Çin koronavirus haqqında həqiqəti gizlədibmi? Dünya

Çin koronavirus haqqında həqiqəti gizlədibmi?

"Beş göz" alyansına daxil olan ölkələr bu haqda nə bilirlər?

İngilis dilli beş ölkənin birgə hazırladığı hesabatda qeyd olunur ki, Çin yeni koronavirus haqqında məlumatları bilərəkdən gizlədib və məhv edib. Bu xəbər hesabatın bir nüsxəsini əldə etdiyini yazan "Sunday Telegraph" (Avstraliya) qəzetində dərc olunub.
Məlumat rəsmi olaraq təsdiqlənməyib, ancaq qəzetin xəbəri Qərb və Çin arasında gedən informasiya müharibəsində növbəti yaylım atəşi rolunu oynayıb.
"Sunday Telegraph" yazır ki, "Beş göz" ("Five eye") kəşfiyyat alyansı - ABŞ, Britaniya, Kanada, Avstraliya və Yeni Zenlandiya kəşfiyyatlarının birgə hazırladıqları 15 səhifəlik hesabatda Çin hökumətinin koronavirus haqında informasiyaları bilərəkdən gizlətməklə digər ölkələrə təhlükə yaratdığı qeyd olunur.
Qəzetin xəbərinə görə, hesabatda Çin hökumətinin dünyanı virusdan xəbərdar etmək istəyən həkimləri susdurması, laboratoriya təcrübələrinin nəticələrini məhv etməsi və nümunələri kornavirusa qarşı peyvənd hazırlamaqla məşğul olan əcnəbi həkimlərə verməməsi faktları da yer alıb.
ABŞ Prezidenti və dövlət katibi artıq koronavirusun Uhandakı Virusologiya İnstitutunda hazırlandığını bəyan ediblər. Dünya mətbuatı bunu hələ pandemiyanın əvvəlindən yazır. Ancaq "Sunday Telegraph" hesabatda virusun Çin laboratoriyasında hazırlanması barədə birbaşa ittiham olmadığını qeyd edir - sənəddə sadəcə bəzi şübhəli məqamlar və dəqiqləşdirilməsinə ehtiyac duyulan şübhələr əksini tapıb.
Rəsmi Pekin informasiyaların gizlədilməsi və koronavirusun süni şəkildə yaradılması iddialarını qətiyyətlə rədd edir. Britaniyanın müdafiə naziri Ben Uolles qəzetin yazdıqlarına münasibət bildirməkdən imtina edib. "Hər gün mənə bütün dünyadan kəşfiyyat məlumatları daxil olur. Mən konkret hesabatları şərh etmirəm, görüyüm və ya görmədiyim şeylər haqqında danışmıram. Bu, doğru olmazdı", - Uolles bunları bazar ertəsi günü BBC radiosuna açıqlamasında deyib.
Aprelin 30-da ABŞ Prezidenti Donald Trump ondan virusun mənbəyinin Uhan Virusologiya İnstitutu olmasıyla bağlı sübutları görüb-görmədiyini soruşan jurnalistə "Bəli, bəli, mən həqiqətən də onları görmüşəm" deyə cavab verib. Ancaq dərhal da detalları açıqlamayacağını bildirib və Çinin mümkün səhvləri haqqında qeyri-müəyyən fikirlər səsləndirməyə başlayıb.
Elə həmin gün ABŞ Milli Kəşfiyyat İdarəsi (MKİ) direktorunun aparatı açıqlama verib ki, Amerika xüsusi xidmət orqanları virusun süni yox, təbii mənşəli olduğunu deyən alimlərlə həmfikirdir. Eyni zamanda, MKİ "virusun insana xəstə heyvanla təmas nəticəsində keçdiyini, yoxsa Uhan laboratoriyasındakı qəza nəticəsində yayıldığını müəyyən etmək üçün bütün kəşfiyyat materiallarını və yeni informasiyaları diqqətlə araşdırmağı" vəd edib.
ABŞ-ın dövlət katibi Mayk Pompeo bazar günü ABC telekanalına verdiyi müsahibədə bildirib ki, Amerika hökumətində "virusun Çin laboratoriyasında hazırlandığını sübut edən xeyli sayda fakt var". Ancaq aparıcı ona virusun təbii mənşəyilə bağlı MİK-in açıqlamasını xatırlatdıqdan sonra Pompeo belə deyib: "Bəli, doğrudur. Mən də bu fikirdəyəm".
Britaniyanın "Telegraph" qəzeti "Mİ-6" kəşfiyyat xidmətindəki mənbəyə istinadən yazıb ki, Britaniya kəşfiyyatı hökumətə Çinin koronavirus epidemiyasının miqyası və yaranmasıyla bağlı məlumatları gizlətməsi haqda çoxdan məlumat verib.