İraqda terrorun dəhşətli statistikası Dünya

İraqda terrorun dəhşətli statistikası

İraqda son altı il ərzində 65 min partlayış törədilib. SalamNews-un "Al Arabiya"ya istinadla verdiyi xəbərə görə, bu barədə Britaniyanın "The Guardian" qəzetinin hazırladığı statistikada deyilir.
Statistikaya əsasən, İraq prezidenti Səddam Hüseynin devrilməsindən indiyədək ölkənin bütün şəhər, rayon və məhəllələrində terror aktları törədilir. İndiyədək açıqlanan statistikalarda İraqda terror aktları nəticəsində ölənlərin sayının hər hansı bir müharibə qurbanlarının sayından daha çox olduğu bildirilir.
S.Hüseynin devrilməsindən 2009-cu ilədək İraqda törədilən terror aktlarında 109 min 32 nəfər həlak olub ki, onların 66 mini mülki şəxslərdir. Ölkə şəhərləri arasında paytaxt Bağdad daha təhlükəli olub, belə ki sözügedən müddət ərzində terror aktları burada 45 min nəfərin həyatına son qoyub, 176 mindən çox insan isə yaralanıb. 2004-cü ilin əvvəllərindən 2009-cu ilin sonlarınadək ordu və polis 44 min 620 bombanı vaxtında zərərsizləşdirə bilib, lakin 65 min bomba üçün bu, mümkün olmayıb. Bu müddət ərzində ən təhlükəli ay 2007-ci ilin may ayı olub; təkcə bu ayda 2080 bomba partladılıb.
İraqda terror dalğası təkcə 2010-cu ildə təlatümlü olmayıb. 2011-ci ildən indiyədək, xüsusilə cari ildə isə İraq şiddətli və intensiv terror aktları ilə yanaşı, irimiqyaslı döyüşlərə də səhnə olub.