20:47
385
“Azərbaycan Türk Dövlətləri Təşkilatı ilə münasibətlərə böyük əhəmiyyət verir və Prezident İlham Əliyevin bu istiqamətdə səsləndirdiyi fikirlər Türk coğrafiyasında böyük maraqla qarşılanır”.
Bu fikirləri politoloq Tural İsmayılov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı qlobal xaos və nizamsızlığın hökm sürdüyü bir şəraitdə dünyaya ədalət və sabitlik çağırışları edən təşkilatlardan biridir:
“Bu gün dünyanın müxtəlif yerlərində müharibələr gedir və yeni münaqişə ocaqlarının yaranması riskləri mövcuddur. Belə bir şəraitdə dünyaya sabitlik, xaosdan qurtuluş çağırışları etmək və ümumilikdə dünyanın rifahı üçün ciddi təkliflər irəli sürmək hər bir təşkilata nəsib olmur. Bir sıra beynəlxalq təşkilatların təsir gücünün zəiflədiyi və ya minimuma endiyi bir vaxtda Türk Dövlətləri Təşkilatının inkişafı, aydın vizyonunun olması və Azərbaycanın bu prosesdə aparıcı mövqeyi ölkəmizin dəyərini bütün dünyaya növbəti dəfə nümayiş etdirir”.
Politoloq qeyd edib ki, Azərbaycan üçün əsas prioritetlərdən biri Türk dövlətləri ilə əlaqələrin daha da dərinləşdirilməsidir:
“Cənab Prezidentin həftə ərzində həm Türk Dövlətləri Təşkilatına üzv ölkələrin din xadimləri, həm də təhlükəsizlik orqanları və təşkilatlarının rəhbərləri ilə keçirilən görüşlərdə vurğuladığı məqamlar da bunu özündə ehtiva edirdi”.
Tural İsmayılov vurğulayıb ki, müasir dövrdə gənclərə qarşı ideoloji və hibrid təhdidlərin artdığı bir şəraitdə Türk dünyasının milli-mənəvi dəyərlərinin qorunması xüsusi əhəmiyyət daşıyır.
“Türk Dövlətləri Təşkilatı təkcə siyasi, iqtisadi və ticari münasibətləri inkişaf etdirən bir təşkilat deyil. Bu gün TDT həm də mənəvi və ideoloji baxımdan birliyin nə qədər vacib olduğunu nümayiş etdirən mühüm platformadır”, - deyə politoloq bildirib.
Günel Elxan