“Tramp ABŞ dövlət katibi Pompeonun əvəz olunmasını nəzərdən keçirir” Dünya

“Tramp ABŞ dövlət katibi Pompeonun əvəz olunmasını nəzərdən keçirir”

ABŞ prezidenti Donald Tramp dövlət katibi vəzifəsinə bir neçə rəsmi şəxsin namizədliyini nəzərdən keçirir. Bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadən bildirib. Qeyd edilir ki, buna səbəb ABŞ-ın xarici siyasət idarəsinin hazırkı rəhbəri Maykl Pompeonun Kanzas ştatından Senata seçkilərdə iştiraka qərar verə bilməsi haqqında mövcud olan ehtimallardır.
Vaşinqtonda Pompeonun növbəti il Senata namizəd olacağı barədə şayiələr çoxdan mövcuddur. ABŞ dövlət katibinin özü bu xəbərləri təkzib edib. Ancaq “The Washington Post”un məlumatına görə, dövlət katibinin ətrafındakılar iddia edirlər ki, o, bu məsələdə qəti qərar qəbul etməyib. Üstəlik, vaxta hələ var: namizədlərin qeydiyyatı yalnız növbəti ilin iyununda qurtaracaq.
Nəşrin məlumatına görə, Pompeonun mümkün varisləri kimi tez-tez ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Robert O Brayenin, həmçinin maliyyə naziri Stiven Mnuçinin adları hallandırılır. Bundan başqa, yeni dövlət katibi kimi ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenellin və digər şəxslərin də namizədliyi qeyd edilir.