Ermənistanın hərb siyasətində “əxlaqsız qadın taktikası” Dünya

Ermənistanın hərb siyasətində “əxlaqsız qadın taktikası”

Artıq uzun illərdir ki, Azərbaycan torpaqlarının bir hissəsini işğal etmiş Ermənistan əldə etdiklərini qoruyub saxlamaq naminə cəbhə xəttində də müxtəlif təxribatlara əl atır. Lakin bu üsulla yalnız məğlubiyyətlərini tezləşdirmiş olurlar.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlara əsasən, 2015-ci il yanvarın 1-dən fevralın 16-dək erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini ümumilikdə 3087 dəfə pozublar. Əvvəlki illərlə müqayisədə atəşkəs rejimi artıq əsasən iriçaplı pulemyotlardan və minaatanlardan istifadə edilməklə pozulur.
Atəşkəs rejiminin son zamanlar əsasən Ermənistanla sərhəddə Qazax, Tovuz, Ağstafa rayonu istiqamətlərində pozulduğu müşahidə edilir. Ermənilər bu istiqamətdə təkcə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini deyil, həm də mülki əhalini və obyektləri hədəfə alırlar. Ermənistan Silahlı Qüvvələri beynəlxalq hüququn normaları və prinsiplərinə riayət etməyərək heç bir hərbi əhəmiyyət kəsb etməyən obyektləri, dinc sakinləri, mülki əhalinin şəxsi əmlakını atəşə məruz qoymaqla Azərbaycan tərəfini də adekvat addımlar atmaqla provokasiyaya çəkməyə çalışırlar.
Ermənistanın Azərbaycanla dövlət sərhədində gərginliyi artırmaqda məqsədi isə beynəlxalq təşkilatların diqqətini bu istiqamətə yönəltmək və münaqişəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) cəlb olunmasına nail olmaqdır. Bir neçə gün öncə Ermənistandan olan jurnalistin KTMT-nin baş katibi Nikolay Bordyujaya bununla bağlı sual ünvanlaması erməni tərəfinin belə niyyətlərini açıq-aydın göstərir. Onlar bu məqsədlə sərhəddə hətta müxtəlif təxribat xarakterli əməllərə əl atmaqdan çəkinmir, erməni kəşfiyyat qrupları müxtəlif istiqamətlər üzrə təxribatlar törətməyə cəhd göstərirlər.
Bunlardan ən yaddaqalanları bu il yanvarın 21, 23, 26, 31-i və fevralın 11-də qeydə alınıb. Bunlardan sonuncusunda, yəni fevralın 11-də düşmən qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma keçməyə cəhd göstərib. Şəxsi heyətin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi, görülən qabaqlayıcı tədbirlər nəticəsində ermənilərin 2 kəşfiyyat-təxribat qrupunun qarşısı qətiyyətlə alınıb. Təxribat zamanı Ermənistan tərəfinin xüsusi təyinatlı dəstəsinin komandiri də daxil olmaqla bir neçə əsgəri məhv edilib, xeyli hərbçisi isə yaralanıb.
Bundan əlavə, yanvar və fevral ayları ərzində Ermənistan tərəfi ATƏT-in monitorinq apardığı zaman cəbhə xəttində 2 dəfə təxribata cəhd göstərib. Bunlardan biri yanvarın 14-də Füzuli rayonunun Horadiz kəndi, digəri isə yanvarın 29-da Qazaxın Məzəm kəndi istiqamətində baş verib. Bu faktları ATƏT-in cəbhə xəttində monitorinq aparan nümayəndələri də təsdiq ediblər. Burada məqsəd beynəlxalq təşkilatların diqqətini daha çox cəlb etmək, işğal edilmiş torpaqları separatçı rejimin ərazisi kimi təqdim və təbliğ etməkdir.
