Rusiyanın 250-yə qədər hərbçisi həlak olub Dünya

Rusiyanın 250-yə qədər hərbçisi həlak olub

Ukraynada növbəti səfərbərliyə hazırlıq başlayıb

Cavid

Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk vilayətinin Volnovaxa rayonunda içində dinc sakinlərin olduğu avtobusun separatçılar tərəfindən artilleriya atəşinə tutulması ilə bağlı çıxış edib. "unian.net" saytına istinadən verdiyi məlumata görə, Parisdəki terror aktı ilə avtobusun vurulmasını müqayisə edən dövlət başçısı səfərbərlik elan edib.
Prezident vurğulayıb ki, səfərbərliyin növbəti dalğası haqqında fərman imzalayacaq. "Ukrayna öz torpağını müdafiə etməyə hazırdır. Sentyabr ayından keçən müddət ərzində biz gücümüzü artırdıq. Hər həftə yüzlərlə silah və hərbi texnikanı qoşunların istifadəsinə veririk", - Poroşenko deyib.
Pyotr Poroşenko ümid etdiyini bildirib ki, Avropa Parlamenti çümə axşamı keçiriləcək iclasında Avropa Birliyinin rəhbərliyini "DXR" və "LXR" adlandırılan qurumları terror təşkilatları siyahısına daxil etməyə çağıracaq.
Qeyd edək ki, son ayların ən qanlı hadisəsi yanvarın 13-də baş verib, Donetskdən gələn avtobusa mərmi dəyib, azı 11 nəfər həlak olub. Kiyev atəşin yaraqlıların olduğu ərazidən atıldığını bildirir. Yaraqlıların liderləri hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Avropa Birliyi və Vaşinqton isə Ukraynanın şərqində zorakılığın artmasını pisləyir.
Dövlət Departamentinin sözçüsü Marie Harf deyib ki, bu hadisə və Donetsk aeroportu ətrafında atışmanın güclənməsi Rusiyanın dəstəklədiyi separatçıların öhdəliklərini tamamilə pozmasıdır.
Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherininin sözçüsü isə deyib ki, Ukraynanın şərqində zorakılığın artması Mİnsk atəşkəs sazişinə əməl etməyin vacibliyini önə çıxarır.
Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk aeroporta hücum edən separatçıların itkilər verdiyini bildirib.
Dmitri Tımçukun sözlərinə görə, iki "kadırovçu" əsir götürülüb. Onların Çeçenistan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları olduğu deyilir.
Hərbi ekspert Donbas hövzəsində son günlər Rusiya hərbçiləri və separatçıların aktivləşdiyini qeyd edib. O, aktivləşmənin xüsusi olaraq Donetsk aeroportu, Avdreyevka, Qorlovka, Debaltsevo və Luqansk istiqamətində qeydə alındığını vurğulayıb.
Ukraynalı ekspertlər isə Qərbin sanksiyalarından sonra Kremlin "Novorossiya" layihəsində dəyişiklik etdiyini iddia edirlər. İki gün əvvəl "5 kanal"ın efirində danışan ukraynalı jurnalist-ekspert Pyotr Şuklinov bildirib ki, Putin aktiv hücum əməliyyatları ilə ssenarisinin icrasını sürətləndirməyə qərar verib.
Onun sözlərinə görə, Rusiya resursların tükəndiyini anlayaraq prosesi sürətləndirmək niyyətindədir. Jurnalist qeyd edib ki, separatçılar yeni il ərəfəsində gün ərzində 30 dəfə atəşkəsi pozurdusa, hazırda bu rəqəm təxminən 60-a qədər yüksəlib: "Moskva aktiv hücum əməliyyatlarına hazırlaşır. Biz əvvəl hesab edirdik ki, bu, yazda olacaq, amma artıq proseslər başlayır. Putin anlayır ki, Kremldə yazılmış ssenarini sürətləndirmək lazımdır. Vaxt azdır, resurslar tükənir, daha sürətlə hərəkət etmək lazımdır".
Ukraynalı jurnalist həmçinin hesab edir ki, Kreml hakimiyyəti toqquşma zonasını genişləndirmək üçün Odessa, Xarkov, Zaporojye və Xerson vilayətlərində vəziyyəti gərginləşdirməyə çalışacaq. Dünən sərnişin avtobusunun artilleriya atəşinə tutulması, Donetsk aeroportu uğrunda döyüşlərin güclənməsi və atəşkəs pozuntuların artması ukraynalı ekspertlərin, həmçinin Pyotr Şuklinovun iddialarına şübhə yeri qoymur.
Xatırladaq ki, Fransa, Rusiya və Ukraynadan ibarət olan "Normandiya formatı"nın 15 yanvar tarixində Astanada keçirilməsi planlaşdırılan görüşü baş tutmayıb. Görüş qeyri-müəyyən vaxta – bir neçə həftəliyə təxirə salınıb.
Pyotr Şuklinov sosial səhifəsində yazıb ki, Ukraynanın Donetsk şəhər aeroportu uğrunda dünən gedən döyüşlərdə Rusiyanın 250-yə qədər hərbçisi həlak olub.
"Hücum hələlik dəf edilib. Bəzi məlumatlara görə, kömək gəlib. Digər məlumatlarda isə vəziyyətin tamamilə pis olduğu bildirilir. Amma nəticə hələlik belədir: Rusiya əsgərlərinin yanmış cəsədləri bizim müdafiə xətti boyunca yerə səpələnib. Rəqəmlər müxtəlifdir. Əldə etdiyimiz məlumatlara görə, yerdə 50-dən 250-yə qədər Rusiya hərbçisinin cəsədi qalıb. Bu yalnız aeroport ərazisindədir", - Şuklinov yazıb.
O əlavə edib ki, anti-terror gücləri aeroportun bir hissəsini itiriblər: "Bilmirəm, qərargah niyə aldadır. İtirilib. Amma bu heç nədir. Çərşənbə axşamı döyüşçülərimiz dözə bildilər. Çərşənbə günü yeni güclər aeroport ərazisində olacaq və müharibə davam edəcək".
Anti-terror güclərinin qərargahından isə bildiriblər ki, Donetsk aeroportunun yeni terminalı Ukrayna hərbçilərinin nəzarəti altındadır. Dünən separatçılar aeroport ərazisindəki "kiborq"lara ultimatum irəli sürüblər. Bundan sonra isə atəş açılıb və dispetçer qülləsi dağıdılıb.