Dünyada koronavirusa yoluxanların sayı 1 milyonu, ölənlərin sayı 50 mini keçib Dünya

Dünyada koronavirusa yoluxanların sayı 1 milyonu, ölənlərin sayı 50 mini keçib

ABŞ-dakı Johns Hopkins Universitetinin hesablamasına görə, dünyada koronavirusa yoluxanların sayı bir milyonu keçib. Bu rəqəmlərə görə dünyada yoluxma halları bir həftədən də az müddətdə iki qat artıb. Covid-19-dan ölənlərin sayı 51 mindən çox olub. Universitetin son məlumatlarına görə, Covid-19-a yoluxanların ən çox olduğu ölkələr ABŞ, İtaliya, İspaniya, Almaniya, Çin, Fransa, İran, İngiltərə, İsveçrə və Türkiyədir. Bu virusdan ölənlərin ən çox olduğu ölkələr isə İtaliya, İspaniya, ABŞ, Fransa, Çin, İran, İngiltərə, Hollandiya, Almaniya, və Belçikadır.
Son günlərdə ən çox ölüm halı ABŞ-da qeydə alınıb. Ötən gün bu virusdan min nəfər ölüb. Koronavirus (Covid-19) üç ay əvvəl Çində müəyyən edilib. Johns Hopkins Universitetinin məlumatına görə virusa yoluxanların rəsmi sayı bir milyondan çoxdur, amma həqiqi sayın bundan daha çox olduğu düşünülür.
Yoluxma sayının dörddə biri ABŞ-da, yarısı isə Avropada qeydə alınıb.
Ayrı-ayrı ölkələrdə koronavirusla bağlı vəziyyət necədir və hansı tədbirlər həyata keçirilir?

ABŞ

ABŞ hazırda koronavirusa yoluxanların sayına görə dünyada birincidir - yoluxanların sayı 216 722-i keçib. Beləliklə, ABŞ koronavirusa yoluxanların sayına görə İtaliya (110574) və İspaniyanı (110 238) keçib. "Ölüm nisbətinin ən yüksək nöqtəsi iki həftə ərzində olacaq", - Prezident Donald Trump bildirib.
Bazar günü ABŞ hökumətinin yoluxucu xəstəliklər üzrə yüksək rütbəli eksperti xəbərdarlıq edib ki, koronavirus epidemiyası 100 - 200 minədək amerikalını öldürə bilər. Ölkədə fiziki məsafə kimi koronavirusa qarşı mübarizə qaydalarının aprelin sonunadək tətbiq ediləcəyi bildirilir.

İtaliya

Dünyada koronavirusdan ən çox ölüm sayı (13 155 nəfər) İtaliyadadır.
Burada COVID-19 koronavirusuna yoluxan insanların sayı 110 574 nəfər təşkil edib.

İspaniya

Bu ölkə aşkar edilmiş koronavirus hallarının sayına görə dünyada üçüncu yerdədir - burada son məlumatlara görə, 110 238 nəfər Covid-19-a yoluxub. Lakin virusdan ölənlərin sayına görə ölkə ölkə İtaliyadan sonra ikinci yerdədir: İspaniyada Covid-19-dan ölənlərin sayı 10 003 nəfərə çatıb.

Çin

Koronavirus epidemiyasının beşiyi Çinin Uhan şəhəri sayılsa da, hazırda bu ölkə Covid-19 virusuna yoluxanların ümumi sayına görə dünyada dördüncü yerə düşüb.
Çində Covid-19-a yoluxanların sayı son məlumatlara əsasən, 82 431 nəfər, bu virusdan ölənlərin sayı isə Çinin Hubei vilayətində 3 199 nəfər təşkil edir.

Almaniya

Dünya üzrə ən çox yoluxanların sayına görə Almaniya beşinci ölkədir. Almaniyada koronavirusa yoluxanların sayı 80 641, ölənlərin sayı isə 1074 nəfər təşkil edib.
Almaniya hökuməti ölkədə iki nəfərdən artıq qruplara toplaşmağı qadağan edib.
Almaniya kansleri Angela Merkel bazar günündən karantin rejiminə keçməli olub, çünki məlum olub ki, cümə günü ona profilaktik peyvənd vuran həkim də koronavirusa yoluxub.

İran

Azərbaycanın cənub qonşusu olan İranda koronavirusa yoluxanların sayı 50 468 nəfərə çatıb və bu göstəriciyə görə ölkə dünyada altıncı yerdədir. Covid-19-dan ölənlərin sayı isə İranda bazar günü günorta 3 160 nəfər təşkil edib.

Fransa

Fransa aşkar edilmiş koronavirus hallarının sayına görə dünyada yeddinci yerdədir - burada Covid-19-a 57 780 nəfər yoluxub. Lakin virusdan ölənlərin sayına görə isə ölkə bir pillə yuxarıda olan Almaniyanı xeyli qabağlayıb: Fransada Covid-19-dan ölənlərin sayı 4 032 nəfərə çatıb.

Britaniya

Britaniya koronavirusa yoluxanların sayına görə dünyada səkkizinci yeri tutur - burada Covid-19-a yoluxanların ümumi sayı şənbə günü 34 116 nəfərə çatıb, ölənlərin sayı isə 2 921 nəfərdir. Burada bazar ertəsi günündən başlayaraq əhalidən üç həftə evdə qalmaq istənilib. Onlar yalnız "tamamilə zəruri" işə gedib-gələ, nadir hallarda "əsas ehtiyaclar" üçün bazarlıq edə və tibbi səbəb olduğu zaman küçəyə çıxa bilərlər.
Ölkədə iki nəfərdən artıq və ailə üzvü olmayan şəxslərin toplaşması qadağandır.
Bazar günü Britaniya hökumətinin kabinet naziri Michael Gove koronavirusla bağlı ölkədə tətbiq edilən sərt tədbirlərin "uzun müddət", təxminən 6 ayadək davam edə biləcəyinə hazır olmağın vacibliyini vurğulayıb.

Türkiyə

Türkiyədə koronavirusa ümumilikdə yoluxanların sayı bazar günü günorta 15 679 nəfər təşkil edib. Bu göstəriciyə görə, ölkə dünyada 10-cu yerdədir. Türkiyədə Covid 19-dan ölənlərin sayı isə 356 nəfər təşkil edib.

Cavid