Avrasiya İttifaqı Ermənistana nə verəcək? Dünya

Avrasiya İttifaqı Ermənistana nə verəcək?

Ermənilərin özləri ölkələrinin müstəqilliyinin tam itirildiyini etiraf edirlər

Cavid

Minskdə Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması haqqında müqavilə imzalanıb. Mmüqaviləni Rusiya, Belarus, Qazaxıstan və Ermənistan prezidentləri imzalayıblar. Aİİ haqqında müqavilə bu ilin mayında Rusiya, Belarus və Qazaxıstanın dövlət başçıları tərəfindən imzalanmışdı. Müqavilə 2015-ci ildə qüvvəyə minməlidir.
Ermənistanın Avrasiya İttifaqına qoşulmasının bu ölkənin müstəqilliyinin tam ititirlməsi ilə nəticələnəcəyini elə ermənilərin özləri də etiraf edirlər. Xatırladaq ki, Minsk sammiti ərəfəsində Ermənistanın Avrasiya İttifaqına üzv olması müqaviləsinin imzalanmasına qarşı etiraz aksiyası keçirib. Onlar "23 illik müstəqilliyimiz nə tez qurtardı" şüarlarla və "Azad, müstəqil Ermənistan" çağırışları ilə İrəvanın Azadlıq meydanından prezident iqamətgahı istiqamətində "Putin ittifaqı" əleyhinə yürüş keçirdilər.
"Biz Ermənistan prezidentindən Ermənistanın suverenliyinə və ölkə Konstitusiyasına zıdd olan müqaviləni imzalamamağı tələb edirik. İstər prezident, istər parlament sədri yaxud baş nazirin – kim olursa olsun – ölkənin suverenliyini xətərləyən heç bir müqavilə imzalamağa haqqı yoxdur" - aksiya iştirakçısı Daniel İonisyan deyib.
Müstəqilliyi formal xarakter daşıyan Ermənistanın kənar yardımlar olmadan yaşamasının mümkünsüzlüynü bu ölkənin özündə də qəbul edirlər. Ermənistanın region ölkələrinin əksəriyyəti ilə münasibəti elə də yaxşı deyil və buna əsas səbəb onun torpaq iddialarıdır. Digər tərəfdən, bu ölkənin son dövrlərdə Rusiya ilə münasibətlərinin gərginləşməsi onun vəziyyətini daha da ağırlaşdırdı, Ermənistanı yeni sosial-iqtisadi problemlər məngənəsinə yuvarlamaqda idi. Artıq Serj Sarkisyan iqtidarına qarşı etiraz dalğası sürətlə genişlənməkdəydi. Məhz bu səbəbdən və yaranmış ağır vəziyyəti düzəltmək üçün Serj Sarkisyan uzun müddətdir ölkəsinə dəvət etdiyi Rusiya prezidentinin ayağına özü getməli oldu. Bununla da Ermənistan Avropa İttifaqı ilə assosiasiya müqaviləsi bağlamaq, azad və geniş əhatəli ticarət əlaqələri yaratmaq, Avratlantik məkana inteqrasiya şansının üstündən xətt çəkdi.
Elə bu səbəblərdən Ermənistanın bu addımı elə bu ölkənin özündə insanların etirazına səbəb oldu. Baş verənlər fonunda Ermənistana Qərbin yardımları dayanacaq. Çünki bu yoxsul ölkənin sakinlərinə az da olsa, rifah vəd edən xarici siyasətdə qərbyönümlü kurs dağılıb. Avrasiya və Gömrük İttifaqına daxil olmaqla Ermənistan qərbyönümlü kursdan artıq birdəfəlik imtina etdiyini göstərib.
Çünki forpost ölkənin təhlükəsizliyinə əsas zəmanət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Rusiyanın Ermənistanda hərbi bazasının mövcudluğudur. Əgər Rusiya Ermənistandan getsə, İrəvan işğalçılıq siyasətinə görə cavab verməli olacağını və üzləşəcəyi reallıqları anlayır.
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Rusiyada rus dilində çıxan "Nuhun gəmisi" qəzetinə müsahibəsində deyib ki, Ermənistan iqtisadiyyatı böyük neqativ gözləntilər zolağına daxil olub. O bildirib ki, Ermənistan iqtisadiyyatının indiki vəziyyəti və gələcək perspektivləri haqda optimist düşünməyə onun nə daxili, nə də xarici əsasları yoxdur: "Əksinə, son vaxtlar qlobal iqtisadiyyata yeni təhlükələr çıxıb. Qərbin və Rusiyanın qarşlıqlı sanskiyaları dünya iqtisadiyyatına necə təsir edəcək, buna Rusiya iqtisadiyyatı necə reaksiya verəcək, bütün bunlar nə qədər davam edəcək - bunların təsirini hələ qiymətləndirmək lazımdır. Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmağı onun İran və Gürcüstanla ticarətinə necə təsir edəcək? Bu da məlum deyil".
Köçəryan "bəs nə etmək lazımdır" sualına cavabında deyib ki. iqtisadiyyatı sağlamlaşdırmaq lazımdır.
