Ukraynanın şərqində hərbi əməliyyatlar bərpa oluna bilər Dünya

Ukraynanın şərqində hərbi əməliyyatlar bərpa oluna bilər

Kreml Ukrayna prezidentini Minskdə razılaşdırılmış sənədə əvvəlcədən müzakirə olunmamış şərtləri əlavə etməkdə günahlandırır

Minsk-2 razılaşmalarından sonra Ukraynanın Donbass bölgəsində yaranmış kövrək sülhün pozulması təhlükəsi yaranıb.
APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, separatçılar Donbassın bəzi ərazilərinin işğal olunmuş ərazilər kimi tanınması, eləcə də həmin ərazilərin statusuna dair Ukrayna Ali Radası tərəfindən qəbul olunan qanunları biabırçı adlandırıblar. Onlar bildiriblər ki, həmin sənədlər ləğv edilməsə, Kiyevlə kompromisə gəlmək mümkün olmayacaq.
Separatçı rejimlərin başçıları Aleksandr Zaxarçenko və İqor Plotnitski tərəfindən verilən birgə bəyanatda deyilir: "Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası bəyan edirlər ki, Poroşenko və Ali Rada tərəfindən qəbul olunan rüsvayçı qərarlar ləğv olunana qədər Kiyevlə hər hansı kompromis mümkün deyil. Donbassa xüsusi status verməkdən imtina etməklə Kiyev Minsk sülhünü tapdalayıb və situasiyanı dalana salıb. Biz vaxtilə hər hansı entuziazm olmadan Donbassın yenilənmiş Ukrayna tərkibində xüsusi statusuna razı olmuşduq, baxmayaraq ki, xalqımız tam müstəqillik istəyir. Biz qardaş qanı axmasın deyə buna getdik. Lakin Ukrayna dəyişmədi".
Donetsk qiyamçılarının lideri Denis Puşilin də Kiyevi faktiki olaraq Minsk razılaşmasını pozmaqda ittiham edib.
Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, Poroşenkonun millət vəkillərinin müzakirəsinə verdiyi razılaşma sənədində əvvəlcədən ora daxil olmayan əlavələr edilib. Nazirlik bildirir ki, Kiyev razılaşmanın qiyamçılarla birbaşa danışqılar aparılması və yerli seçkilər barəsində razılığa gəlinməsi kimi müddəalarını qulaqardına vurur.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada qabonlu həmkarı ilə keçirdiyi brifinqdə bildirib ki, Moskva Ukrayna Ali Radasının Donbassla bağlı qərarlarından təəssüflənir: "Mən təəssüflə bu vəziyyəti şərh etməyə məcburam. Düşünürdüm ki, fevralın 12-də Minskdə müəyyən olunan addımlar birmənalı olaraq həyata keçiriləcək".
S. Lavrov Minsk danışıqlarında iştirak edən Almaniya və Fransaya müraciət edərək Minsk razılaşmalarının Kiyev tərəfindən pozulduğunu onların nəzərinə çatdırdıqlarını söyləyib: "Mən siyasi prosesin bundan sonra necə davam edəcəyini bilmirəm. Dünən Almaniya və Fransadan olan həmkarlarıma – Frank-Valter Ştaynmayer və Loran Fabiusa xüsusi müraciət etdim və onların diqqətini Minsk paketinin siyasi hissəsinin ciddi şəkildə pozulması faktına cəlb etdim".
Xatırladaq ki, martın 17-də Ukrayna Ali Radası Donetsk və Luqansk vilayətlərinin separatçıların nəzarətində olan və xüsusi yerli idarəetmə qaydasının tətbiq olunacağı rayon, şəhər və kəndlərinin siyahısını təsdiqləyib. Lakin bu ərazilərin xüsusi statusuna dair qanunun qüvvəyə minməsi həmin ərazilərdə Ukrayna qanunları əsasında seçkilərin keçirilməsinə qədər təxirə salınıb. Qanuna edilən düzəlişlərə əsasən həmin ərazilərdə yerli idarəetmə orqanlarına seçkilər yalnız bütün qanunsuz hərbi birləşmələrin, muzdluların və hərbi texnikanın Ukrayna ərazisindən çıxarılması, qanunsuz hərbi birləşmələr tərəfindən seçki prosesinə müdaxilə edilməməsi, yerli KİV-də seçkilərin bütün iştirakçılarına bərabər səviyyədə imkanların yaradılması, prosesin ATƏT tərəfindən müşahidə olunması şəraitində mümkündür.
Ali Rada eyni zamanda Donbassın separatçıların nəzarətində olan hissəsini işğal olunmuş ərazilər kimi tanıyıb.