Tehranda 3 türk dil haqları fəalı həbs edilib Dünya

Tehranda 3 türk dil haqları fəalı həbs edilib

Tehranda fəaliyyət göstərən türk dil haqları fəalları Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı iyulun 21-də Tehranda nəzarət altına alınıblar. İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi onların iş yerlərində İranın polis qüvvələri tərəfindən saxlanıldığını bildirib.
Fəalların hansı səbəblərə görə tutulduğu barədə məlumat yayılmayıb, lakin hər üç fəal dil hüquqları uğrunda fəaliyyətləri üzündən daha əvvəl 2 il həbs və əlavə olaraq ölkənin türk əhalisi olmayan bölgələrində 2 il sürgün cəzasına məhkum olublar. Tehran Apellyasiya Məhkəməsi 2019-cu ilin dekabr ayında Əlirza Fərşi, Behnam Şeyxi, Həmid Mənafi və Əkbər Azadın kassasiya şikayətinə baxmışdı. Keçən yanvar ayında məhkəmə tərəfindən fəalların hər birinə qarşı 2 il həbs və əlavə olaraq 2 il sürgün cəzası çıxarıldı.
Bu fəallar bir neçə digər fəalla bərabər 2014-cü ilin fevral ayında Tehran vilayətinin Baharistan şəhərində Ana Dili Gününü qeyd etdikləri zaman nəzarət altına alınmışdılar. Əlirza Fərşi həmçinin keçən yanvar ayının 8-də təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb və tərqibən üç ay sonra 400 milyon tümənlik zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.
Yeri gəlmişkən, İranda Azərbaycana dəstək mitinqlərində tutulanların sayı artıb.
Hüquq müdafiəçiləri iyulun 16-da İran Azərbaycanı və Tehranda təşkil edilən Azərbaycan Respublikasına dəstək mitinqləri ilə bağlı saxlanılanlardan daha neçə nəfərin adını yayıb.
“Amerikanın Səsi”nin bölgədə fəaliyyət göstərən insan haqları fəallarından əldə etdiyi məlumata əsasən, iyulun 16-da Ermənistanın Tehrandakı səfirliyinin önündə Həmid Cabbarlıdan əlavə Hüseyn Şəhidi, Hadi Əlişi və Yaqub Məcidi də nəzarət altına alınıblar. Həmid Cabbarlının Tehranın Evin həbsxanasına göndərildiyi, digər üç nəfərin isə zəmanət qarşılığında sərbəst buraxıldığı bildirilir.
Həmçinin Azərbaycan Respublikasının Təbrizdəki Konsulluğu önündə tutulan türk fəallardan Məqsud Fəzlinin də adı bəlli olub. Yasəmin Zəfəri, Həkimə Əhmədi, Rəhim Sasaniyan, Sədullah Sasaniyan və Məqsud Fəzli Təbrizin mərkəzi həbsxanasına göndəriliblər.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi Azərbaycan Respublikasına dəstək mitinqləri ilə bağlı Təbriz, Urmiyə və Tehranda tutulanlardan 15 nəfərin adını yayıb. Saxlanılanlardan beşi zəmanət qarşılğında sərbəst buraxılıb. Urmiyədə tutulan fəallardan Şiva Mücərrəd, Salar Tahir-Afşar və Fərid Xurşidinin şəhərin mərkəzi həbsxanasında saxlanıldığı bildirilir.
Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmaların ardınca iyulun 16-da milli fəallar Azərbaycan Respublikasının Təbrizdəki Konsulluğu və Ermənistanın Tehrandakı səfirliyinin önündə, həmçinin Urmiyə və Ərdəbil kimi şəhərlərin bəzi meydanlarında Azərbaycan Respublikasına dəstək mitinqləri keçirməyə cəhd etdilər. Yayılan məlumata əsasən, bəzi fəallar mitinqlərə qatılmağa çalışdıqları zaman, bəziləri də təhlükəsizlik qurumuna çağırıldıqdan sonra nəzarət altına alınıb.