Dövlət başçıları Minskə toplaşır Dünya

Dövlət başçıları Minskə toplaşır

Sabah Ermənistanın taleyi həll olunacaq

Cavid

MDB dövlət başçılarının növbəti Zirvə görüşü bu gün Minskdə keçiriləcək. Dövlət başçılarının sammitindən bir gün öncə isə MDB XİN başçıları Şurasının növbəti iclası keçirilib. Bu iclasda dövlət başçılarının Zirvə görüşünün gündəliyi, qəbul ediləcək qərarlar və Minsk bəyannaməsinin yekun variantı müzakirə edilib.
Ümimiyyətlə, Minsk sammitində MDB dövlət və hökumət başçıları 20-dən artıq məsələyə baxaraq öz mövqelərini bildirəcəklər.
Diqqəti çəkən əsas məqam isə ondan ibarətdir ki, oktyabrın 10-da Zirvə görüşünün ardınca Minskdə Avrasiya İttifaqının növbəti iclası keçiriləcək. Məhz bu toplantıda Ermənistanın ittifaqa daxil olması barədə qərarın veriləcəyi gözlənilir.
O da maraqlıdır ki, məhz belə bir ərəfədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Belarusa səfər edərək, bir sıra rəsmi görüşlər keçirib. Azərbaycan XİN rəhbərinin səfərini şərh edən "Belarusiya Novosti" nəşri yazır ki, Məmmədyarovun Minskə gəlməsi məhz Ermənistanın ittifaqa daxil olması məsələsində Lukaşenkonun mövqeyini bir daha dəqiqləşdirməkdir.
Xatırladaq ki, bundan əvvəl Astanada keçirilən iclasda da İrəvanın ittifaqa qəbul ediləcəyi gözlənilirdi. Lakin o zaman hər şey gözlənilməz şəkildə dəyişdi. Avrasiya İttifaqının üç həmtəsisçisindən biri olan Qazaxıstanın prezidenti Hursultan Hazarbayev Ermənistan prezidentinin qarşısına Azərbaycanla bağlı şərt qoydu və Azərbaycan prezidenti İlham Əliyevin müraciətini oxudu. Qazax lider bəyan etdi ki, İrəvan yalnız öz sərhədləri daxilində ittifaqa girə bilər, Ermənistan işğal etdiyi Dağlıq Qarabağı özü ilə ittifaqa gətirə bilməz.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev konkret olaraq Azərbaycan prezidentinin müraciətinə dəstək verdi, ardınca Lukaşenko da bu şərti dəstəklədi.
Məmmədyarovun da səfərində Ermənistanın ittifaqa üzvlüyü məsələsinin əsas müzakirə mövzusu olduğu şəksizdir. Görünür, rəsmi Bakı mövqeləri yenidən dəqiqləşdirir.
Ən maraqlı detallardan biri isə Avrasiya İttifaqının toplantısının keçiriləcəyi gün Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün planlaşdırılmasıdır. Bu baxımdan Ermənistan prezidentinin Avrasiya İttifaqının toplantısında, yaxud Parisdə keçiriləcək görüşdə iştirak məsələsi müəyyən suallar doğurur.
Bütün hallarda Minskdə Ermənistanın Avrasiya İttifaqına daxil olub-olmaması məsələsinin həll oluna biləcəyini nəzərə alsaq, rəsmi İrəvanın Paris görüşünə önəm verəcəyi o qədər də inandırıcı görünmür. Yəni İrəvan üçün Minsk görüşü taleyüklü məsələdir. Bu məsələ artıq bir neçə gündür ki, erməni mətbuatının da gündəmindədir. Lakin erməni mətbuatını narahat edən odur ki, MDB-nin və Avrasiya İttifaqının Minskdə keçiriləcək sammitində Rusiya prezidenti Vladimir Putin üçün tutulmuş gündəlikdə Ermənistanın Avrasiya İttifaqına qoşulması məsələsi yoxdur.
Erməni jurnalistlər məsələ ilə bağlı müxtəlif şərhlərlə çıxış edirlər. Bəziləri iddia edir ki, məsələ sadəcə unudulub. Digərləri isə Kremlin məsələni gerçəkləşdirmək fikri olmadığını və Ermənistanın oktyabrın 10-da Avrasiya İttifaqına girə bilməyəcəyini ehtimal edirlər.
