Azərbaycanlılar Krımı tərk edir Dünya

Azərbaycanlılar Krımı tərk edir

Səfirlik: "Krımda yaranmış vəziyyət orada yaşayan soydaşlarımız üçün təhlükəlidir"

Ukraynanın Krım Muxtar Respublikasında yaşayan azərbaycanlıların son bir neçə gündür bölgədən köçü başlayıb.
Krım Azərbaycan Cəmiyyətinin sədri Rəhim Hümbətov APA-ya açıqlamasında bildirib ki, hazırda Krımda vəziyyət gərgindir və hər an silahlı qarşıdurmanın baş verməsi ehtimalı var. O qeyd edib ki, bununla əlaqədar muxtar respublikada yaşayan azərbaycanlıların Krımdan çıxarılması təşkil olunur və mümkün qədər soydaşlarımıza bölgədən çıxmaq tövsiyə edilir, bunun üçün şərait yaradılır.
Hazırda dəqiq nə qədər azərbaycanlı ailəsinin Krımdan çıxdığının məlum olmadığını deyən R. Hümbətovun sözlərinə görə, köç hər gün davam edir.
Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya açıqlamasında vəziyyətdən xəbərdar olduqlarını söyləyib: "Krımda yaşayan azərbaycanlıların təhlükəsizliyi ilə bağlı səfirlik mütəmadi olaraq müxtəlif strukturlarla, qurumlarla əlaqə saxlayır. Çünki hazırda Krımda yaranmış vəziyyət orada yaşayan soydaşlarımız üçün təhlükəlidir".
Azərbaycanın Ukraynadakı səfirliyi Krıma səfər etmək istəyən azərbaycanlılara artıq xəbərdarlıq edib. Asim Osmanov bildirib ki, bu bölgəyə səfər edən azərbaycanlılara, xüsusən Azərbaycandan getmək istəyənlərə səfərlərini təxirə salmaq tövsiyə olunur.
O bunu Krımdakı son gərginlik, gözlənilən iğtişaş və hər hansı silahlı qarşıdurma ilə əlaqələndirib: "Azərbaycandan bu bölgəyə səfər edənləri təhlükəsizlik baxımından səfərlərini təxirə salmağa, zəruri hallarda olmadıqda səfər etməməyə çağırırıq".
A. Osmanov onu da bildirib ki, Krımdan fərqli olaraq, Ukraynanın Rusiya ilə sərhəd olan digər şəhərlərdə hələ ki, belə bir təhlükə yoxdur.