Ukrayna ətrafında gərginlik artdı Dünya

Ukrayna ətrafında gərginlik artdı

Moskva "Cenevrə formatı"ndan imtina etdi, Rus hərbi aviasiyası hazırlıq vəziyyətinə gətirildi

Cavid

Rusiya Ukraynanın Şərqində vəziyyətin nizama salınması üçün Avropa Birliyi və ABŞ nümayəndələrinin iştirakı ilə keçirilməsi təklif edilən "Cenevrə formatı"ndan imtina edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Rusiya XİN-in rəsmi saytında yayılan bəyanatda Ukrayna bütün razılaşmaları kobud şəkildə tapdamaqda ittiham olunur: "Kiyevin ağır texnikanı işə salması nəticəsində ölkənin cənub-şərqində minlərlə insan həlak olub, güclü dağıntılar baş verib".
Rusiya XİN qeyd edib ki, rəsmi Kiyev real konstitusiya islahatı və xalqla dialoqa getmək əvəzinə, hansısa aydın olmayan qeyri-rəsmi manevrlərə cəhd edir: "Danışıqlar formatında məntiqi sual yaranır. Ukrayna tərəfinin əvvəlcə razılaşdırılmış məsələləri yerinə yetirməsi yaxşı olmazmı?"
Qeyd edək ki, Ukrayna tərəfi Donetskdə vəziyyəti nizama salmaq məqsədi ilə Ukrayna-ABŞ-Avropa Birliyi-Rusiyanın növbəti dəfə "Cenevrə formatı" çərçivəsində danışıqlar aparmasını təklif etmişdi. Bu formatda ilk görüş aprelin 17-də baş tutub. Görüşdə Kiyevin ölkənin şərqində hərbi əməliyyatları dayandırması haqda razılaşma əldə olunmuşdu.
Bundan başqa, Ukrayna və Rusiya Fransa ilə Almaniya xarici işlər nazirlərinin iştirakı ilə "Berlin formatı" çərçivəsində danışıqlar aparıb. Lakin bu görüşlər münaqişənin həlli ilə nəticələnməyib.
Noyabrın 4-də Ukrayna prezidenti Pyotr Proşenko ABŞ dövlət katibi Con Kerri ilə telefon danışığında "Cenevrə formatı"nın yenidən bərpa olunmasını təklif edib.
Ukraynada isə ümumi kriminoloji vəziyyət həyəcanlı vəziyyətdədir.
Bu barədə xəbərdarlığı Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko "112 Ukrayna" telekanalının efirində səsləndirib.
"Putin Ukraynaya hücum edəndən sonra ölkədə silahların sayı əhəmiyyətli dərəcədə artıb və onlardan dinc insanlara qarşı istifadə olunur. Təəssüf ki, ölkədə ümumi kriminoloji vəziyyət həyəcan doğurur. Onların əksəriyyəti isə Donbas hövzəsindən gəliblər. Demək istəyirəm ki, kriminal elementlər döyüşçülərin hakimiyyəti altında yaşamağı xoşlamırlar. Onlar Rusiyaya, ya da Ukraynanın digər regionlarına üz tuturlar", - deyə nazir məsləhətçisi vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna Daxili İşlər Nazirliyi silah və döyüş sursatlarının yerdəyişməsinə nəzarəti gücləndirib.
"Vzqlyad" qəzeti amerikalı general hazırladığı "Çətin dünyada qələbə" konsepsiyasına istinadən yazıb ki, Rusiya ərazisini genişləndirib Avrasiya qitəsində hökmranlığını qorumaq niyyətindədir.
Bu konsepsiyaya əsasən gələcəkdə rəqib güclərin arasında hərbi münaqişələr baş verməsi gözləniləndir. Bu güclər isə Çin və Rusiya, İran və Koreya Xalq Demokratik Respublikasıdır. ABŞ hərbçiləri rəqib güclərin üçüncü qrupuna transmilli terror təşkilatlarını və mütəşəkkil cinayətkarlığı, dördüncüyə isə kibertəhlükəni yazıblar.
Rusiya ordusunun və Rusiya dövlətinin Krım hadisələri zamanı hərəkətinin analiz edən Pentaqon belə nəticəyə gəlib ki, Rusiya ərazisini genişləndirib Avrasiya qitəsində öz hökmranlığını diqtə etməyə hazırlaşır.
Bu arada yayılan məlumata görə, Rus hərbi aviasiyası hazırlıq vəziyyətinə gətirilib. Obozrevatel.com xəbər verir ki, bu açıqlama ilə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası çıxış edib. Məlumatda aviasiyanın hərbi hazırlıq səviyyəsinə gətirilməsinin xüsusilə "İl 86" təyyarələrinə aid olduğu deyilib. Məhz bu təyyarələr vasitəsilə Rusiyanın Ukrayna sərhədinə qoşun və hərbi texnika daşıdığı bildirilib.