdə iki yeni AES yaratmağı planlaşdırır. Bu layihələrdən birinin koreyalılara, digərinin yaponlara veriləcəyi ilə bağlı məlumatlar var: “Türkiyənin nüvə məsələsinə diqqət çəkməsinin bir səbəbi də odur ki, Türkiyə enerji baxımından ciddi şəkildə xaricdən asılı olan bir ölkədir. Bu onun üçün həm iqtisadi, həm də geosiyasi problemlər yaradır. Çünki Türkiyə regional maraqları olan, zaman-zaman qlobal məsələlərdə əhəmiyyətli rola malik aktorlardan biri sayılır”.
Ekspert Rusiya ilə Türkiyə arasında nüvə silahı ilə bağlı gizli razılığın əldə olunacağı məlumatına da toxunub. Bildirib ki, hələlik bununla bağlı ciddi məlumat yoxdur: “Sadəcə, versiylar irəli sürülür. Amma bu reallıqdır ki, Türkiyə ilə Rusiya arasında AES-lə bağlı əməkdaşlıq var. “Akkuyu” konteksində türkiyəli mütəxəssislər nüvə elmini və nüvə araşdırmalarını daha yaxından öyrənmək üçün Rusiyaya göndəriliblər. Burada da iki vacib məqama diqqət çəkmək olar.
İlk növbədə nüvə əməkdaşlığı davam edən prosesdir. AES-dən sonrakı mərhələ - atomun parçalanması, nüvə prosesi gələcəkdə istər-istəməz başqa məqamları da gündəmə gətirir.
Başqa bir məqam da ondan ibarətdir ki, Türkiyə ilə Rusiyanın münasibətləri son bir neçə ildə ciddi impuls qazanıb. Bu özünü müxtəlif istiqamətlərdə, eləcə də nüvə əməkdaşlığında göstərir. Türkiyə ilə Rusiya arasında “riskli” nüvə istifadəsi mövzusu ilə bağlı əməkdaşlıq davam edir.
Doğrusu, bu iki ölkə arasında gələcəkdə nüvə silahı ilə bağlı məsələnin gündəmə gətirilməsi faktlara əsaslanmayan, sadəcə, ehtimal edilən bir məsələdir. Belə bir əməkdaşlığı istisna etmək olmaz, amma bu, bir neçə ilin işi deyil.
Mən hələlik bu açıqlamanı Türkiyənin mövqeyində müəyyən xırda korrektələr etmə mesajlarından biri kimi görürəm, amma bu açıqlama nüvə silahı yaradılacağı anlamına gəlməməlidir”.
Ekspert Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun ölkəsinin nüvə silahı istəmədiyini deməsi, amma bir gün sonra Ərdoğanın bunun mümkünlüyündən danışdığı açıqlamalarına da fikir söyləyib. Deyib ki, Çavuşoğlu və Ərdoğanın bu açıqlamalarında 2 vacib məqam var:
1. Nüvə mövzusu regionda, siyasi ritorikada daha artıq şəkildə yer tapacaq. İran konteksindəki gərginlik bunun ən bariz nümunəsidir.
2. Bu açıqlamalar Türkiyənin də masaya müəyyən “kozırlar” qoyması mənasını daşıyır. Bu hər kəsə mesajdır. Türkiyə İrana anlatmaq istəyir ki, madam sən nüvə silahlı ilə bağlı fəaliyyətlərini davam etdirirsən, o zaman mən də nüvə kontekstindəki görüşlərimə yenidən baxa bilərəm: “Bu, eyni zamanda başqa aktorlara da Türkiyənin nüvə silahı ilə bağlı yanaşmasını dəyişməsinin yarada biləcəyi riskləri xatırladır. Türkiyə həm də Avropaya xatırladır ki, siz İranla bağlı məsələlərdə lazımi addımı atmasanız və ya problemin həllinə öz töhfənizi verməsəniz, o zaman biz bu məsələni düşünəcəyik.
Türkiyə eyni zamanda ABŞ-a İranla bağlı böhranı gərginləşdirməyin yaradacağı risklərin rəsmi Ankara tərəfindən narahatlıqla qarşlandığını, bunun da Ankaranı adekvat addımlar atmağa sövq edə biləcəyini ifadə edir.
Əslində, biz Ərdoğanın dediklərini bölgədə nüvə təhlükəsizliyinə təhdidin artmasını gündəmə gətirmək üçün verilən açıqlama da hesab edə bilərik. Türkiyə nüvə məsələsində 30 il əvvəl olduğundan daha hazırlıqlıdır”.
İrəvanda Adequad partiyasının təsis qurultayı keçirilib. Ermənistana məxsus aysor.am saytı xəbər verir ki, qurultayda partiyanın təsisçisi Artur Danielyanın sözlərinə görə, inqilab olacaq və ona rəhbərlik etmək üçün görünməmiş bir fürsətimiz var.
“Əminəm ki, Ermənistanda yeni bir inqilab qaçılmazdır və heç nədən asılı olmayaraq baş verəcək. Siyasi komandamızın rolu isə ondan ibatərdir ki, bütn bunların hamısını xalqa çatdıraq"deyə partiyanın həmtəsisçisi Artur Danielyan qurultayda bildirib.
O, həmçinin qeyd edib ki, bu inqilab Ermənistanda ən yaxın zamanda başlaya bilər və bunun üçün bütün şərtlər də var.
“İnqilab olacaq və bu inqilaba rəhbərlik etmək üçün bizim misli görünməmiş bir fürsətimiz də var. Xarici informasiya sahəsi bizi nə qədər terrora sövq etsə də, mümkün olmayacaq və əsas odur ki, cəmiyyətimiz vahid tərkiblidir və eyni fikirlidir. Hətta ötən ilin hadisələri göstərdi ki, biz olduqca, hətta Avropa ölkəsindən də daha çox eyni fikrə, vahid tərkibə malikik. Ona görə də bu inqilabı idarə etmək imkanımız var "deyə Artur Danielyan fikrini əsaslandırıb.
Onun sözlərinə görə, inqilab nəticəsində demokratiya cəmiyyətin siyasi həyatının bir sistemi olaraq meritokratiya və texnokratiyaya yol açacaqdır.
"Ləyaqətli bir dövlət yaradılacaq, insanlar şərəfi meydanlarda tələb etməyəcəklər, buna layiq olacaqlar" deyə Adekvat partiyasının həmtəsisçisi əlavə edib.
Partiyanın təsis qurultayında iştirak etmək üçün 109 nümayəndə qeydiyyatdan keçib. Partiya lideri yekdilliklə Artur Danielyanı seçib.