Tramp impiçmenti ilə bağlı Senatdan yekun səsvermə tələb edir Dünya

Tramp impiçmenti ilə bağlı Senatdan yekun səsvermə tələb edir

ABŞ prezidenti Donald Tramp Senatda impiçment proseduru ilə bağlı Senatda dərhal səsvermənin başlanmasını istəyir. Bu barədə siyasətçi öz “Tvitter” səhifəsində yazıb. O, demokratların ona qarşı heç bir sübutunun olmadığından əminliyi ifadə edib. “Mən dərhal prosesin başlanmasını istəyirəm”- deyə o yazıb.
Xatırladaq ki, impiçment proseduru Trampla Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığından sonra başlanmışdı. Həmin danışıq vaxtı amerikalı lider Ukrayna prezidentindən demokrat rəqibi Co Baydenin oğlunun şirkətinə qarşı araşdırma başlatmağı tələb etmişdi.
Bu arada ABŞ Nümayəndələr Palatasının Nyu-Cersi senatoru Ceff Van Drü Demokratlar Partiyasından Respublikaçılar Partiyasına keçib. Prezident Donald Tramp, vitse-prezident Mayk Pens, Nümayəndələr Palatasında etniklərin lideri Kevin Makkarti, Van Drü və idarəçi heyətdən bir çox şəxs Dəyirmi Ofisdə jurnalistlərin qarşısına çıxıb. “Böyük elanımız var” ifadəsi ilə sözə başlayan Tramp Ceffin respublikaçılara qatılacağını deyib.
O bildirib ki, demokratlar impiçment maddələrini Senata təqdim etmək istəmirlər. Çünki əllərindəki materialdan utanırlar: “Nümayəndələr Palatasının impiçmenti konsitutsiyaya zidd və yanlış idi. Hazırda özümü haqqında impiçmenti Nümayəndələr Palatasında təsdiq edilmiş kimi hiss etmirəm. Çünki bu, qondarmadır”.
Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın impiçment prosesini "imkansız" adlandıraraq, Trampın Senatda bəraət alacağına dair aşkar proqnoz verib. Putin Moskvada keçirdiyi illik mətbuat konfransında bu prosesin Demokratların Trampa qarşı mübarizəsinin davamı olduğunu söyləyib. "2016-cı il seçkisini uduzan Demokratlar Partiyası, hər cür başqa üsullarla nəticə əldə etməyə çalışır,"- Putin bildirib. O, Trampın impiçmentindən əvvəl Rusiyanın ABŞ-ın seçki sisteminə müdaxilə etməsini ittihamını da xatırladaraq bunun tamamilə "əsassız" olduğunu deyib.
Putin qeyd edib ki, impiçment qərarı "Respublikaçıların çoxluq təşkil etdiyi Senatdan keçməlidir." "Onların partiyalarının nümayəndəsini vəzifədən uzaqlaşdırması ağılabatan görünmür. Bu mənim üçün əlçatmaz görünür," deyə o əlavə edib. Prezident Donald Tramp çərşənbə günü ABŞ Nümayəndələr Palatası tərəfindən impiç edilib. O, Konstitusiyanın müdəallarını pozaraq cinayət törətməklə ittham olunan 3-cü ABŞ prezidentidir.
Politoloq Zaur Məmmədov bildirib ki, ABŞ-ın sabiq vitse-prezidenti Cozef Baydenin oğlunun adı keçən işlə bağlı digər şəxslərə cinayət işi açılmasındansa biz görürük ki, Birləşmiş Ştatlardakı müəyyən qruplar Donald Trampı hədəf götürüblər. Bu müəyyən qruplar təkcə Demokrat Partiyası deyil. Biz bu gün ABŞ daxilində planetar miqyasda qlobalistlər və anti-qlobalistlər arasında bir mübarizənin şahidiyik. Onların əsas hədəfi gələn il ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi Trampı sıradan çıxarmaqdır.
O qeyd edib ki, bunun nə dərəcədə alınıb-alınmaması Senatdan da asılıdır: “Bu gün Senatda respublikaçılar çoxluq təşkil edirlər. Düzdür, Tramp seçkilərədək Respublikaçılar Partiyasının üzvü deyildi. Ümumiyyətlə, hər hansı partiyaya yaxınlığı ilə seçilmirdi. Bu gün isə fakt ondan ibarətdir ki, hüquqi cəhətdən Tramp Respublikaçılar Partiyasının nümayəndəsi kimi prezident seçkilərinə qatılıb, qalib gəlib. Hər halda bu gün baş verənlər Trampın imicinə bir tərəfdən zərbədirsə, digər tərəfdən əhali arasında onun reytinqi artır. Necə ki, seçki kampaniyası ərəfəsində Hillari Klintonun komandasının Trampa qarşı demək olar ki, bütün kütləvi informasiya vasitələrində qara piardan istifadə etməsi, onu əzməsi əks-effekt verdi. Sosial şəbəkələrdə əhalinin müəyyən təbəqələri Trampın tərəfinə keçərək əzilən tərəf kimi onun yanında dayandı. Bu dəfə də istisna deyil ki, onlar bütün bu vəziyyəti görərək güclünün yox, zəifin tərəfində olmağı üstün tutacaqlar. Hər bir halda bu impiçment proseduru göstərdi ki, dünyada impiçment institutunun ən fəal işlədiyi ilk ölkə ABŞ özüdür. ABŞ nə qədər prezidentli respublika olsa da orada parlamentin çox böyük siyasi mövqeyi, nüfuzu və çəkisi var”.
Bəs impiçment prosedurunu demokratların istədiyi şəkildə sonlandırmaq mümkün olacaqmı? Bu sualı da cavablandıran Z.Məmmədov deyib ki, Trampın vəzifədən uzaqlaşdırılması Senatdan asılıdır: “Çünki Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş impiçment proseduru Senata getməlidir. Bundan sonra məhkəmə tərəfindən bununla bağlı qərar verilməlidir. Senatda Respublikaçılar Partiyası üstünlük təşkil edir. Hansı ki, Trampın özü də Respublikaçılar Partiyasının nümayəndəsi kimi seçkilərə qatılmışdı. Buna görə də çox güman ki, Senat tərəfindən müvafiq qərar qəbul edilməyəcək, amma hər bir halda prezident seçkiləri öncəsi bu, Nümayəndələr Palatasının Trampa qarşı kifayət qədər təzyiqidir. Bundan əvvəl qondarma erməni soyqırımına dair qərarı da Nümayəndələr Palatası qəbul etmişdi və Senatda çoxluq təşkil edən Respublikaçılar Partiyası çox güman ki, onu qəbul etməyəcəkdi. Amma sonda Tramp imzalamasa da onu qəbul etdi. Ona görə impiçment məsələsində də daha çox Respublikaçılar Partiyası daxilindəki qruplaşmaların mövqeyindən asılıdır. Əgər onlar Trampla gələnilki seçkilərə getmək istəyirlərsə o zaman çox güman ki, qəbul etməyəcəklər. Eyni zamanda öz imiclərinə zərbə vurulmasını istəməyəcəklər. Əgər onlar başqa namizədlə getmək istəyəcəklərsə və Trampdan beziblərsə o zaman impiçment prosedurunun Senatda qəbul edilməsi istisna deyil. Yəni, hər şey Respublikaçılar Partiyasının daxilindəki maraq qruplarının qarşıdurmasından asılı olacaq”.