Poroşenko ABŞ-dadır Dünya

Poroşenko ABŞ-dadır

Cavid

Ukrayna prezidenti Pyotr Poroşenkonun ABŞ səfəri ərəfəsində ABŞ senatorları Robert Menendez (Demokratlar Partiyası) və Bob Korker (Respublikaçılar Partiyası) Senata Ukraynanın azadlığı haqqında Aktı təqdim edib. Sənəd Rusiyaya qarşı yeni sanksiyaları, eləcə də Ukraynaya hərbi və mülki yardımı təklif edir.
"Bizim başqa seçimimiz yoxdur. Ukraynaya hərbi dəstək göstərməklə yanaşı Rusiya barəsində yeni və sərt sanksiyaları qəbul etməliyik", - Menendez bildirib.
Sənəd həmçinin kosmik sferada Rusiyadan asılılığın tamamilə aradan qaldırılmasını nəzərdə tutur. Ukraynanın azadlığı haqqında Akt qəbul olunarsa, ABŞ Ukraynaya müdafiə silahları, xüsusi halda tank əlehinə silahlar, düşmən artilleriyasının aşkar edilməsi sistemləri, pilotsuz təyyarələr və radar sistemləri verə bilər.
Maraqlıdır ki, ABŞ prezidenti Barak Obama Ukrayna prezidentinin Ağ Evə dəvət olunmasını Rusiya prezidenti Vladimir Putinə "həm ingilis, həm rus dilində min sözə dəyən orijinal bir mesaj" adlandırıb.
Barak Obama həmçinin, Avropa İttifaqı ilə Assosiasiya Sazişinin ratifikasiyası ilə bağlı Ukraynanı təbrik edib. Qeyd edək ki, Ukrayna prezidentinin ABŞ-a rəsmi səfəri dünən başlayıb. Səfər çərçivəsində Poroşenko Ağ Evdə prezident Obama ilə görüşüb.
Ukrayna prezidenti ABŞ Konqresinin birgə sessiyasında da iştirak edəcək, Atlantik Şurasında çıxış edəcək.
ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Con Boneranın sözlərinə görə, Poroşenkoya Konqresdə çıxış etmək hüququnun verilməsi Ukrayna xalqına olan böyük diqqət və hörmətin ifadəsidir: "Ukrayna Pyotr Poroşenkonun prezidentliyi dövründə NATO ilə əməkdaşlığın ən yüksək səviyyəsinə nail ola bilib. O, Ukraynanın ikinci prezidenti olacaq ki, ABŞ Konqresində çıxış edəcək".
Bundan əvvəl isə 6 aprel 2005-ci il tarixində Ukraynanın üçüncü prezidenti Viktor Yuşenko Konqresdə çıxış etmişdi.
P.Poroşenkonun ABŞ səfəri çərçivəsində vitse-prezident Cozef Bayden, Dövlət Katibi Con Kerri ilə ikitərəfli görüşlərinin keçirilməsi gözlənilir.
Ötən gün isə Poroşenko Kanadada səfərdə olub. Kanadaya rəsmi səfər edən Ukrayna prezidenti Pyotr Poroşenko bu ölkənin baş naziri Stiven Xarperlə görüşüb.
"Unian.net" saytının məlumatına görə, Ukrayna prezidenti görüşdən sonra media nümayəndələrinə ölkəsinin demokratik dünyanın dəstəyinə bel bağladığını dedi. Poroşenko Kanadanın Polşadan sonra Ukraynanın müstəqilliyini tanıyan ikinci ölkə olduğunu xatırladıb.
Ukrayna prezidenti Kanada səfəri çərçivəsində parlamentin İcmalar Palatasının iclasında çıxış edib. O bəyan edib ki, Aİ-ilə assosiasiya haqqında saziş Ukrayna tərəfindən təsdiqləndikdən sonra Sovet İttifaqı yenidən bərpa olunma şanslarını itirdi: "Ukrayna artıq Sovet İttifaqının yenidən bərpa olunması barədə istənilən ümidləri dağıtdı. Biz - Avropa xalqıyıq".
Qeyd edək ki, sentyabrın 16-da Ali Rada Ukrayna və Avropa İttifaqı arasında assosiasiya haqqında sazişi təsdiqləyib.
Ali Radada keçirilən səsvermədə 355 deputat qanun layihəsinin lehinə səs verib, 26 nəfər isə bitərəf qalıb. Qanun layihəsinin əleyhinə heç bir deputat səs verməyib.
Müvafiq qanun layihəsi Avropa Komissiyasının Strasburqda keçirilən iclasında da müzakirəyə çıxarılıb. Komissiyanın iclasında qanun layihəsinin lehinə 535, əleyhinə 127 nəfər səs verib. 35 deputat isə bitərəf olub.