Zelenski Ukrayna və Rusiya arasında baş verə biləcək eskalasiyanın dəqiq tarixini açıqlayıb Dünya

Zelenski Ukrayna və Rusiya arasında baş verə biləcək eskalasiyanın dəqiq tarixini açıqlayıb

Ukrayna Prezidenti Vladimir Zelenski sentyabr ayının sonuna qədər Rusiya və Ukrayna arasında hər an gərginliyin baş verə biləcəyini mümkün hesab edir.

APA-nın xəbərinə görə, bu barədə V. Zelenski Almaniyanın “Frankfurter Allgemeine Zeitung” nəşrinə müsahibəsində bildirib.

“Biz dəqiq rəqəmləri bilirik. Eskalasiya zamanı müvəqqəti işğal olunmuş Donbass ərazilərində 30-35 min hərbi qüvvə vardı. Ukrayna və Rusiya sərhədləri boyunca müxtəlif dövrlərdə 50-80 min, Krım ərazisində isə təxminən 33-35 min hərbçi qeydə aldıq. İşğal olunmuş ərazilərdəki hərbçilərin 30-35 mini separatçı qoşun idi, üstəlik üç minə yaxın rus zabiti vardı”, - deyə Ukrayna Prezidenti qeyd edib.

Onun sözlərinə görə, Avropanın və ABŞ-ın Rusiyaya təzyiqindən sonra gərginlik nisbətən azalıb.

Ukrayna lideri vurğulayıb ki, ilhaq olunmuş Krım torpaqlarından 3500 Rusiya hərbçisi geri çəkilib: “Digərləri yerində qalır. Bütün hərbi avadanlıqların 90%-i yerindədir. Buna görə də düşünürəm ki, sentyabr ayının sonuna qədər, daha dəqiq deyim, 12-16 sentyabr tarixinədək istənilən vaxt gərginlik mümkündür. Rusiyanın “Qərb-2021” hərbi təlim keçirəcəyini də bilirik. Vəziyyət çox təhlükəlidir”.