“Türkiyə hər zaman barış, sülh deyir” Dünya

“Türkiyə hər zaman barış, sülh deyir”

“Əslində Şərqi Aralıq dənizində gedən geopolitik oyunun mahiyyətinin bəsit formasını ifadə etsək, güclənən Türkiyənin önünü kəsmək istəyi var. Son illər Türkiyə istər Suriya, istərsə də Liviya məsələsi olsun, təşəbbüsü ələ ala bilən, yumruğunu masaya vuran və sözünü deyən ölkəyə çevrilib. Əlbəttə, bura Qafqaz regionunu da əlavə etmək olar. Yəni əvvəlki illərlə müqayisədə daha iradəli və güclü bir Türkiyə var”.
Bunu Türkiyədə yaşayan siyasi şərhçi, professor Toğrul İsmayıl bildirib.
Onun fikrincə, Aralıq dənizində Liviya həmləsi ilə edilən və BMT-nin süzgəcindən keçən saziş qəfildən Ankaranı Aralıq dənizində əsas oyunçu halına gətirdi. Əvvəl də Türkiyəni Aralıq dənizində küncə sıxışdırmaq kimi cəhdlər var idi, amma bunlar nisbətən kiçik həmlələr idi, eyni zamanda adalar səbəbindən sistemli olaraq Yunanıstanla belə problemlər yaşanırdı. Ancaq indiki həmləyə baxdıqda faktiki beynəlxalq qayda və hüquq pozulur, silah-sursat toplanması qadağan olan adalar sistemli şəkildə silahlandırılır. Əslində bu, Türkiyəni savaşa təhrik etməkdir: “Fransanın ortaya atılması, Şərqi Aralıq dənizinə helikopter, daha sonra gəmilər göndərməsi ortadadır. Hətta Türkiyənin Liviya həmləsindən sonra Fransa NATO tədbirlərinə qarışmadı. Yunanıstan Misirlə anlaşmağa çalışır, İsrailin addımlarına baxdıqda bölgədə ciddi oyun gedir.
Əlbəttə, Türkiyə üç tərəfdən dənizlə əhatə olunan ölkədir. Vətən yalnız torpaq parçası deyil, dənizlərdə sənin payına düşən məhəlli sular da vətənin bir parçasıdır. Bu da beynəlxalq hüquqla tənzimlənən məsələdir. Bu mənada Türkiyə öz haqqını qorumaq üçün “Mavi Vətən” məsələsini gündəmə gətirib. Yeri gəlmişkən, belə problemlə Azərbaycan da üzləşib. Xəzər ətrafı ölkələr neçə illərdir ki, dənizin bölünməsi və statusu haqqında müzakirələr apardılar. Türkiyə də Aralıq dənizində geniş əraziyə malikdir. Bu sahədə də haqqını tələb edir.
Buna qarşı olmaq, Türkiyə sərhədlərinə sahib çıxmaq planları yolverilməzdir. Eyni zamanda, Yunanıstanın öz ərazisindən çox dəniz ərazisinə sahib çıxmaq niyyəti də qanunsuzdur və qəbuledilməzdir. Baxın, Qara dənizdə hər şey anlaşılıb, ortada anlaşılmazlıq yoxdur. Çünki SSRİ var idi, nəhəng dövlət idi. Ona görə qonşu ölkələrlə Qara dənizin bölünməsi həll edildi və SSRİ dağıldıqdan sonra Ukrayna, Gürcüstan, Rusiya öz sərhədlərini qəbul etdilər”.
Politoloq Rusiyanın Krımı ilhaq etməsilə bu məsələdə də problemi yenidən ortaya çıxardığına münasibət bildirib. Qeyd edib ki, rusların Krımı işğal etməsi ilə Qara dənizdə Ukrayna-Rusiya sularına dair problem yarandı. Bunun digər sahilyanı ölkələrə bir təsiri yoxdur. Şərqi Aralıq dənizində isə Yunanıstan özünə görə oyun oynamaq istəyir. Arxasında da Avropa Birliyi (AB) durur. Çox zaman dünyada Avropa Birliyinə iqtisadi layihə kimi baxırlar, amma məncə, AB geopolitik layihədir. Bunu deyərkən arqumentlər də səsləndirmək olar. Məsələn, Yunanıstanın AB-yə üzv qəbul edilməsi geopolitik addım idi. Çünki Afinanın Avropa Birliyi ilə birbaşa sərhədi yox idi. Yunanıstanın AB-yə üzvlüyü geopolitik həmlə idi və nəticədə Aralıq dənizinə daxil oldular və türk boğazlarını Yunanıstan üzərindən nəzarətə almağa çalışdılar. Bu gün baş verən hadisələr də dediklərimin davamıdır: “Bir sözlə, məqsəd Türkiyəni quru torpaqlara sıxışdırmaqdır. Diqqət etsəniz görərsiniz ki, bütün Avropa birləşərək Osmanlının Aralıq dənizində hakimiyyətini sarsıtmaq istəyiblər. Bu səbəbdən də elə ən böyük gəmi savaşı - İnəbaxdı müharibəsi baş verdi. Beləcə, bütün Avropa ölkələri təkbaşına müharibə aparan Osmanlıya qalib gələ bilmədi. İndi də eyni zehniyyət müşahidə olunur. Başqa sözlə, beynəlxalq hüquq, dənizlərin bölünməsinə dair konvensiya bir kənara atılır, ortaya əsassız iddialar qoyulur. Yeri gəlmişkən, əgər Rusiyanın kaprizli uşağı Ermənistandırsa, Avropanın kaprizli övladı da Yunanıstandır. Hazırda Yunanıstanı Türkiyənin üzərinə salıblar. Arxada da Fransa var. Almanlar isə vasitəçi olmağa çalışdı, neytral mövqe tutdu, amma sonra eqosunu saxlaya bilmədi. Məhz Fransa və Almaniya həm də 2020-ci ildə Türkiyənin AB-yə daxil olmasının qarşısını əngəllədi”.
