Ruslar Donbasda “Ukrayna üzərində qələbə”ni qeyd edirlər Dünya

Ruslar Donbasda “Ukrayna üzərində qələbə”ni qeyd edirlər

Con Kerri: "Rusiya Minsk razılaşmasına əməl edərsə, bütün sanksiyalar ləğv ediləcək"

Cavid

Belarusun paytaxtı Minskdə Ukraynada atəşkəsə dair əldə olunan razılıq Donbas regionunda əhalinin sevincinə səbəb olub. Ötən gün bir qrup fəal qondarma Donetsk Xalq Respublikasının hökumət binası qarşısında keçirilən konsert tədbirinə qatılıb. Fəallar atəşkəs razılaşmasını qələbə ab-havasında qeyd ediblər.
Xatırladaq ki, Minskdə gedən danışıqlar fonunda Donetsk və Luqanskda atışmalar qeydə alınıb. Məlumata görə, sonuncu silahlı qarşıdurmalar zamanı azı 6 nəfər ölüb.
Bu arada Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi bildirib ki, 4 ölkə liderinin Minskdə keçirdiyi son danışıqlar ərzində Rusiyadan Ukraynaya 50 tank və 40 raket sistemi keçirilib. Məlumat Ağ Evə bağlı saytda da yayılıb.
Bu isə o deməkdir ki, Ukrayna böhranının aradan qaldırılması üçün aparılan danışıqlar mahiyyətdə heç bir şeyi dəyişməyəcək və rusiyapərəst separatçılar Rusiyanın dəstəyi ilə Ukraynada hərbi əməliyyatları daha da genişləndirəcəklər.
Ukraynalı siyasi ekspert Aleksey Qaran "Normandiya dördlüyü"nün (Ukrayna, Rusiya, Fransa və Almaniya) Minskdə Ukrayna münaqişəsinin həlli üzrə keçirdiyi görüşün nəticələrini şərh edərkən deyib ki, Minsk sənədində bəndlərin əksəriyyəti birmənalı olaraq Ukrayna üçün əlverişlidir: "Putinin planı Donetsk və Luqansk vilayətlərinin ərazisində muxtar respublikaların yaradılmasından ibarət idi. Biz görürük ki, bu plan faktiki olaraq sıradan çıxıb. Ukraynanın ərazisindən xarici qoşunlar və texnika çıxarılacaq. Yəni, ruslar, çeçenlər, kazaklar və digərləri Ukraynadan çıxmağa məcburdur. Ukrayna qanunları ilə yerli seçkilər keçiriləcək. Düşünürəm ki, hakimiyyətin tərəfdarları qələbə qazanacaqlar. Amma görünür ki, bütovlükdə vəziyyət dəyişəcək. Rusiya qoşunları olmayacaq, Ukrayna ordusu sərhədlərimizə nəzarət edəcək. Bu bizə müharibəni dayandırmağa, diqqəti iqtisadi islahatlara yönəltməyə və Ukrayna ərazisinin 96 faizinə nəzarət etməyə imkan verəcək".
Politoloq həmçinin Minsk sənədində "DXR" və "LXR" adlanan separatçı qurumlarının rəhbərləri olan Aleksandr Zaxarçenko və İqor Plotnitskinin adlarının hər hansı titrlərsiz getdiyinə də diqqət çəkib: "Yekun sənəddə "LXR" və "DXR" haqqında heç bir xatırlatma yoxdur. Bu çox əhəmiyyətli məqamdır".
Bu arada Ukrayna Daxili İşlər Nazirliyinin başçısı Arsen Avakov separatçılar arasındakı radio danışıqlarını dərc edib. "Unian.net" saytı xəbər verir ki, radio danışıqları dünən separatçılar tərəfindən Donetskdəki yaşayış binalarına artilleriya zərbələrinin endirildiyini sübut edir.
Qeyd edək ki, Donetskə atılan mərmilər "Mərkəz" avtovağzalına düşüb. Nəticədə altı nəfər həlak olmuş, 8-i yaralanıb. İki avtobusa, avtovağzal binasının damı və yaxınlıqda yerləşən supermarketə ciddi zərər vurulub. Hadisə ilə əlaqədar Rusiya KİV-ləri Ukrayna ordusunun Donetskin dinc əhalisini atəşə tutduğu barədə xəbərlər yayıb.
Ukrayna daxili işlər nazirinin dərc etdiyi audioyazı hadisənin arxasında separatçıların dayandığını göstərir.
Minsk danışıqlarından özlərini qalib kimi ayrılmış hiss edən Rusiya rəsmiləri ABŞ-a dünyanın yenidən bölüşdürülməsi yönündə mesajlar veriblər. Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, ABŞ-ın milli təhlükəsizlik strategiyası ona əsaslanıb ki, Vaşinqton hamını idarə etməlidir: "ABŞ-ın milli təhlükəsizlik strategiyası ona əsaslanıb ki, Vaşinqton hamını və hər yerdə idarə etməlidir. Özü də bütün mümkün vasitələrə söykənərək - iqtisadi sanksiyalardan güc tətbiqinə qədər".
Xatırladaq ki, analoji fikirləri dünən Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin başçısı Aleksey Puşkov "Twitter" mikrobloqunda yazıb. Onun sözlərinə görə, ABŞ-da raket-bomba zərbələri və yaxud münaqişə tərəflərinə silah verilməsi bütün problemlərdən ən yaxşı çıxış yolu hesab edilir. Amma Rusiya rəsmiləri Ukraynanın şərqindəki separatçılara ötürülən silah və hərbi texnika barədə susmağa üstünlük verirlər.
ABŞ Dövlət katibi Con Kerri isə deyib ki, Rusiya Minsk razılaşmasına əməl edərsə, bütün sanksiyalar ləğv ediləcək: "ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvi barədə düşünməyə hazırdır. Ancaq razılaşmanın bütün şərtləri yerinə yetirilməlidir. Ukrayna ərazisindən tamamilə ordu çıxarılmalı, girovlar azad edilməlidir".
Kerri qeyd edib ki, ABŞ müttəfiqləri ilə Ukraynanın ərazi bütövlüyünün bərpasına kömək etməyə hazırdır.
Böyük Britaniyanın baş naziri Devid Kemeron da çıxışında qeyd edib ki, prezident Vladimir Putin Ukraynaya qarşı siyasətini dəyişdirməsə, Avropa İttifaqı da Rusiyaya qarşı sanksiyalarını dəyişdirməyəcək. O, Minsk danışıqlarında əldə olunan nəticəni alqışladığını bildirib:
"Əgər Donbasdakı atəş dayandırılsa, biz bu addımı alqışlayacağıq. Lakin əsas olan kağızdakı sözlər deyil, əməldir. Biz Putinə açıq şəkildə deməliyik ki, əgər o öz siyasətini dəyişdirməsə, sanksiyalar da ləğv olunmayacaq".