Dünyada koronavirus qurbanlarının sayı 307 mini keçdi Dünya

Dünyada koronavirus qurbanlarının sayı 307 mini keçdi

Dünyada son sutka ərzində koronavirusa 100 mindən çox yoluxma, 5 mindən çox isə ölüm faktı qeydə alınıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bildirilir ki, bununla da dünyada koronavirus xəstələrinin ümumi sayı 4,5 milyonu, pandemiya qurbanlarının sayı isə 307 mini keçib. Məlumatda o da vurğulanır ki, Şimali və Cənubi Amerika bölgəsi yoluxanların sayına görə birinci yerdədir - 1 966 932 nəfər. Sutkada yoluxanların sayı 57 449 nəfər artıb. Ölənlərin sayı 3 742 nəfər artaraq 118 799 nəfərə çatıb. Avropada 1 870 545 yoluxma və 165 951 ölüm halı qeydə alınıb. 24 saat ərzində yoluxanların sayı 22 100, ölüm hallarının sayı isə 1 228 nəfər artıb. Dünyada yoluxanların sayında üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur. Mayın 17-na olan vəziyyətə görə, orada 326 568 yoluxma, 9 841 ölüm faktı qeyd edilib. Sutka ərzində yoluxanların sayı 10 900 nəfər artıb, 140 nəfər ölüb. "Amerikanın səsi" xəbər veir ki, Birləşmiş Ştatlar dünyada COVID 19-a ən çox yoluxma və ölüm hallarına görə birinci yerdədir. ABŞ-da 1.5 milyon yoluxma və 89 min ölüm halının olduğu təsdiq edilib. Dünya boyu yoluxma və ölüm hallarının sayı isə artmaqda davam edir. Dünyada koronavirusa 4.6 milyondan çox yoluxma halı aşkar edilib, 312 mindən çox insan isə xəstəlik nəticəsində həyatını itirib. Ümumdünya Səhiyyə Təşkilatı öz modelinə əsasən, virusa dünya boyu 250 milyondan çox insanın yoluxa biləcəyini və Afrikada təcili tədbirlər görülməsə 150 min insanın ölə biləcəyi ilə bağlı xəbərdarlıq edib. BMJ Global Health jurnalında dərc edilmiş araşdırmada dünyanın Avropa və ABŞ kimi regionlarında yoluxma və ölüm halları səviyyəsinin daha aşağı olacağı proqnozlaşdırılır. Şənbə günü açıqlanmış araşdırmaya əsasən, koronavirusa yoluxmalarda maliyyə statusu vacib faktorlardan biri hesab edilir. Oksford universitetinin apardığı tədqiqatda Britaniyanın ən yoxsul regionlarında COVID-19-a yoluxma ehtimalının daha zəngin yerlərdə yaşayanlarla müqayisədə dörd dəfə artıq olduğu göstərilir. Araşdırmanın müəllifləri tədqiq etdikləri 3600 test nəticəsində məhrumiyyətlər, eləcə də yaş və qara ciyərin xroniki xəstəliklərinin COVID-19-a yoluxma ehtimalını artırdığını müəyyən ediblər. Bu arada, Avropa ölkələrində karantin rejimi tədricən qaldırılır. İtaliya bu həftə karantin rejiminin qaldırılması ilə yanaşı, iyunun 3-dən etibarən turistlərin ölkəyə gəlişinə icazə veriləcəyini bildirib. Yunanıstan hökuməti sosial məsafə tədbirlərinin ciddi gözlənilməsi ilə şənbə günü bir sıra ictimai çimərlikləri açıb. Hökumət restoran və barların mayın 25-dən etibarən açılmasının mümkünlüyünü nəzərdən keçirir.