T.İsmayıl qeyd edib ki, Türkiyə vəziyyətin gərginliyini nəzərə alaraq hər zaman barış, sülh deyir. Bu, Türkiyənin mövqeyidir. Türkiyə problemlərin müharibə ilə deyil, diplomatik imkanlar sayəsində həllini istəyən ölkədir. Amma görünən budur ki, Avropa Birliyi buna tərəfdar deyil. Əslində AB-yə üzv olmaq məsələsi daim çətin olub. Əgər bir ölkənin daxilində problem varsa, həmin ölkə birliyə üzv ola bilməz. Bu, rəsmi qaydadır. Bu səbəbdən də bir çox ölkəni AB üzvlüyünə qəbul etmirlər. Amma diqqət edin, Kiprdə problem həll edilməyib, burada iki icma var, hər bir icmanın özünə xas dövlət quruluşu yaranıb. Tərəflər arasında BMT nəzarətində görüş və dialoqlar davam edir: “Buna baxmayaraq Cənubi Kipr AB-yə üzv qəbul edildi. Yəni AB öz nizamnaməsinə zidd olaraq bu addıma getdi. Düşünməyin ki, bütün bunlar təsadüfi addımlardır.
İkincisi, beynəlxalq hüquqda 12 ada məsələsi var. Zamanında italyanlar bu adaları Türkiyəyə təhvil verməli idilər, amma vermədilər, Yunanıstana verildi. Bununla bağlı anlaşmaya görə bu adalarda hər hansı bir silahlanma həyata keçirmək, silah toplamaq olmaz. Amma Yunanıstan adaya əsgər və texnika gətirdi. AB sülhdən yanadırsa, Fransanın hərbi təyyarələrinin Cənubi Kipr Respublikasında nə işi var? Yaxud fransız hərbi gəmilərinin Türkiyəyə yaxın dənizlərdə nə işi var? Hesab edirəm ki, AB Türkiyəyə qarşı təxribat etmək, kiçik müharibə törətməklə Türkiyəni haqsız çıxarmaq niyyətindədir. Bunun arxasınca Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməsi və onu iqtisadi baxımdan çökdürmək planı gələ bilər”.
Müharibə ehtimalına gəlincə, T.İsmayıl bildirib ki, bu şərtlər daxilində hər şey mümkün görünür. Sözsüz ki, Türkiyə bir dövlət kimi öz maraqlarını qoruyacaq və diplomatik təmaslardan da vaz keçməyəcək. Eyni zamanda, rəsmi açıqlamalarda deyildiyi kimi lazım gəlsə müharibəyə də gedəcək. Mən açığını bildirim ki, dünənə qədər hüquqdan, demokratiyadan danışan dövlətlər indi bu hüquqları pozurlar. Bu cür davranışlar sözsüz ki, dünyada lokal savaşların çoxalmasına gətirib çıxara bilər:“Əlbəttə, biz münəccim deyilik, mütəxəssisik. Mütəxəssis ortada olan şərtlərə, davranışlara, hərbi vəziyyətə və digər məqamlara baxıb fikrini deyir. İndi Şərqi Aralıq dənizində olan şərtlər hərbi qarşıdurma ehtimalının yüksək həddə olduğunu göstərir. Obrazlı desək, tərəzidə əqrəbin ağırlığı savaşa doğrudur. Sözsüz ki, heç kim müharibə istəmir. Amma vətəni quru sərhədə və ya su sərhəddinə bölmək olmaz. Vətən elə quru ilə yanaşı su əraziləri ilə birlikdə vətəndir. Hər bir dövlət beynəlxalq hüquqda təsbit edilən sərhədlərini qoruyacaq. O cümlədən də Türkiyə. Hüquq hər şeydən üstündür.
Dövlətin quru, hava və dəniz sərhədi var, bunlar beynəlxalq hüquqla qəbul edilib. Quru sərhədini bir tank və 3-5 hərbçi pozarsa, bu, təhlükəli deyil. Amma hava və su sərhədini pozmaq mümkün deyil. Bəzən balıqçılar dənizlərdə bilmədən sərhədi pozur və dərhal qarşı tərəf onları həbs edir, qayıqları müsadirə olunur. Bunlar təsadüfi deyil.
Yunanıstan hazırda dənizdə məhəlli sularını 6 mildən 12 milə qədər genişləndirmək niyyətindədir. Bu addıma getmək faktiki Türkiyəyə müharibə elan etməkdir”.