Ərdoğanın seçki öncəsi “gedişi” Dünya

Ərdoğanın seçki öncəsi “gedişi”

Baş nazir həbsə olanları azadlığa buraxmaqla özünə siyasi divident qazanmağa çalışır

Cavid

Türkiyədə keçiriləcək bələdiyyə seçikisi öncəsi baş nazir Rəcəb Tayyib Ərdoğan siyasi manevrlər etməkdədir. Belə ki, o, ötən gecə canlı yayımda gündəmdə olan mövzularla bağlı sualları cavablandırıb. Ərdoğanın ən diqqət çəkən açıqlamalarından biri baş verən hadisələrlə bağlı müəyyən şəxslərin susması üçün təzyiqlərin göstərilməsi, hətta onların arasında AKP millət vəkillərinin də yer alması olub.
O, AKP-ni təmsil edən millət vəkillərindən gileylənərək, bəzilərinin kimisə incitməmək xatirinə susduğunu deyib:
"İş adamlarından mərdlik istəyirəm. Kimisə incitməyək deyə danışmırlar, susurlar. Hətta bu AKP millət vəkilləri arasında da var. Görürəm ki, kimlərsə danışmır. Şantaj və təzyiq tətbiq olunur. Amma danışmaları lazımdır. Hətta bir yoldaşımız bu yaxınlarda çıxıb danışmaq, hamıya olanları izah etmək istəyirəm dedi, mən də təbii ki çox yaxşı olar dedim, amma danışmadı. Biz Allahı incitməyək. Hamı ürəyini ortaya qoymalı, heç nədən qorxmamalıdır".
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi, istefada olan ordu generalı İlkər Başbuğun azadlığa buraxılmasına da münasibət bildirib. R.T.Ərdoğan bildirib ki, Konstitusiya Məhkəməsinin İ.Başbuğ ilə bağlı qərarını alqışlayır və prosesi diqqətdə saxladığını deyib.
"Konstitusiya məhkəməsinin verdiyi qərar vacibdir. Amma prezidentin qərarı ilə Xüsusi Səlahiyyətli Məhkəmələrin ləğv edilməsinin hansı effekt verəcəyini gələcək göstərəcək. Ankaraya qayıdanda lazımi məlumatları toplayacam. Lakin Başbuğa verilən qərarın yetərli olmasını diləyirəm", - deyə baş nazir bildirib.
O, bir müddət əvvəl rüşvətxorluq ittihamları ilə həbs edilən dövlət məmurlarının oğullarının azadlığa buraxılması ilə bağlı da danışıb: "Nəhayət ki, haqq yerini tapdı. Ölkədə əsassız yerə həbs edilən çoxlu sayda insanlar hələ də qalmaqdadır. İstəyirəm ki, onlar da tezliklə azadlığa qovuşsunlar".
Ərdoğan qeyd edib ki, prosesin bu cür inkişafı bəzi mətləblərin də aşkarlanmasına kömək edəcək: "Gözləntim bu istiqamətdə idi. Prosesin bu cür inkişafı, eyni zamanda, dinləmə hadisələri və bir sıra paralel mühakimə yolu ilə, təəssüf ki, çox haqsız və əsassız addımlar atdılar. Mən əvvəl-axır haqqın yerini tapmasını istəyirdim və haqq yerini tapdı. Hazırda əsassız yerə həbsdə olan bu cür insanlar var. Haqqın bərqərar olması ilə onların da azadlığa qovuşmasını istəyirəm. Bu, əlbəttə, bir məhkəmə prosesidir. Baş nazir olaraq məhkəməyə müdaxilə etmək niyyətimiz yoxdur. Lakin bu proses inşallah digər məsələlərin də aşkarlıq qazanmasına kömək edəcək. İstərdim ki, bundan sonra bu proses daha da sürətlə inkişaf etsin".
Xatırladaq ki, ötən il dekabrın 17-də keçirilən anti-korrupsiya və rüşvət əməliyyatları zamanı həbs edilən nazir oğulları 70 gün həbsdə qaldıqdan sonra azadlığa buraxılıb. Azadlığa buraxılanlar arasında keçmiş daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Kaan Çağlayan və azərbaycanlı iş adamı Rza Zərrab da daxil olmaqla 5 nəfərin adı var.
Həmin şəxslər barəsində Türkiyəni tərk etməmək qətimkan tədbiri seçilib. Bundan başqa, onların üzərinə hər həftənin cümə günü yaşayış yerinə yaxın polis idarəsinə gedərək, imza atmaq öhdəliyi qoyulub.
Baş nazir köməkçisi Bülent Arınç "Stansiya" meydanında təşkil edilən mitinqdə vətəndaşlar qarşısında çıxış edərək, Ərdoğana qarşı hücumlardan danışıb. AKP-nin 11 ildən bəri iqtidarda olduğunu, Türkiyənin siyasi həyatında təkbaşına iqtidara gəldiyini və bunu 3 dövr davam etdirmiş başqa bir partiya görünmədiyini söyləyən Arınç, AK Partiyanın girdiyi üç seçkidən də səslərini artıraraq çıxdığını xatırladıb.
