Putinin 7 mərhələli “yol xəritəsi” Dünya

Putinin 7 mərhələli “yol xəritəsi”

Kremldə keçirilən gizli görüşlərin detalları

Cavid

Rusiyanın "Novaya Qazeta" internet nəşri 2014-cü il 4-12 fevral tarixlərində Kremldə keçirilən gizli görüşlərin detallarını dərc edib. Qəzet Rusiya hökumətinin Ukrayna böhranını nəzərdə tutan 7 mərhələli "yol xəritəsi" hazırladığını yazıb.
Rusiya nəşri qeyd edir ki, "yol xəritəsi" Moskvanın Ukraynanın daxili işlərinə birbaşa olaraq qarışdığını göstərən əsas dəlildir. Plan hələ Kiyevdə Maydan hadisələrinin başlanmasının ilk günlərində masa üzərində olub. Plana görə, Rusiya rəhbərliyi Viktor Yanukoviçin uzun müddət vəzifəsində qala bilməyəcəyini nəzərdə tutub. Yanukoviçin Rusiyaya sığınacağı belə plana salınıb.
Planda Krımın Rusiyaya birləşdirilməsi və Ukraynanın şərq regionlarında separatizm hərəkatına başlanılması yer alıb.
Ukraynanın ikinci prezidenti və üçtərəfli əlaqə qrupunun iştirakçısı Leonid Kuçma "Qolos Ukraynı" qəzetinə müsahibəsində bildirib ki, Rusiya tərəfi Ukraynaya qarşı ultimatum irəli sürüb: "Rusiya prezidenti özünü sanki Minsk razılaşmaları olmamış kimi apardı. Faktiki olaraq bizə qarşı ultimatum təqdim edildi. Ya biz onun istənilən şərtini qəbul edirik və istənilən müqaviməti dayandırırıq, ya da Ukrayna öz müstəqilliyini itirir. O, bizə öz hədəflərinə nail olmaq üçün heç bir itki, xərclərdən çəkinməyəcəyini açıq şəkildə anlatdı. Onun hədəfi artıq gün kimi aydındır".
Kuçma həmçinin qeyd edib ki, belə bir ultimatum yalnız Ukraynaya deyil, bütün Qərb dünyasına qarşı ünvanlanıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə deyib ki, Rusiya Ukraynanın atəşkəs şərtlərini real saymır: "Kiyev "Gülünc tələblər irəlü sürülür. Bu tələblər Kiyevin mövqeyinə tam cavab verir. Onlar bəyan edirlər ki, ağır silahları o halda geri çəkəcəklər ki, 1-2 gün bir dənə belə atəş olmasın. Biz isə gözəl anlayırıq ki, ideal atəşkəs rejimləri mövcud deyil".
Bu arada ABŞ-ın dövlət katibi Con Kerri bildirib ki, ABŞ Rusiyaya layiqli cavab hazırlayıb.
Onun sözlərinə görə, yeni anti-Rusiya sanksiyaları Ukraynanın şərqində baş verənlər üçün Rusiyaya layiqli cavab olacaq.
Eyni zamanda, Avropa Şurasının başçısı Donald Tusk bildirib ki, Avropa Birliyi Ukraynadakı vəziyyətlə əlaqədar yeni sanksiyaların tətbiqi imkanını müzakirə etməkdə davam edir. "Əlavə sanksiyalar masada qalır. Biz istənilən - pis, yaxud yaxşı hadisələrə hazır olmalıyıq", - o, Avropa Parlamentinin deputatlarına bildirib.
Tuskun fikrincə, Brüssel Minsk razılaşmalarına riayət ediləcəyinə şübhə edir: "Biz 2014-cü ilin sentyabrında əldə olunan Minsk razılaşmalarına əməl olunmadığını xatırlayırıq. Əgər indi Minsk razılaşmasına riayət edilməsə, o halda biz ləngitməyəcəyik və sonrakı addımları atacağıq".