ABŞ embarqo, Rusiya veto xəbərdarlığı edir Dünya

ABŞ embarqo, Rusiya veto xəbərdarlığı edir

İran ətrafında daha bir gərginlik nöqtəsi

Rusiyanın xarici işlər naziri Tramp administrasiyasını İrana qarşı siyasi motivli kampaniya həyata keçirməkdə günahlandırır və Təhlükəsizlik Şurasında İslam Respublikasına qarşı daimi silah embarqosu tətbiq etmə cəhdini qınamağa çağırır. Sergey Lavrov bildirib ki, ABŞ İran və 6 böyük güc arasındakı 2015-ci il nüvə sazişindən çıxıb və indi, oktyabrın 18-də başa çatacaq BMT qətnaməsini uzatmağa heç bir qanuni haqqı yoxdur.
Bazar ertəsi BMT Baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasına göndərilən məktubda rusiyalı nazir ABŞ Dövlət Departamenti səlahiyyətlilərinin Tramp administrasiyasının nüvə sazişinə dair öhdəliklərin icrasını davam etdirməyi düşünmədiyini, ancaq iddia edilən hüquqlardan istifadə etməyi planlaşdırdığı barədə açıqlamalarını xatırladıb. O bunu “gülünc və məsuliyyətsiz hərəkətlər” adlandırıb.
“Strateq” “AP”a istinadən yazır ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo və ABŞ-ın BMT-dəki səfiri Kelli Kraft İrana qarşı silah embarqosunun uzadılmasının ABŞ üçün prioritet olduğunu söyləyiblər. Kraft mətbuat konfransında verdiyi açıqlamada Rusiya və Qərb müttəfiqləri olan İngiltərə, Fransa, Almaniya və Estoniya ilə birlikdə İrana qarşı qeyri-müəyyən silah embarqosu tətbiq edən Təhlükəsizlik Şurasının qətnaməsi layihəsini bölüşdüyünü və layihənin Şuranın qalan 15 üzvü tərəfindən bəyəniləcəyinə ümid etdiyini bildirib. Lakin o, əvvəlcə səfirlərlə danışmaq və “ABŞ kimi, hamının Təhlükəsizlik Şurasının oktyabrda başa çatacaq qətnaməsinin uzadılmasına əmin olmaq” istədiyini deyib.
“İnsanlara söyləmək istədiyim budur: 18 oktyabrdan Rusiyanın İrana silah satmasını istəyirikmi? Çinin satmasını istəyirikmi? İrana silah verənlərin və ya satanların olmasını istəyirikmi? Rusiya və Çinin İranın davranışı ilə bağlı qlobal konsensusa qoşulmasının vacibliyini vurğulayıram. Söhbət təkcə İran deyil, bütün Yaxın Şərq xalqlarının aqibətindən gedir”.
Rusiyanın BMT səfiri Vasiliy Nebenzya İrana qarşı silah embarqosunun müddətini uzadan Təhlükəsizlik Şurası qətnaməsinə Moskvanın açıq şəkildə etiraz etdiyini və Rusiyanın veto qoya biləcəyini açıqlayıb. O, ABŞ-ın nüvə sazişindən çıxmasından sonra Təhlükəsizlik Şurasının 2015-ci il qətnaməsinə qayıdışın qeyri-mümkünlüyünü vurğulayıb. Məlum qətnamə nüvə sazişindən sonra İrana qarşı bütün BMT sanksiyalarının icrasını dayandırmışdı. Kraft qətnamə ilə “ABŞ-ın geri qayıdış” müddəasını istifadə etmək hüququnu özündə saxladığını söyləyib.
Prezident Donald Trampın 2018-ci ildə nüvə razılaşmasından çıxmasından və ABŞ-ın sanksiyalarını təkrar tətbiq etməsindən bəri İran və ABŞ arasındakı gərginlik artıb. Bir il əvvəl ABŞ bölgədəki maraqlarına artan təhdidə cavab olaraq daha minlərlə əsgəri, uzaqmənzilli bombardmançı və bir təyyarədaşıyıcısını Yaxın Şərqə göndərib.
Nüvə sazişini imzalayan digər 5 güc – Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya – müqavilənin Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən yoxlamaların davam etdirilməsi və İranın nüvə silahı əldə etməsinin qarşısını alma üçün əsas olduğunu söyləyib. Lavrovun məktubu Moskvanın qeyri-müəyyən silah embarqosuna və ABŞ-ın “geri qayıdış” müddəasından istifadəsinə kəskin müxalifliyini açıqlayır.
“Biz Birləşmiş Millətlər Təşkilatının plandan çıxmaq qərarına gəlmiş ABŞ-dakı siyasi vəziyyətin girovuna çevrilməməsinə əsaslanırıq. Təhlükəsizlik Şurasında İrana qarşı silah embarqosu məsələsini qaldırmaq üçün etibarlı təməl yoxdur”.
Lavrov bildirib ki, nüvə sazişi və Təhlükəsizlik Şurasının qətnaməsi “bütövlük” yaradır və ayrıca nəzərdən keçirilməməlidir. BMT Nizamnaməsinin 25-ci maddəsinə əsasən, “Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasının qərarlarını öz qanunsuz hərəkətləri ilə pozmaq əvəzinə, yerinə yetirməyə borcludur”.
Sergey Lavrov deyib ki, beynəlxalq məhkəmələr “öz öhdəliklərini rədd edən və ya icra etməyən tərəfin münasibətindən irəli gələrək tələbləri tanıya bilməz”. Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasının qətnaməsini pozaraq, 2015-ci il nüvə sazişini həyata keçirməkdən imtina edib. Lavrov ABŞ-ı nüvə sazişinə və BMT qətnaməsinə xələl gətirməyi dayandırmağa çağırıb. O, Rusiya və beynəlxalq birliyin digər məsul üzvlərinin nüvə sazişini qorumaq üçün səylərini davam etdirəcəklərini söyləyib. “ABŞ etiraf etməlidir ki, Təhlükəsizlik Şurasının mandatlarından öz eqoist maraqlarını həyata keçirmək üçün istifadə siyasətinin nə hüquqi, nə də digər əsasları var”.