Yanvarın 29-da saat 14:00 radələrində cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus ərazinin kəşfiyyatının aparılması üçün nəzərdə tutulmuş pilotsuz uçan aparatının (PUA) Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edildiyini də unutmaq olmaz. Sual olunur, ermənilər kəndlərdə nəyin kəşfiyyatını aparırdılar? Cavab sadədir. Məqsəd Azərbaycan Silahlı Qüvvələrinin ön xətdə olan mövqelərindən başqa, yaşayış məntəqələrinin də kəşfiyyatını aparmaq, eləcə də artilleriya qüvvələrinin mövqelərini dəqiqləşdirməkdir. Maraqlısı ondadır ki, təhlillər göstərir ki, düşmən tərəf hər dəfə cəbhədə hər hansı təxribat törətməmişdən əvvəl Ermənistan Müdafiə Nazirliyinə istinadən kütləvi informasiya vasitələri guya Silahlı Qüvvələrimizin bölmələri tərəfindən cəbhədə təxribat törədilməsi və itki verməyimiz barədə yalan məlumatlar yayırlar. Hər dəfə də bu dezinformasiyalardan adətən bir və ya bir neçə gün sonra cəbhədə erməni diversiya qruplarının təxribat cəhdi qeydə alınır. Bu təxribatlar da əsasən Ermənistanla dövlət sərhədində baş verir. Lakin hər dəfə düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur edilir. Artıq ilin əvvəlindən bu günə kimi erməni tərəfinin cəbhədəki itkilərinin sayı 30 nəfərə yaxınlaşır. Azərbaycan tərəfinin itkiləri isə bundan 10 dəfə azdır. Buradan aydın görmək olur ki, Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyinin də elan etdiyi kimi, düşmənə qarşı "1-ə 10" prinsipi var gücü işləyir. Bu isə indiki məqamda Azərbaycan tərəfini nisbətən qane edir. Çünki bu minvalla Azərbaycan heç total müharibəyə başlamadan da, sadəcə intensivliyi azca artırmaqla tədricən istəyinə nail ola bilər.
Daha bir diqqəti cəlb edən məsələ odur ki, istər Ermənistanla sərhəddə, istərsə də Azərbaycanın işğal olunmuş ərazilərində məhv edilmiş erməni hərbçilərin əksəriyyəti Ermənistandan hərbi xidmətə çağırılanlardır. Bunu Ermənistan tərəfi özü də rəsmi şəkildə təsdiq edir. Bu isə bir daha sübut edir ki, Qarabağ məsələsinin arxasında heç də qondarma "DQR" və onun "özünümüdafiə bölmələri" yox, 20-25 il əvvəl olduğu kimi, yenə də Ermənistan və onun işğalçı silahlı qüvvələri dayanır.
Ümumiyyətlə, Serj Sarkisyanın prezidentliyi dövrünün son bir neçə ili ərzində Ermənistan ordusunda itkilərin sayı kəskin artaraq yüzlərlə həbrçi təşkil edib ki, bu da Ermənistan kimi kiçik dövlət üçün çox böyük göstərici hesab oluna bilər.
Yeri gəlmişkən, Ermənistan ordusunun cəbhədəki itkiləri təkcə Azərbaycan tərəfi ilə atışma nəticəsində baş vermir. Son dövrlərdə ermənilərin bir-birini qırması hallarına daha çox rast gəlinir. Bu, həm də Ermənistan ordusundakı nizamnamədənkənar münasibətlər və "dedovşina", eləcə də hərbçilərin hansı bölgədən olması ilə sıx bağlıdır. Orduda nizamnamədənkənar münasibətlər geniş vüsət alıb. Məsələn, fevralın 14-də erməni əsgərlərinin bir-birini atəşə tutmasından sonra ölüm və yaralanma faktı qeydə alınıb. Buna bənzər hadisələr dəfələrlə baş verib. Bu hal, əsasən, Ermənistandan gələnlərlə Dağlıq Qarabağdan olan ermənilər arasında tez-tez baş verən mübahisə və münaqişələr nəticəsində ortaya çıxır. Orduda qruplaşmaların olduğu açıq-aydın hiss olunur. Çox zaman işğal edilmiş Dağlıq Qarabağdan olan ermənilərlə Ermənistandan gələnlər yola gedə bilmirlər. Orduda yuxarı və aşağı zabit heyəti, eləcə də gizirlər arasında, həmçinin gənc əsgərlərlə daha stajlı əsgərlər arasında münasibətlərdə gərginlik müşahidə edilir. Bu isə ordunun daxilində gedən deqradasiya prosesinin sürətləndiyinin göstəricisidir. Lakin Ermənistanın, eləcə də onun Silahlı Qüvvələrinin rəhbərliyi əxlaqsız qadınlar kimi hər vəchlə bu faktları təkzib etməyə və onları tamamilə kontekstdən çıxmış formada təqdim etməyə çalışır.

İlkin Bağırov