İki seçicidən birinin səsinin az bir səs olmadığını və bununla əlaqədar araşdırmalar aparıldığını deyən Arınç belə söyləyib: "Necə ola bilər ki, bu partiya əleyhinə yönəlmiş proseslərə baxmayaraq, heç olmasa iki seçicidən birinin səsini ala bilir. Bunun üçün araşdırmalara ehtiyac yoxdur. Sizə bir karikaturadan bəhs edim, seçkidən sonra nümayiş olunmuşdu. Baş nazirimiz eynilə bu afişadakı kimi igid adam, dimdik dayanır. Qarşısında iki adam var, bir az başları aşağı əyilmiş vəziyyətdə. Baş nazirimiz onlara deyir ki, "söyləyin görək, hansınız mənə səs verdiniz". İndi bura qədər doğrudur, "arxasınca nə gələcək" deyə maraqlanırsınız. Bu iki adamdan biri kimdir bilirsinizmi? Biri Bağçalı, biri Kılıçdaroğlu. Hörmətli yoldaşlar, iş o nöqtəyə gəlib. İndi baxmayın bir çox dedi-qodular, böhtanlar, yalanlarla bu partiyanı kiçiltməyə çalışırlar. Hörmətli baş nazirimiz kimi dürüstlük abidəsi, namuslu, çalışqan, Allahdan qorxan inanclı bir insanı böhtanlarla çökdürməyə çalışırlar. Heç birisinə diqqət etmirik. Heç birisinə zərrə qədər dəyər vermirik. Biz insanımızı bilirik. Gördüyümüz və görəcəyimiz işlər ortadadır. Hamınızın bu böhtanlar qarşısında dimdik dayandığınıza inanıram. Mənzərə bunu göstərir".
"Türkiyənin siyasi qüvvələri və ictimaiyyəti post-Ərdoğan dönəminə hazırlaşmalıdır". Bunu Türkiyənin "Zaman" qəzetinin şərhçisi Mümtazer Türkone öz məqaləsində yazıb.
Şərhçi hesab edir ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın ayaqlarının altından xalça artıq dartılıb çıxarılıb və o, daha Türkiyəni idarə edə bilməyəcək: "Prezident Abdulla Gül bu prosesdə öz rolunu oynamalıdır. O, ağıllı siyasətçidir. 30 mart bu mərhələnin başlanğıcı ola bilər".
Ekspert Tərlan Həsənov isə bildirib ki, Ərdoğanın əsas məqsədi gələn il parlament seçkilərində qüvvəsini sınamaqdır: "Ərdoğan rüşvət və korrupsiyaya qarşı əməliyyatlardan sonra özünə düşmən kəsilən qüvvələrə mesajlar verdi. Eyni zamanda Türkiyədə imkanlı iş adamlarını həbsə atdırmaqla və onların bir çoxunu seçkiöncəsi azad etdirməklə özündən asılı vəziyyətə saldı. İndi həmin iş adamları həm bələdiyyə, həm də parlament sçekilərində Ərdoğan hakimiyyətinə maliyyə dəstəyi göstərəcəklər. Ərdoğan siyasətdə bişmiş adamdır. Amma Türkiyədə güclü müxalifətin də olduğunu nəzərdən qaçırmamalıyıq".
Onu da qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının yeni təşviqat mahnısı "Dombra" qalmaqal yaradıb. Sözləri dəyişdirilib baş nazir Rəcəb Tayyib Ərdoğanın adına uyğunlaşdırılan "Dombra" üçün mahnının sahibi "izn alınmadı" deyərək məhkəməyə müraciət edəcəyini bildirib.
Qeyd edək ki, "Dombra" mahnısı Arslanbek Sultanbekova aiddir. AKP bu ilin martında keçiriləcək bələdiyyə seçkiləri üçün "Dombra"nın yeni uyğunlaşdırılmış versiyasını təqdim edib. Uğur İşılak tərəfindən sözləri dəyişdirilən "Dombra" bu versiyada seçkidə istifadə ediləcəkdi. Ancaq U.İşılakın "Dombra" üçün mahnının sahibi A.Sultanbekovdan izn almadığı məlum olub. Sultanbekov da "Dombra"nın seçkiqabağı təşviqat mahnısı kimi istifadəsinə izn verməyəcəyini bildirib. Sultanbekovun saytının idarəçilərinin onun adından yerləşdirdikləri açıqlamada bildirilib: "Arslanbek Sultanbekov "Dombra" adlı əsərini heç bir siyasi partiyanın seçkiqabağı təşviqat mahnısı olaraq istifadəsini istəməyib. Mahnının dəyişdirilməsi A Sultanbekovun izni xaricindədir. Sözügedən əsəri uyğunlaşdıran şəxslə görüşüləcək və hüquqi prosedur başladılacaq".
Qeyd edək ki, "Dombra" adı qazax türklərinin istifadə etdikləri ikitelli, barmaqla çalınan xalq çalğı alətinin adıdır. Mahnı Çingiz xandan bəhs edən "Qızıl alma" filmində A.Sultanbekov tərəfindən səsləndirilib.