Döyüşlər yenidən qızışıb Dünya

Döyüşlər yenidən qızışıb

NATO Baltik dənizi üzərində Rusiya qırıcısını ələ keçirib

Cavid

Ukraynanın şərqində ordu qüvvələri ilə separatçılar arasında döyüşlər yenidən qızışıb. Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəsmi nümayəndəsi Andrey Lısenko açıqlama verib. Onun sözlərinə görə, hazırda ağır döyüşlər Donetsk vilayətinin Nikişino qəsəbəsində gedir. Ordu qüvvələri genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. O, bildirib ki, ordunun hücumları nəticəsində separatçılara ağır zərbə endirilib.
Lısenkonun sözlərinə görə, döyüşlər zamanı 23 separatçı öldürülüb, 27-si isə yaralanıb.
Separatçılar bunun əvəzini Donetsk hava limanına hücum etməklə çıxmaq istəyiblər. Lakin hücumların qarşısı alınıb. Lısenko açıqlama verib ki, son 24 saat ərzində isə Ukrayna ordusu 6 əsgərini itirib, 9 əsgər isə ağır yaralanıb.
Daha sonra Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin rəhbəri Andrey Lısenko Kiyevdə keçirdiyi brifinqdə bildirib ki, Ukrayna ordusu mümkün tammiqyaslı müharibəyə hazırlaşmaqda davam edir.
Jurnalistin "Rusiya ilə tammiqyaslı müharibə mümkündürmü" sualına cavab olaraq A.Lısenko qeyd edib ki, Ukrayna hərbçiləri vəziyyətin istənilən inkişafına, həmçinin təcavüzə hazır olmalıdır: "Bunun üçün artıq müdafiənin birinci xətti hazırlanıb. Hərbi bölmələrimiz gücləndirilib və müdafiənin əlavə texniki vasitələri konservasiyadan çıxarılıb. İnsanların əlavə bölmələri hazırda aktiv ehtiyatdadır və istənilən istiqamətdə irəli hərəkət etməyə hazırdır".
Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko da Almaniyanın "Bild" nəşrinə müsahibəsində Ukrayna ən pis ssenarilərə, həmçinin Rusiya ilə müharibəyə hazır olduğunu deyib.
Dövlət başçısı Ukrayna ordusunun beş ay əvvəlki ilə müqayisədə əhəmiyyətli dərəcədə yaxşı vəziyyətdə olduğunu deyib: "Bundan başqa, bütün dünya bizi dəstəkləyir. Bizim əsgərlərimiz göstərdilər ki, öz ölkəsini qorumağı bacarırlar. Ukrayna yalnız sülh istəyir, amma təəssüf ki, ən pis ssenarilərə baxmağa məcburuq. Mənim ölkəmdə minlərlə Rusiya hərbçisi, yüzlərlə tankı və ağır artilleriya sistemi var. Dünyanın ən böyük ordulardan biri bizi və bütün Avropanı hədələyir".
O da bildirilib ki, Donbas hövzəsində separatçılar Minsk protokolu ilə müəyyən olunan ayrılma xəttini 20-30, bəzi yerlərdə isə70 kilometr irəli çəkib. Unian.net saytının verdiyi məlumata görə, bu barədə Ukraynanın xarici kəşfiyyat xidmətinin keçmiş sədri, Ukraynanın ordu generalı Nikolay Malomuj bu gün Kiyevdə keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, separatçılar və Rusiya qoşunları bundan başqa ən azı 6 strateji obyekti tutmağı planlaşdırır.
"Biz Rusiyanın yeni strateji obyektlərin tutulması haqqında planlarından xəbərdarıq. Bunlar Donetsk aeroportu, həmçinin Peski, Avdeyevka, Sçaste, Debaltsevo və Mariupol yaşayış məntəqələridir. Bu obyektlər Rusiya qoşunlarının birbaşa hədəfindədir", - deyə ukraynalı general vurğulayıb.
O, qeyd edib ki, Rusiyadan Donbas hövzəsinə canlı qüvvə və hərbi texnikanın çatdırılması ötən həftə daha geniş şəkil alıb.
Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş sədri, ordu generalı Nikolay Malomuj isə bildirib ki, Ukrayna hökumətində Rusiyanın yeni planları ilə bağlı məlumatlar var.
"Biz Rusiyanın və separatçıların planları haqqında bilirik .Onlar yeni strateji obyektləri tutmaq istəyirlər. Bu Donetsk aeroportu, Peski, Avdeyevka, Şastiya, Debalçevo, Mariupol yaşayış məntəqələridir. Onlar Rusiya hərbi texnikasının nişangahı altındadır. Bütün Rusiyanın hərbi texnikası, xüsusi təyinatlıları adıçəkilən istiqamətlərdə toplanır", - deyə Malomuj bildirib.
Qeyd edək ki, ordu generalının sadaladığı məntəqələr Ukraynanın şərqində əsas strateji məkanlardan biridir. Separatçılar uzun müddətdir ki, bu məntəqələri ələ keçirməyə çalışırlar.
NATO isə Baltik dənizi üzərində Rusiya qırıcısını ələ keçirib. Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-27 qırıcısı yenidən Latviyanın hava boşluğuna daxil olub və NATO hərbi aviasiyası tərəfindən yaxalanıb.
Son aylar Rusiya hərbi təyyarələrinin NATO-ya üzv ölkələrin hava boşluğuna və Avropa səmasında uçuşlar həyata keçirərək təhlükəsizlik qaydalarını pozması haqqında xəbərlər yayılırdı.
Latviya Müdafiə Nazirliyinin məlumatına görə, Su-27 qqırıcısı Baltik dənizi üzərində, Latviya ərazisində tutulub.
Qeyd edək ki, noyabrın 16-da NATO baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya hərbi təyyarələri Avropanın sərnişin laynerləri üçün təhlükə yaradır.
İsveç mətbuatı Rusiya hərbi təyyarəsinin İsveçin hava boşluğunda aşkar edildiyini yazıb. İsveç hökuməti bu xəbərləri təkzib edərək, təyyarənin Fransa Hərbi Hava Qüvvələrlərinə aid olduğunu bildirib.
Avropa Birliyi xarici işlər nazirləri isə separatçlıara qarşı sanksiyaları artırmaq üçün hərəkətə keçib. AB ölkələrinin xarici işlər nazirləri Brüsseldə noyabrın 17-də keçirilən toplantıda Ukraynanın şərqindəki separatçılara qarşı yeni sanksiyaya razılaşıblar.
Avropa Birliyi diplomatlarının məlumatına görə, Brüsseldə görüşən xarici işlər nazirləri Avropa Birliyi rəsmilərindən yeni sanksiyalara daha çox separatçının adlarının salınması, onların hesablarının dondurulması və səyahət qadağası qoyulmasını xahiş edib.
Qeyd edək ki, Avropa Birliyinin əlavə sanksiyalarının Rusiyaya təsiri olacağı müşahidə edilmir.