“Gürcüstan da Rusiya təhlükəsini nəzərə alıb” Dünya

“Gürcüstan da Rusiya təhlükəsini nəzərə alıb”

Politoloq: "Bu təhlükəni bildiyi üçün Moskva-Suxumi-Tiflis-İrəvan yolunun qapalı qalmasına çox tab gətirə bilmədilər"

"Köhnə postsovet ölkələrindən Rusiyaya qarşı ən barışmaz mövqedə olan Baltikyanı dövlətlər NATO və Avropa İttifaqının (Aİ) təminatı altında olduğuna görə bu ölkələrin Rusiya ilə əlaqələri əvvəlkinə baxanda indi daha yaxşıdır. Ancaq son zamanlar Rusiya ilə Gürcüstan arasında münasibətlər kəskin hal alıb".
Bu sözləri politoloq Fərhad Mehdiyev deyib. Politoloqun sözlərinə görə, son vaxtlar gürcülərin anti-Rusiya təbliğatı aparması əslində onların ehtiyatlanmasından irəli gəlir: "Çünki Saakaşvilinin zamanından bəri anti-Rusiya təbliğatı çox güclü idi. Ancaq indiki Gürcüstan hakimiyyəti bu işi Saakaşvili qədər görmür. Bununla yanaşı biz bilirik ki, Gürcüstanda kifayət qədər anti-Rusiya meyilliliyi var. Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal edərək müstəqilliyini tanıyıb. Buna görə də Gürcüstanın Rusiyaya qarşı mövqe tutması üçün kifayət qədər ciddi səbəbləri var. Rusiya bu kimi hadisələrə son qoymadığı üçün gürcülərin yumşalmasına da başqa bir səbəb qalmır. Ukrayna müharibəsi məsələsində gürcülər "bizə də sıra gələ bilər" qorxusu ilə ukraynalılar tərəfə ittifaqa can atırlar. Çünki hesab edirlər ki, beynəlxalq arena bu məsələdə Rusiyanı nə qədər çox qınasa, başqa ölkələrə hücum təhlükəsi də bir o qədər aradan qalxar. Gürcüstanın hazırkı mövqeyi sırf bununla bağlıdır".
Politoloq bildirib ki, gürcülər hazırda bu cür davranaraq özlərini qorumağa çalışırlar: "Ermənistan Rusiyanın torpağıdır. Rusiya da Ermənistana bu cür baxdığına görə ermənilərlə hər hansı bir quru əlaqəsinin kəsilməsi ruslar üçün çox ciddi bir sıxıntıdır və onlar bunu gürcülərə heç vaxt bağışlamazlar. Gürcüstan da bu təhlükəni bildiyi üçün Moskva-Suxumi-Tiflis-İrəvan yolunun qapalı qalmasına çox tab gətirə bilmədi. Burada bir təhlükə var, o da Rusiyanın bu yolla aldığı dəstək hesabına öz işğalçı siyasətini davam etdirə bilməsidir".