Erməni mətbuatında məsələ ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Məsələn, erməni şərhçi Akop Badalyanın yazdığına görə, bu məsələ Minskə səfəri gözlənən Azərbaycan XİN başçısı Elman Məmmədyarovun Lukaşenko ilə anlaşmasından qaynaqlanır. Şərhçinin iddiasına görə, Lukaşenko onu qəbul edərək söz verib ki, Azərbaycanı bütün mümkün və qeyri-mümkün üsullardan istifadə edəcək.
"Yəqin ki, Ermənistanın İttifaqa daxil olması məsələsi də istisna olmayacaq. Ona görə də oktyabrın 10-da Minskdə sammitdə prosesin necə cərəyan edəcəyini təsəvvür etmək çətin deyil. Təxminən 29 may senarisi təkrar olunacaq",- deyə Akop Badalyan vurğulayır.
Politoloq Elşən Həsənovun sözlərinə görə isə Minsk sammitində Azərbaycanın maraqlarına uyğun heç bir məsəolə müzakirə olunmayacaq: "Qarabağ münaqişəsi ilə bağlı məsələyə də toxunulmayacaq. Ənənəvi olaraq rəsmi Bakı tərəfindən bu münaqişə və erməni işğalçılığı gündəmə gətirilə bilər. Amma yenə də üzərindən keçiriləcək. Bilirsiniz, artıq bu qurumun fəaliyyətinin heç bir perspektivi görünmür və qəbul edilən qərarların da çəkisi yoxdur. Sadəcə bu qurum da Kreml tərəfindən idarə olunduğundan Putin çətin durumda qaldığından təcili sammitin keçirilməsi təşəbbüsündədir. Mənə elə gəlir ki, sammitdə Ukrayna məsələsi daha çox müzakirə obyekti olacaq. Ermənistana gəldikdə isə, sözsüz, işğalçı ölkə Avrasiya İttifaqına qəbul olunacaq".
Bu ərəfədə narahatlıq doğuran məqam isə Minskdə növbəti zirvə görüşün keçirilməsi ərəfəsində Ermənistanda səfərdə olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sədri Nikolay Bardyujanın Azərbaycan-Ermənistan təmas xəttinə baş çəkməsidir.
"Ria Novosti" xəbər verir ki, KTMT sədrini erməni müdafiə naziri Seyran Ohanyan müşayiət edib.
N.Bardyuja sərhəddə yerləşən döyüş postlarındakı vəziyyətlə tanış olub. Qeyd edək ki, Nikolay Bardyuja ilk dəfədir ki, Ermənistan-Azərbaycan sərhədinə gəlib.
Bu səfər son proseslər baxımından diqqət çəkir. KTMT hazırda Moskvanın da o qədər əhəmiyyət vermədiyi təşkilatdır. Belə ki, Kreml qurumun NATO-ya alternativ olmadığını düşünür. Bu üzdən də Avrasiya İttifaqı çərçivəsində yeni bir hərbi ittifaq yaratmaq niyyətindədir. Lakin İrəvan üçün KTMT "saman çöpünü" xatırladan "xilas yolu"dur. Belə ki, bu ölkənin müharibə ola biləcəyi təqdirdə hüquqi müstəvidə güvənə biləcəyi əsas təşkilat KTMT-dir. Hətta Kremlin bir müddət öncə "Azərbaycanla Ermənistan arasında müharibə olarsa, KTMT müdaxilə etməyəcək" açıqlaması Ermənistanda təşvişlə qarşılanmışdı.
Politoloq Elxan Mehdiyev Bordyujanın sərhəd bölgəsinə səfərinin böyük əhəmiyyət daşımadığı qənaətindədir: "Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğu üçün Nikolay Bordyujanın bölgəyə gəlməsi əlahiddə bir məsələ deyil. Bu, bir iş birliyidir. Ermənistan Nikolay Bordyujanın Azərbaycan sərhədinə baş çəkməsini şişirdir. Guya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Azərbaycanın atəşkəsi pozduğu əraziləri yoxlayır. Ermənistan hökuməti bu şou ilə təşkilatın iclasında Azərbaycanın məsələsini qaldırmaq istəyir. Amma bu istək baş tutan deyil. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan Ermənistanın istəyi ilə Azərbaycanın əleyhinə hər hansı addım atmaz. Bu qurum hər zaman bəyan edir ki, üzv ölkələri MDB məkanından yox, uzaq xaricin mümkün müdaxiləsindən qorumaq üçün yaradılıb. Təşkilat heç də daxili məsələlərə qarışmağı prioritet saymır".