Rusiya böyük itki verib Dünya

Rusiya böyük itki verib

Ukraynaya qarşı döyüşən rus əsgərlərinni Putinə qarşı üsyana hazırlaşdığı barədə iddialar irəli sürülüb

Cavid

Donetskdə rus separatçılarla Ukrayna ordusu əsgərləri arasında qızğın döyüşlıər gedir. Ukrayna mətbuatının yazdığına görə, Donetsk aeroportunu ələ keçirməyə çalışan Rusiya xüsusi təyinatlı bölmələri böyük itki verib. Bu barədə antiterror qərargahının "Facebook" səhifəsində deyilir.
Məlumatda bildirilir ki, separatçılar ötən gün ərzində toplar, minaatanlar və reaktiv yaylım atəş sistemlərini tətbiq edərək antiterror güclərinin mövqelərinə 41 dəfə hücum edib. Separatçıların fəallığının həmçinin Debalsevo və Mariupol istiqamətlərində qeyd alındığı deyilir.
"Quldurlar Donetsk aeroportuna hücum etməkdə davam edirlər. Hücuma Rusiya xüsusi təyinatlı dəstələrinin hərbçiləri cəlb ediliblər. Bizim uşaqlarımız rəqibin hücumunun növbəti dəfə dəf edib. Rəqib böyük itkilərlə geri çəkilib", - qərargahdan deyilir.
Xəbərdə ərazidə vəziyyətin tamamilə Ukrayna ordusunun nəzarəti altında olduğu bildirilir.
Yerli jurnalistlər və hüquq müdafiəçiləri iddia edirlər ki, Rusiyadan Ukraynaya gedən rus əsgərləri Putinə qarşı üsyana qalxmağa hazırdır.
"Yüzlərlə sink tabutu Rusiya əsgərlərində "soyuq duş" effekti oyadıb. Hərbçilər Putinə qarşı qalxmağa hazırdır", - deyə hüquq müdafiəçisi Yelena Vasilyev bildirib.
Rusiya əsgərlərinin isə Ukrayna ərazisinə humanitar yardım maşınlarında daxil olduqları iddia edilir.
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Kiyevin Müstəqillik Meydanında keçən "Xatirə gecəsi" aksiyası zamanı skaypla müraciətində söyləyib ki, Ukrayna üçün həlledici məqam çatıb və məhz burada bütün postsovet məkanının taleyi həll olunur.
"İndi Ukrayna üçün ən maraqlı və həlledici zamandır. İndi düşmən qarşısında hökumətə də, prezidentə də, ən birinci xalqa da birləşmək lazımdır. Gələcək sizin əlinizdədir. Yalnız özünüzə güvənin. Çünki siz təkcə Ukrayna üçün yox, həm də Avropa üçün tarixin gedişini dəyişdiniz. İndi bütün postsovet dünyasının taleyi Ukraynada həll olunur", - deyə eks-prezident vurğulayıb.
Saakaşvili əmindir ki, Ukraynada hər şey yaxşı olacaq. "Bu gün yekdillik. Təmkin və qələbə iradəsi göstərmək lazımdır. Biz mütləq qalib gələcəyik. Buna heç bir alternativ yoxdur" - əlavə edib sabiq gürcü lideri.
O da bildirilir ki, Ukraynanın şərq vilayəti Donetskdə zorakılıqlardan əziyyət çəkən sakinlər üçün nəzərdə tutulan Rusiyaya məxsus humanitar konvoy artıq mənzil başına çatıb. Məlumata görə, avtomobil karvanı, əsasən, ərzaq və təmir-tikinti materialları ilə təchiz olunub. 12 ədəd yük avtomobili ötən gün üsyaçıların nəzarəti altında Makivka şəhərində boşalıdılıb.
Şəhər meri Yuriy Pokentelitsa qeyd edib ki, rəhbərlik, əsasən, xəstəxanada müalicə alan insanlara, məktəblilərə və kasıb təbəqəyə yardım etməyi özü üçün prioritet olaraq müəyyən edib.
"Həqiqətən də, humanitar yardıma ehtiyacımız var. İndiyə qədər əldə etdiklərimiz ehtiyacımızın 3-5 faizini ödəyir. Əsasən, uşaq ərzaqlarına, tibbi ləvazimata daha çox ehtiyac duyuruq".
Ölkənin şərqində yaşanan böhranlı vəziyyət paytaxt Kiyevə də təsirsiz ötüşmür. Ötən gün bir qrup fəal Maydan meydanınnda toplaşaraq ölkənin baş prokuroru Vitali Yaremandan vəzifəsindən getməsini tələb ediblər. Fəallar Yaremanı dələduzluq və rüşvətxorlquda ittiham ediblər.
"Röyters" isə yazır ki, Rusiya Avropa İttifaqını (Aİ) ona qarşı yürütdüyü sanksiya siyasətini dayandırmağa çalışır və qarşılığında Aİ-nin qida məhsullarına qoyduğu embarqonu aradan qaldıracağına söz verib. Lakin Aİ Ukraynadakı separatçılara qarşı tədbirlər görülməsini istəyir.
Rusiyanın xarici işlər nazirinin müavini Aleksey Meşkov isə deyib ki, biz qərbli həmkarlarımızdan fövqəladə heç bir şey istəmirik. İstədiyimiz ancaq mənasız və anlaşılmaz sanksiyaların aradan qaldırılmasıdır.
Avropa Komissiyası prezidenti Jan-Klod Yunker Lüksemburqda "Azadlıq" radiostansiyasına müsahibəsində bildirib ki, Rusiyanın hərəkətlərini ya ona qarşı müharibə, ya da iqtisadi sanksiyalarla dayandırmaq olar: "Biz müharibə istəmirik. O səbəbdən iqtisadi sanksiyalar metodunu tətbiq edəcəyik. Rusiya Ukraynanin ərazi bütövlüyünə təcavüzünü dayandırmadan sanksiyalar da aradan qaldırılmayacaq."
Rusiyanın maliyyə naziri Anton Siluanov deyib ki, neftin qiymətinin aşağı düşməsi və sanksiyalar Rusiya iqtisadiyyatına 130-140 milyard dollar zərər vurub.
Xatırladaq ki, topdansatış sahəsində rəsmi Moskva Qərbin 9 milyard dollarlıq qida ixracını dayandırıb.
Ukrayna prezidenti Petro Poroşenko isə ölkəsi üçün dua edib.
Poroşenko bazar səhərini Mixaylovsk kilsəsində baş tutan dua mərasimində keçirib.
Xidmət vaxtının başlamasından bir saat yarım vaxt əvvəl dövlət başçısı həyat yoldaşı Marina Poroşenko ilə birgə şam yandırıb və dua ediblər.
Ukrayna üçün təşkil olunan dua mərasimi Maydanda "Yaddaşın gecəsi" aksiyası keçən gecə baş tutub. Vətəni üçün dua etməyə iki yüzə yaxın insan gəlib.