Türkiyənin Rusiyadakı səfirliyi atəşə tutulub Dünya

Türkiyənin Rusiyadakı səfirliyi atəşə tutulub

Binanı atəşə tutan şəxs erməniymiş

Moskvada Türkiyə səfirliyinin binası ov tüfəngindən atəşə tutulub. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya paytaxtının hüquq-mühafizə orqanlarından bildirilib.
Bir nəfər şəxs qoşalülə tüfənglə səfirliyin binasına atəş açandan sonra səfirliyin mühafizəçiləri onu saxlayıblar.
İnsident nəticəsində kimsənin xəsarət almadığı qeyd olunur.
Saxlanılan şəxs Moskvanın hüquq-mühafizə orqanlarına təhvil verilib.
Məlum olub ki, səfirliyin binasını atəşə tutan şəxs erməniymiş. "Dobriy Les" şirkətinin baş direktoru, 43 yaşlı Artur Mirzoyanın hədəfi Türkiyənin gerbi olub.
Onun açdığı hər iki atəş hədəfə dəyib.
A. Mirzoyan hadisəni törədəndən sonra qaçıb gizlənmək istəsə də, polis tərəfindən dərhal saxlanılıb. O, hadisənin motivlərini hələlik açıqlamayıb.
Lakin polis güman edir ki, insidentin səbəbi son vaxtlar Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsindən sonra daha da qızışan, əsrlər boyudur, erməni və türk millətləri arasında davam edən ədavətdir.