Öz hakimiyyəti dövründə oliqarxları görünməmiş dərəcədə gücləndirən Köçəryan indi deyir ki, iqtisadiyyatı monopoliyalardan azad etmək, nüfuzlu məmurların və qohumlarının iştahının qabağını kəsmək lazımdır: "Bunsuz mümkün deyil. Cəmiyyətə aydın siqnal vermək lazımdır ki, işgüzarlıq arzuolunandır və dəstəklənəcək. Şəxsi maraqları bir neçə illiyə arxa plana keçirmək lazımdır, bu maraqları unutsalar, lap yaxşıdır".
Eks-prezidentin orijinal təklifləri də var: "İş həftəsini də çoxsaylı "mereloslarla" deformasiya etməyə son qoyulmalıdır" ("merelos" – ermənilərdə bazar ertəsinə düşür və həmin gün ölənlərin xatirəsi yad olunur-red.) .
Köçəryanın fikrincə, bu iş rejimini "ölkəyə sırıyıblar və bu, tormozlayıcı rejimdir, sürətləndirici yox".
Sabiq milli təhlükəsizlik naziri, "Concord" analitik mərkəzinin rəhbəri David Şahnazaryan isə Ermənistanın Rusiya himayəsi altında yaranan alyansa daxil olmasını demokratik təsisatların təsbitinə təhlükə adlandırır. Onun fikrincə, seçkilər əvvəlki kimi formal xarakter daşıyacaq, korrupsiya sistemi ləğv edilməyəcək.
Millət vəkili, iqtisadçı Vahid Əhmədovun fikrincə, Ermənistan faktiki olaraq artıq Avrasiya İqtisadi İttifaqındadır: "Qalır bu məsələni hüquqi cəhətdən təsdiqləmək. Düşünürəm ki, bu baş verəcək. Çünki Ermənistan faktiki olaraq dövlət deyil. Bu Rusiyanın müstəmləkəsidir. Ermənistanın əsas fondları Rusiya tərəfindən alınıb. Bu ölkənin iqtisadi durumunun nə yerdə olduğu sizə məlumdur. Ona görə də hesab edirəm ki, Ermənistan Aİ-yə onsuz da nə vaxtsa daxil olacaqdı. Bu təşkilata üzvlük Ermənistana heç nə verməyəcək. Ermənistan Dağlıq Qarabağ məsələsini həll edə və Azərbaycanla razılığa gələ bilməyəndə çox şeyi itirdi. Ermənistan faktiki olaraq 1993-cü ildən etibarən gerçəkləşən və gerçəkləşməsi nəzərdə tutulan layihələrdən kənarda qaldı. Görün Gürcüstan bu layihələrdən necə istifadə etdi. Baxın görün Gürcüstan necə yaşayır və Ermənistan nə gündədir. Ona görə də bu ölkənin Avrasiya İqtisadi İttifaqına daxil olacağı təqdirdə heç nə dəyişməyəcək. Ermənistanda Rusiya qoşunlarının bazası var. Gümrüdə böyük rus hərbi bazası mövcuddur. Bu bazadan istənilən an digər dövlətlərə qarşı istifadə edə bilərlər. Bu əsas səbəbdir. İkinci səbəb ondan ibarətdir ki, Ermənistan, qeyd etdiyim ki, faktiki olaraq Rusiyanın müstəmləkəsidir. Bu ölkənin prezidenti müstəqil siyasət aparmır. O, Rusiyanı razı salacaq siyasət aparır. Ermənistan Aİ üçün yük olacaq. Baxən görün bir, Ermənisyanın nəyi var? Mən başa düşürəm Qazaxıstan, Orta Asiya. Avrasiya İqtisadi İttifaqında Ukrayna böyük əhəmiyyət kəsb edə bilərdi. Ukrayna buraya daxil olsaydı, bu ittifaq çox güclü olacaqdı. Ancaq Ermənistanın bu ittifaqa daxil olması heç hiss olunmayacaq. Bu ölkələr böyük təcrübəyə malikdirlər. Onlar Ermənistanın nə olduğunu yaxşı bilirlər. Onlar bilirlər ki, Ermənistan çox kasıbdır, bu ölkənin əhəmiyyət kəsb edəcək bir şeyi yoxdur. Bu ölkələr Ermənistanın dünyada söz sahibi olmadığını gözəl başa düşürlər. Son 23 il ərzində mən Ermənistan prezidentinin öz fikrini söyləməsinin şahidi olmamışam. Çıxış etməzdən əvvəl o, fikirlərinə Rusiyada necə yanaşılacağını düşünür, onun çıxışı Moskvada necə qiymətləndiriləcək. Bizdə isə tam əksinədr. Azərbaycan Prezidenti dünyada söz sahibidir, o, sözünü deyir, onun özünün istiqaməti, öz xarici siyasət kursu var. Bizdə belə problemlər yoxdur".
"Ermənistanın Aİ-yə daxil olması onun özünə nə kimi xeyir verəcək" sualına cavabında millət vəkilib bildirib: "Ermənistanın özü də Aİ-yə daxil olmaqdan heç nə gözləmir. Aİ-nin üzvləri Ermənistanın nə olduğunu, onun imkanlarının nədən ibarət olduğunu gözəl bilirlər. Aİ-də Ermənistanı öz hərbi məqsədləri və ya təxribat üçün, sonradan isə Dağlıq Qarabağ məsələsində istifadə edə bilərlər. Bu da Azərbaycana hansısa təzyiq göstərmək üçün edilə bilər. Lakin Azərbaycan Prezidenti öz fikrini artıq bildirib. Bütün büynəlxalq təşkilatlar bəyan ediblər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Dağlıq Qarabağ isə Azərbaycanın tərkib hissəsidir. Ermənistanın Aİ-yə daxil olması nə Ermənistanın özünə, nə də təşkilata heç bir fayda verməyəcək".