Zatulin Estoniyanın da “qara siyahı”sına düşdü Dünya

Zatulin Estoniyanın da “qara siyahı”sına düşdü

Tallin İnzibati Məhkəməsi Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin Estoniyaya girişinə qoyulan qadağanı qüvvədə saxlayıb.
İnzibati Məhkəmə onun çıxardığı qərardan apelyasiya şikayəti verilmə müddəti ötdüyü üçün əvvəlki qərarının qüvvədə saxlanılmasına dair qərar qəbul edib.
Estoniya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Konstantin Zatulinin 28 mart 2018-ci il tarixdən 28 mart 2023-cü il tarixədək Estoniyaya daxil olması qadağan olunub. Deputat bu qərarın qəbul edilməsindən bir il sonra Tallin İnzibati Məhkəməsinə müraciət edərək buna etiraz edib. O, iddia ərizəsində müvafiq inzibati aktın ləğv edilməsini istəyib, eyni zamanda giriş qadağan nişanının dövlət məlumat reyestrindən çıxarılmasını tələb edib.
24 yanvar 2020-ci ildə Tallin İnzibati Məhkəməsi Daxili İşlər Nazirliyinin giriş qadağası ilə bağlı qərarını dəstəkləyib, 19 martda isə Tallin Dairə Məhkəməsi Zatulinin şikayətini rədd edib.
Dövlət Dumasının deputatı Dövlət Məhkəməsinə apelyasiya şikayəti vermədiyi üçün bir ay sonra inzibati məhkəmənin qərarı qanuni qüvvəyə minib.
Estoniya hakimiyyəti hesab edir ki, Zatulinin giriş qadağası barədə qərar verildikdən bir ay sonra şikayət verməsi lazım idi. Dövlət Dumasını deputatı hazırda Avropa İnsan Hüquqları Məhkəməsinə Estoniya dövlətinə qarşı şikayət vermə imkanını nəzərdən keçirir.
Tallindəki Rusiya səfirliyi deputatın Estoniyaya girməsinə qoyulan qadağanı qınayıb.
“Biz Estoniya tərəfinin qəbul etdiyi qərarı Rusiya-Estoniya münasibətlərinə xələl gətirən və mehriban qonşuluq ruhunda qarşılıqlı hörmətli dialoqun perspektivlərinə mənfi təsir göstərə biləcək aşkar qeyri-dost aktı hesab edirik”, – deyə Rusiya səfirliyi bildirib.
Qeyd edək ki, K.Zatulinin Azərbaycana da girişi qadağandır. Onun adı işğal olunmuş Azərbaycan ərazilərinə dəfələrlə qeyri-qanuni səfərlər etdiyi üçün “qara siyahı”ya salınıb.