“Gürcüstanda erməni problemi qabarıq olaraq gündəmdədir” Dünya

“Gürcüstanda erməni problemi qabarıq olaraq gündəmdədir”

Zəlimxan Məmmədli: "Hətta Gürcüstanın əhəmiyyətli hissəsini xülya olan Böyük Ermənistan kimi görürlər"

Əlibala Əsgərov: "Gürcüstan hakimiyyəti Qərbdən gələn mesajlarla hərəkət edir"

Mübariz Göyüşlü: "Bu Gürcüstanın ikiüzlülüyündən irəli gəlir"

İlqar Altay: "Ola bilsin, xristian birliyi faktoru və ya beynəlxalq erməni lobbiçilyi yeni Gürcüstan rəhbərliyinə təsir edib"

Azərbaycanın dövlət olaraq Gürcüstana verdiyi dəstək hamıya bəllidir. Amma bütün bunlar demək olar ki, qarşılıqsızdır. Hətta bu yardımlara rəğmən tam əks münasibət görürük. Gürcüstanda yaşayan ermənilərə münasibət belə azərbaycanlılara münasibətdən daha yaxşıdır. Bunun səbəbi nədir? Azərbaycanın hesabına mövcudluğunu qoruyub saxlayan Gürcüstan hansı səbəblərdən beynəlxalq tədbirlərdə erməniləri dəstəkləyir? Gürcüstanın bu ölkədə yaşayan azərbaycanlılardan daha çox ermənilərə qayğı göstərməsinin səbəbi nədir?
Gürcüstanda fəaliyyət göstərən Qeyrət Xalq Hərəkatının sədri Əlibala Əsgərov bildirdi ki, Azərbaycan-Gürcüstan münasibətlərində Azərbaycanın etdiyi güzəştlərdən sui istifadə olunur. Əks təqdirdə Gürcüstan Azərbaycana qarşı bu mövqedə olmazdı. Digər tərəfdən Gürcüstan hakimiyyəti Qərbdən gələn mesajlarla hərəkət edir. Azərbaycan Gürcüstanla əsasən iqtisadi sahədə əməkdaşlığa üstünlük verir. Azərbaycanlıların məskunlaşması və digər məsələlər ikinci dərəcəlidir. Bu səbəbdən də ermənilərə bizdən daha artıq qayğı göstərilir. Biz, həmişə deyirdik ki, bütün münasibətlərdə Borçalı bölgəsi əsas faktor kimi götürülsün, amma belə olmadı".
"Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli "düşünmürəm ki, Gürcüstanın mövcudluğu yalnız Azərbaycandan asılıdır",-deyə bildirdi: " Dövlətlər qarşılıqlı mənfəətə əsaslanan əməkdaşlığa üstünlük verirlər. Azərbaycanın da Gürcüstandan asılı olduğu xeyli məqamlar var. Mən hələlik Gürcüstanın Azərbaycanın milli maraqlarını təhdid edən hər hansı layihəyə səs verdiyini görməmişəm. Amma Gürcüstanda erməni problemi qabarıq olaraq gündəmdədir. Hətta Gürcüstanın əhəmiyyətli hissəsini xülya olan Böyük Ermənistan kimi görürlər. Gürcüstan siyasi, ictimai, iqtisadi həyatında saxta gürcü şinelinə girmiş ermənilər mühüm rol oynayır və bunun Gürcüstan üçün qorxu olduğunu dərk edən gürcülər çoxalmaqdadır. Gürcülərin türk dünyasına yanlış olaraq ifrat ehtiyatlı yanaşmaları da buna şərait yaratmaqdadır. Mən bunu Borçalı Cəmiyyətinə münasibətdə zaman-zaman hiss etməkdəyəm. Beynəlxalq aləmdə də bəzən ermənilərin üstünlük qazanmasının kökündə həm də mənfi hədəflərə və saxta ideologiya azarı ilə zəhərlənmiş təşkilatlanmalarıdır. Ermənilər sadaladığım faktorlardan istifadə edərək istədiklərini qanun çərçivəsində ala bilirlər. Bizim isə buna oxşar heç bir təşkilatlanma, hədəflənmə ənənəmiz yoxdur. Azərbaycanın qonşu ölkələrdə yaşayan soydaşlarımıza yönəlik siyasəti ilə korrektə edilməlidir".
"Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü vurğuladı ki, Gürcüstan dövləti Azərbaycan vasitəsilə demək olar ki öz mövcudluğunu saxlayır: "Amma gürcülərin ermənilərə yönəlik siyasəti hər zaman daha güclü olub. Bu da onların ikiüzlülüyündən irəli gəlir. Hesab edirəm ki Azərbaycan dövləti bu məsələni zaman-zaman Gürcüstan dövləti qarşısında qoymalıdır. Narazılığımızı, qarşılaşdığımız siyasi oyunbazlığı onların diqqətinə çatdırmalı və lazım gələrsə sıxışdırmalıyıq. Hesab edirəm ki Azərbaycan hökuməti bu işdə çox aktiv olmalıdır, tələbkar olmalıdır, heç bir halda gürcü tərəfinə güzəştə getməməlidir". Onun fikrincə, Gürcüstanın ermənilərə olan qayğısı əslində onun ermənilərdən qorxmasının məntiqi nəticəsidir: "Gürcüstan dövləti rəsmən orada yaşayan erməni vətəndaşlarından qorxur, ehtiyat edir. Səbəb onların mükəmməl şəkildə təşkilatlanmasıdır. Azərbaycanlılara münsaibətdə gürcü tərəfinin saymayazyana siyasəti mövcuddur. Çünki orada yaşayan soydaşlarımız arasında nəinki mükəmməl təşkilatlanma var, əksinə bir çox hallarda parçalanmış fəaliyyətlər görürük. Hesab edirəm ki, bu işdə də Azərbaycan hökuməti, Diasporla İş üzrə Dövlət Komitəsi və oradakı səfirliyimiz aktiv olmalıdırlar. Onların passivliyinin nəticəsidr ki soydaşlarımız təşkilatlana bilmirlər. Yəni Gürcüstandakı soydaşlarımızın fəaliyyətinə cavabdehlik daşıyan qurumlarımız lazımi təşkilatlara və şəxslərə dəstək verməkdənsə heç aidiyyatı olmayan qurumlara və şəxslərə dəstək verirlər ki bu da nəticədə ciddi problemlərə gətirib çıxarır. Ona görə də biz bu məsələdə daha çox çalışmalıyıq".
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay bildirdi ki, Gürcüstanın üç Qafqaz dövlətindən biri olaraq, tarixən qalan iki qonşu - Azərbaycan və Ermənistanla müəyyən bağlılıqları olub və bu gün də var: "Lakin, müstəqillik əldə etdikdən sonra tarixi zərurət və yaşam ehtiyacı bu ölkəni Azərbaycanla daha sıx balantıya məruz qoydu. Təbii resursları olmayan Gürcüstanın ilk iqtisadi çətin dövründə, həm də Rusiyanın sərt təzyiqləri və blokadası zamanı Azərbaycan bir yaxın qonşu kimi ona əl uzatdı, arxa durdu. Xüsusən də, Gürcüstanın keçmiş rəhbərləri ölkələrinin xilas strategiyasını qonşu, imkanlı Azərbaycan hesabına məharətlə qura bildilər. Zamanında Şverdnadze Heydər Əliyevlə, Saakaşvili isə İlham Əliyevlə sıx dostluq əlaqələri qurmaqla buna nail oldular. Bu yaxın dostluq münasibəti həm də hər iki ölkə üçün xeyirli oldu. Rusiyanın hır iki ölkəyə yaratdığı separatçılıq probleminə qarşı duruşda və Azərbaycanın böyük təbii resurslarının Gürcüstan ərazisindən Avropaya çıxarılması məsələsində qarşılıqlı faydalı əməkdaşlıq şəraiti yaratdı". O, həmçinin əlavə etdi ki, bu gün Gürcüstanda yeni hakimiyyət, hökm sürür: "Açıq görünür ki, əvvəlkilərlə nisbətdə Gürcüstanın yeni prezidenti Azərbaycana və onun rəhbərliyinə doğru həmin isti addımları atmır. Hətta bu soyuqluq son zamanlar ölkənin Ermənistana yaxınlaşması və bir sıra beynəlxalq tədbirlərdə onu dəstəkləməsi ilə də müşaiyət olunur. Eləcə də hiss olunur ki, bu ölkədə yaşayan ermənilərə daha çox qayğı var, nəinki oradakı azərbaycanlılara. Halbuki, Gürcüstsnın Rusiya ilə ən kritik münaqişə dövründə ermənilər Cavaxetiya bölgəsində təxribatçı iğtişaşlar törədib, oradakı 500 mindən çox azərbaycanlı Bakının siyasətinə uyğun olaraq Gürcüstan dovlətçilyini müdafiə etdi. Bu gün, ola bilsin, xristian birliyi faktoru və ya beynəlxalq erməni lobbiçilyi yeni Gürcüstan rəhbərliyinə təsir edib. Ancaq düşünürəm ki, Gürcüstanın bu günkü mövqeyi ötəridir. Çünki, bir ölkənin siyasətini səhv olaraq şəraitin və xalqın tələbindən fərqli qurmaq çox davam edə bilməz. Qısa dövrdə zaman və şəraitin sərt tələbi önündə qonşu Gürcüstanın rəhbərləri, rəsmi və ictimai nümayəndələri yenidən Azərbaycana ayaq açıb isti həmrəylik münasibətlərinə ehtiyaclarənı bildirəcəklər".

Əli