Rusiya Stalin dövrünə qayıdır Dünya

Rusiya Stalin dövrünə qayıdır

Putin Stalinin rəhbərlik etdiyi nazirliyi bərpa etdi

Cavid

Rusiya prezidenti "milli ədavətə qarşı agentliyin" yaradılması barədə fərman imzalayıb. Rusiya mediası xəbər verir ki, yeni qurum millətlərarası və dinlərarası münasibətlər sahəsində dövlət siyasətinin yürüdülməsi ilə məşğul olacaq.
"Federal Millətlər Agentliyi" adlanacaq qurumun əsas vəzifəsi "irqi, milli və dini ədavətin qızışdırılmasının qarşısını almaq" olacaq. Kremlin mətbuat xidməti bildirir ki, agentlik çoxmillətli Rusiya dövlətində millətlərarası razılığın, ölkənin etno-mədəni inkişafının və azsaylı millətlərin və avtoxton azsaylı qrupların hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərəcək.
Rəsmi İTAR-TASS xəbər agentliyi bildirib ki, yeni struktur "milli-mədəni muxtariyyətlər, kazak icmaları və başqa vətəndaş təşkilatları ilə əlaqədə fəaliyyət göstərəcək, millətlərarası münasibətlər sahəsində dövlət və federal səviyyədə məqsədli proqramları yerinə yetirəcək və millətlərartası münasibətlərin monitorinqini aparacaq".
Bu agentliyin funskiyaları arasında ayrıca olaraq "hər hansı irqi, milli, dini və dil ayrıseçkiliyinin profilaktikası, irqi, milli və dini ədavətin, nifrət və düşmənçiliyin qızışdırılmasının qarşısının alınması" nəzərdə tutulub.
Prezident Vladimir Putinin fərmanında deyilir ki, federal agentliyin işinə Rusiya Federasiyasının hökuməti rəhbərlik edəcək, qurumın başçısı hökumət tərəfindən təyin olunacaq.
Lakin bundan bir qədər əvvəl Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovski təklif etmişdi ki, "heç bir millətə tərəfkeşlik" etməməsi üçün bu quruma milliyyətcə rus rəhbərlik etməlidir.
"Bu agentliyə əvvəllər heç vaxt Mərkəzi Asiyada, Qafqazda, Moldova və ya Ukraynada olmayan Moskva məmuru rəhbərlik etməməlidir".
"Moskovskiy komsomolets" qəzeti yazır ki, Rusiyada milli məsələ ilə məşğul nazirlik 2001-ci ilədək mövcud olub və bundan sonra bu nazirliyin işinin bir hissəsi Mədəniyyət Nazirliyinə, digər hissəsi isə miqrasiya xidmətinə verilib.
Rusiya prezidenti yanında millətlərarası münasibətlər şurasının üzvü Vladimir Zorin "Pravda.ru" saytına bildirib ki, "bu mühüm qurumun" yaradılması ideyası 2010-cu ildən bəri müzakirə olunurdu. Zorin deyib ki, "bu agentliyə, məsələn, bank, mülkiyyət və qiymətli kağızlar sahələrində olduğu kimi yüksək peşəkarların cəlb olunması lazımdır".
Bir sıra Qərb təhlilçiləri bildirirlər ki, yaxın qonşusu olan keçmiş sovet respublikalarının ərazisində separatçı hərəkatları çox vaxt yaradan, dəstəkləyən və yeri gəldikdə qızışdıran Rusiyanın özü millətlərarası problemlərdən sığorta olunmayıb. Bu təhlilçilərin fikrincə, Kreml, əslində yeni strukturu separatçılıq meyllərinin qarşısının alınması üçün yaradır.
Qeyd edək ki, Rusiyada hazırda milliyyət kateqoriyasında qeydiyyata alınmış 185 etnik qrup var. Rusiyanın 85 ərazi subyektindən 21-i muxtar respublika statusuna malikdir. Ölkədə 5 muxtar dairə və bir muxtar vilayət var.
Rusiyanın tarixində ilk belə qurum isə 1917-ci ildə yaradılıb. Sovet Rusiyasında "Rusiya Millətləri Xalq Komissarlığı"na İosif Stalin rəhbərlik edib.