“Üçlük” arasında razılıq əldə olunub Dünya

“Üçlük” arasında razılıq əldə olunub

Donbasda isə separatçılar yeni müharibə anonsunu veriblər

Cavid

Ukrayna, Rusiya və Avropa İttifaqı bu qış Rusiya qazının Ukraynaya nəqlinin bərpası barədə razılaşma əldə ediblər. Bundan əvvəl Ukraynada davam edən münaqişə əsnasında bir neçə ay idi ki, Ukraynaya qaz verilmirdi.
Avropa Komissiyasının sədri Jose Manuel Barroso Brüsseldə üçtərəfli sazişin imzalanmasından sonra deyib ki, "Avropa bu qış soyuqda qalmaq narahatlığından qurtardı".
Bu sazişin əldə edilməsi üçün danışıqlar yarımçıq qalmaq təhlükəsi ilə üzləşmişdi. Beləki, Rusiya qaz pulunu ödəməyən Ukraynanın əvəzində Avropa İttifaqından daha etibarlı qarantiya istəyirdi.
Hazırkı vəziyyətdə bu qarantiya Ukraynanın Rusiyaya qaz üçün borcunun ödənməsinə Avropanın maliyyə köməyi ola bilər. Ukraynanın baş naziri Arseny Yatseniuk deyib ki, Avropa İttifaqı Ukraynanın Rusiyaya qaz borcunu ödəməsi üçün qarant olmağa razılıq verib.
Yatseniuk deyib ki, Ukrayna Rusiyaya ilin sonunadək qazın hər min kubmetri üçün 378 dollar, 2015-ci ilin birinci rübündə isə 365 dollar ödəyəcək. Baş nazir bildirib ki, bu barədə saziş təsdiqlənən kimi Kiyev Rusiyaya olan borclarını tamamilə qaytarmaq iqtidarında olacaq.
Razılaşmaya əsasən Ukrayna 1, 45 milyard dolları dərhal, yerdə qalan 1, 65 milyard dolları isə ilin sonunadək ödəməlidir. Kiyevdən alınan xəbərlərdə deyilir ki, ölkənin Naftogaz şirkəti borclarrın ödənməsi üçün 3, 1 milyard dollar pul ayırıb.
Rusiya Avropada istehlak edilən qazın üçdə birini verir və bu həcmlərin tam yarısı Ukrayna vasitəsilə nəql olunur. Eyni zamanda qazdan gələn gəlirlər Rusiya büdcəsinin beşdə birini təşkil edir.
Bu məsələ həll olundu, qalır Ukraynada koalisiyon hökumətin formalaşdırılmasına. Ukrayna mətbuatınan verdiyi məlumata görə, Radaya keçirilən seçkilərdən sonra isə prezident Pyotr Poroşenkonun Bloku" və "Xalq Cəbhəsi" hökumətin formalaşdırılması ilə bağlı koalisiya razılaşması əldə ediblər. Yeni hökumətdə "Xalq Cəbhəsi" partiyasının sədri Arseni Yatsenyuk yenə də baş nazir olacaq. O, Nazirlər Kabinetində ciddi "təmizləmələr" apararaq, baş nazirin müavinləri postunu ləğv etməyi, ümumiyyətlə nazirlərin sayını azaltmağı planlaşdırır. Pyotr Poroşenko hökuməti isə əsas hakimiyyət institutlarını əlində saxlayacaq.
Vladimir Qroysman Ali Radanın spikeri və koalisiyanın parlamentdə çoxluq təşkil edəcək fraksiyasının rəhbəri olacaq. Bununla yanaşı, Ali Rada spikerliyinə Yuri Luçenkonun namizədliyi də gözdən keçirilir.
Beləliklə, səhiyyə naziri Olqa Boqomoleç, iqtisadiyyat naziri Viktor Pinzenik, sosial siyasət naziri Pavel Rozenko, aqrar siyasət naziri Anatoli Matvienko, təhsil naziri Sergey Kvit, maliyyə naziir Andrey Pışnoy, ədliyyə naziri Pyotr Petrenko ola bilərlər.
