Norveç koronavirusa görə sərhədlərini bağlayacaq Dünya

Norveç koronavirusa görə sərhədlərini bağlayacaq

Norveç koronavirus infeksiyasına yoluxma hadisələrinin çoxalması səbəbi ilə 29 yanvar tarixindən etibarən dövlət sərhədlərini bağlamaq niyyətindədir, krallıq ərazisinə yalnız ölkə vətəndaşları girə biləcəklər.

Trend İnterfaks-a istinadən xəbər verir ki, bunu Baş nazir Erna Sulberq mətbuat konfransında deyib.

Onun sözlərinə görə, məhdudiyyətlər bəzi ölkələrin tibb işçilərinə şamil olunmayacaq, lakin əmək miqrantlarının əksəriyyəti ölkəyə daxil ola bilməyəcəklər.

Baş nazir hazırda qüvvədə olan məhdudlaşdırıcı tədbirlərin "Britaniya ştammı"da daxil olmaqla, infeksiyanın yayılmasının qarşısını almaqda təsirli olduğunu vurğulayıb.

Yanvar ayının ortalarında Norveçdə ölkəyə daxil olan hər kəsi sərhəddə koronavirus testindən keçməsi barədə qərar qəbul edildi.

Krallığda pandemiya başlayandan 61,8 mindən çox koronavirus infeksiyasına yoluxma hadisəsi aşkar edilib, nəticədə 556 nəfər ölüb, 53,3 min insan xəstəlikdən sağalıb.

KİV-lər qeyd edir ki, Norveçdə sözügüdən virusa yoluxma nisbəti digər Avropa ölkələri ilə müqayisədə aşağı səviyyədə qalsa da, son zamanlarda, xüsusilə Milad və Yeni il tətilində artıb.