Rusiya ilə Qərb arasında gərginlik pik həddə çatdı Dünya

Rusiya ilə Qərb arasında gərginlik pik həddə çatdı

ABŞ Moskvanı sərt cəzalandıracağını bəyan edib

Cavid

Ukraynanın Mariopol şəhərində açıq bazar və yaşayış evlərinə endirilən artileriya zərbəsi ölkədəki vəziyyəti daha da ağırlaşdırıb. Artileriya zərbəsindən sonra itkilərin sayı 30 nəfərə çatıb, 102 nəfərə yaxın şəhər sakinin isə yaralandığı bildirilib.
Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsində bazarda dinc insanların öldürülməsi xəbərini alan kimi Səudiyyə Ərəbistanına səfərini yarımçıq qoyaraq ölkəsinə geri dönüb. Ukrayna prezidenti baş verənləri terror aktı adlandırıb və dərhal fövqəladə iclas çağırıb.
Ukrayna höküməti Azov dənizində yerləşən strateji liman şəhərini qorumaq üçün postlara əlavə qüvvələr və silah-sursat göndərib. Separatçı liderlərdən biri Mariopola hücumun başlandığını elan etsə də, dinc sakinlər arasında itkilərin artmasından sonra öz "iddia səsini" aşağı salmalı olub. Mariopol şəhər rəsmiləri hücuma görə, separatçıları ittiham edir. Rusiyayönümlü üsyançılar isə əsas şəhəri hədəf almadıqlarını bildiriblər.
Qeyd edək ki, Mariupol şəhərinə qrad və artilleriya hücumundan sonra Avropa İttifaqı ilə Rusiya münasibətlərini daha da gərginləşdirib.
Yaşayış massivindəki hücum Donetsk regionunun üsyançı liderinin artıq Kiyevlə sülh danışıqlarına gedilməyəcəyini bildirməsindən bir gün sonraya təsadüf etsə də əks tərəf iddiaları qəbul etmir və Mariupolu top atəşi tutması üçün mümkün texnikaya belə sahib olmadığını bildirir.
Bu arada eyni dialoq ABŞ və Rusiya prezidenti arasında da gedir. ABŞ prezidenti Rusiyanı yeni sanksiyaların tətbiqi ilə hədələyib. Hindistanda səfərdə olan Barak Obama deyib ki, Rusiyaya qarşı təzyiqlər artırılmalıdır. O, atəşkəsin pozulmasına görə narahatlığını ifadə edərək, Rusiyanın separatçıları dəstəkləməsini aqressiya kimi qiymətləndirib.
Vladimir Putin isə öz növbəsində Ukraynada baş verənlərdə Qərbi günahlandırır.
Dünya ölkələrinin kütləvi informasiya vasitələri də eyni ilə informasiya müharibəsi yaşayırlar. Qərb yönlü informasiya vasitələri Ukraynada baş verənlərdə Rusiyanın iştrakını isbat edə biləcək dəlilləri üzə çıxardır, Rusiyayönlü vasitələr isə əksinə yayılan xəbərlərin təxribat olduğunu isbat edəcək əsaslı dəlillər ortaya qoyur.
Bu arada separatçı lider Aleksandr Zaxarçenko bir müddət əvvəl Donetskdə avtobusun tuş gəldiyi mərmi zərbəsi nəticəsində həlak olan dinc sakinlərin qisasının alınacağını bəyan edib. "Həmvətənlərimizin ölümünə səbəb olan mərmiləri atanlarından, tətiyi çəkən - düyməni basan hər kəsdən qisas alacağıq" - deyə Zaxarçenko xəbərdar edib.
"Biz hamıdan tətiyi çəkənlərdən - həmyerlilərimizi, eləcə də Qarlovkada, Makiyevkada, Yenkiyevada və Şaxtyorskidə insanları öldürənlərdən qisasımızı alacayıq" – deyə üsyançıların lideri Aleksandr Zaxarçenko vurğulayıb.
Rusiyayönümlü döyüşçülər Ukrayna ordusunun Donetsk vilayətində Krasniy Partizan şəhərindəki postunu ələ keçirdiklərini iddia edir. Üsyançı komandirlərdən birinin dediyinə görə, onlar Ukrayna ordusunun dinc sakinləri atəşə tutmasından dolayı şəhərə daxil olublar. Artıq döyüşçülərin şəhərdəki yolları nəzarət götürdükləri də deyilir.
BMT-nin son hesablamalarına görə, aprel ayından bəri Şərqi Ukraynada ölənlərin sayı 5100 nəfəri keçib.
Bu arada ABŞ dövlət katibi Con Kerri verdiyi açıqlamada Rusiyadan tələb edib ki, Ukrayna ilə sərhədi bağlasın və Ukraynadakı separatçıları dəstəkləməyə son qoysun.
Kerri eyni zamanda Mariupoldakı terror aksiyasını da pisləyib. Buna görə separatçıları ittiham edib.
Onun sözlərinə görə, əgər hücumlar davam etsə, Rusiyaya yeni sanksiyalar qoyula bilər.
Almaniya kansleri Angela Merkel Mariupolun atəşə tutulmasını "sülh sazişinin aşkar və əsassız pozulması" adlandırıb.
Ötən gecə Merkel ilə Ukrayna və Rusiya prezidentləri arasında da ayrı-ayrı telefon danışığı baş tutub.
Kansler Rusiya prezidenti Vladimir Putini Ukraynada zorakılığın şiddətlənməsinin qarşısını almağa çağırıb.
Fransa prezidenti Fransua Holland da eyni tələblə Putinə müraciət edib. Bundan başqa Holand Ukrayna prezidenti Poroşenko və Avropa Şurasının rəhbəri Donald Tuskla danışıqlar aparıb. Fransua Holland bildirib ki, Ukraynadakı vəziyyətlə bağlı Vladimir Putinlə ayrıca söhbət aparacaq.
ATƏT də Mariupolun separatçılar tərəfindən atəşə tutulduğunu iddia etsə də, qiyamçılar bunu danırlar.
Avropa İttifaqının xarici işlər komissarı Federika Mogerini deyib ki, Avropanın xarici işlər nazirləri Ukraynadakı vəziyyəti müzakirə etmək üçün bu cümə axşamı bir araya gələcəklər.