Nazirlər Kabineti nazirliyinə isə Ostap Semerakanın namizədliyi müzakirə olunur. Bu namizədlərlə bağlı "Pyotr Poroşenkonun bloku" və "Xalq Cəbhəsi" arasında məsləhətləşmələr davam edir. Sosial siyasət naziri postuna namizədliyi irəli sürülən Pavel Rozenko onun nazir postuna gətirilməsi ilə bağlı xəbərləri təkzib edib.
Ukrayna Mərkəzi Seçki Komissiyası səslərin 98,4 faizini hesbalayıb. "Xalq Cəbhəsi" Partiyası səslərin 22,17 faizini toplayaraq ilk pillədə qərarlaşıb. "Pyotr Poroşenkonun bloku"nun topladığı səs isə 21,82 faizdir. Növbəti pillələrdə 11 faiz səs toplayan "Samopomiç", 9,37 faiz səslə "Müxalifət bloku", 7,44 faizlə Oleq Lyaşkonun Radikal Partiyası və 5,68 faizlə "Batkivşina"dır.
Bu arada Donbasda yeni döyüş anonsu verilib - Separatçılar Mariupola hücuma hazırlaşırlar. Məlumatlara görə, separatçılar yaxın vaxtlarda Mariupol şəhərini ələ keçirməyi planlaşdırır.
Ukrayna mediasının verdiyi məlumata görə, bu barədə "Donetsk Xalq Respublikası"nın "baş naziri" Aleksandr Zaxarçenko bildirib. "Biz Mariupolla bağlı danışıqlar aparırıq. Kiyev bu məsələni sülhlə həll etmək istəmir. Biz məsələni hərbi güc vasitəsilə həll etməyə qərar verəcəyik", - deyə "baş nazir" vurğulayıb.
Bu, A.Zaxarçenkonun Kiyevə ünvanladığı ilk analoji hədə deyil. Donetsk separatçılarının lideri bundan əvvəl də Slavyansk, Kramatorsk və Mariupolu ələ keçirəcəkləri barədə xəbərdarlıq edib.
Xatırladaq, Ukrayna antiterror gücləri iyulun əvvəlində separatçıları Slavyansk və Kramatorskdan vurub çıxarıb. Avqustun sonları - sentyabrın əvvəllərində isə Mariupol yaxınlığındakı İlovaysk rayonu Rusiya qoşununun köməyi ilə ələ keçirilib. Mariupol hazırda cəbhə xətti hesab olunur.
Ukrayna Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçukun verdiyi informasiya da separatçı liderin hədəsinin əsassız olmadığını göstərir. Onun sözlərinə görə, Donetsk və Luqansk "xalq respublikaları"nda vahid "Novorossiya Ordusu"nun yaradılması ilə bağlı Moskvanın planını həyata keçirilir: "Rusiya Donbas hövzəsinə zirehli texnika və desantçıların növbəti partiyasını göndərib. Ayrı-ayrı quldur dəstələrləri "rota" və "batalyon" status alırlar. Donetskin şimal hissəsində artilleriyanın vahid nəzarət məntəqəsi işləyir. Donetsk vilayətinin Petrovski rayonuna "özünümüdafiə bölmələri" adı altında maskalanmış və fərqləndirici nişanları olmayan Rusiya hərbi bölmələri yerləşdirilir. Donbaş hövzəsinə Rusiya ordusunun motoatıcı və hava-desant bölmələrinin hərəkəti müşahidə olunur. Donetsk vilayətinin Qorlovka, Kirov və Kiyev rayonlarına Rusiyanın Cənub Hərbi dairəsinin motoatıcı briqadalarının tərkibindəki mobil taktik qruplar göndərilib".
Məlumata görə, separatçılar və Rusiya ordusunun Mariupol şəhəri ətrafında fəallığının artması müşahidə olunur. Rusiya qoşununun batalyon taktik qrupu Novoazovsk rayonu istiqamətindən Mariupol istiqamətinə yerini dəyişib. Batalyon taktik qrupunun Rusiya muzdluları ("kadırovçular", osetinlər və kazaklar), həmçinin yerli separatçılardan təşkil olunduğu bildirilir.
Əlavə edək ki, separatçılar Donetsk və Luqansk vilayətlərinin yalnız üçdə birinə nəzarət edir. Ukrayna hakimiyyətinin vəd etdiyi "xüsusi status" isə vilayətlərin bütün ərazisinə deyil, ancaq separatçıların nəzarət etdiyi ərazilərə şamil olunacaq. Separatçılar isə bununla razı deyil.
Dünən yayılan məlumatlar sırasında ABŞ-ın raket daşıyan gəmisinin Qara dənizə daxil olduğu bildirilir.
Bu barədə informasiyanı ABŞ ordusunun mətbuat xidməti məlumat yayıb. "Arli Berk" tipli gəmi NATO-nun təlimlərində iştirak edəcək.
Regionda ümumi məqsədlərə xidmət edəcək bu təlimin tərəflər arasında əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oyanaycağı bildirilir.
Rusiya prezidenti Putin isə hələ də ittihamlanmaqdadır. Litvanın "Delfi" nəşrinə müsahibəsində ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt deyib ki, Rusiya prezidenti Vladimir Putin başqa dünyada yaşayır.
"Mən Rusiyanın təbliğatından heyrətə düşmüşəm. Bu, SSRİ-ni və "soyuq müharibə" dövrünü xatırladır. Çox böyük səhvdir ki, dövlət başçısı vətəndaşlarına və qonşularına yalan danışır", - deyə M.Olbrayt bildirib.
Keçmiş dövlət katibinin fikrincə, bu cür strategiyanın yaxşı perspektivi ola bilməz: "Putin öz ölkəsini təhlükəli istiqamətə aparır. Dövlət başçısının uydurulmuş şeyləri danışması təhlükəlidir. Məni şoka salır ki, Putin SSRİ-in dağılmasını iyirminci yüzilliyin ən böyük faciəsi hesab edir. Mən Rusiya sakinləri üçün təəssüflənirəm. Onlar ən yaxşı hökmdara layiqdirlər".
ABŞ-ın Ukraynaya silah çatdırmasına gəlincə, M.Olbrayt bildirib ki, ABŞ və Ukrayna müdafiə nazirlər hazırda bu mövzunu müzakirə edirlər.
Ukraynanın Avropa Birliyinə üzvlük məsələsi isə orada gedən müharibə kimi uzanmaqdadır.
Çexiya xarici işlər naziri Lubomir Zaoralek Ujqorodda Ukrayna tələbələri tərəfindən çıxışı zamanı deyib ki, Avropa ictimaiyyəti öz siyasətçilərinə Ukraynanı Avropa Birliyinə qəbul etməyə icazə verməyəcək. Çünki bu ölkənin dövlət vəsaitləri oliqarxların ciblərinə axır.
Onun sözlərinə görə, hər il Ukraynanın dövlət büdcəsindən yüz milyonlarla dollar oğurlanır. Eyni zamanda Çexiya xarici siyasət idarəsinin başçısı əmin olduğunu bildirib ki, Ukrayna böhranı həll edilməyənə kimi Avropada vəziyyət qeyri-sabit qalacaq.
Xatırladaq ki, Ukrayna Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmanın siyasi hissəsini 21 mart 2014-cü il, iqtisadi hissəsini isə 27 iyunda imzalayıb. Sentyabrın 16-da prezident Pyotr Poroşenko assosiasiya haqqında razılaşmanın təsdiqi ilə bağlı qanunu imzalayıb. Eyni zamanda saziş Avropa Parlamentində təsdiq edilib. Razılaşmanın iqtisadi hissəsi 2016-cı ildən qüvvəyə minəcək.