
Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, möhkəm birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır.
Son illərdə möhkəm bünövrə üzərində qurulan münasibətlərin hazırkı səviyyəyə yüksəlməsində Prezidentlər – İlham Əliyev və Şafkat Mirziyoyev arasında mövcud olan səmimi dostluq, qardaşılq, qarşılıqlı hörmət və etimad mühüm rol oynayıb.
Azərbaycan Prezidenti ötən bir neçə il ərzində Özbəkistana ümumilikdə yeddi səfər edib. Eləcə də, Prezident Mirziyoyevin davamlı səfərləri ölkələrimiz arasında qardaşlıq, birlik və dövlətlərarası siyasi dialoqu gücləndirib.
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində iki qardaş ölkə arasında münasibətlərin xarakterinə və dinamikasına, habelə müəyyən edilmiş strateji hədəflərə nəzər salaraq Azərbaycan-Özbəkistan əlaqələrində yeni inkişaf dövrünün başlandığını xatırladıb. Bəyan edildiyi kimi, son illərdə imzalanmış çoxsaylı sənədlər, xüsusən də “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki müstəqil, güclü və suveren dövlət arasında əlaqələri ən yüksək səviyyəyə çatdırıb, təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirib.
Həmin sənədlər, eyni zamanda, ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirməklə əməkdaşlığın gələcək inkişafı üçün hərtərəfli və yeni imkanlar açır. Həmçinin 2023-cü ildə təsis edilmiş Ali Dövlətlərarası Şura mühüm platforma olmaqla, ölkələr arasında uzunmüddətli əməkdaşlıq prioritetlərini müəyyənləşdirməyə, yeni təşəbbüslərin təşviqinə və qarşılıqlı fəaliyyətin səmərəli şəkildə əlaqələndirilməsinə xidmət edir.
Azərbaycan-Özbəkistan siyasi münasibətləri iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşməkdədir. Tərəflər arasında iqtisadi bağlantıları təşviq edən, biznes təşəbbüslərini dəstəkləyən maliyyə platforması olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti sərmayə layihələrinin icrasında dayanıqlı institut kimi çıxış edir, Hökumətlərarası Komissiya iqtisadi, ticari, investisiya və digər sahələrdə əlaqələrin inkişafında mühüm rol oynayır.
İndiyə qədər Komissiyanın 15 iclası keçirilib ki, bu təsisat qeyd edilən sahədə əməkdaşlığın irəliyə doğru aparılmasında institusional və əlaqələndirici fəaliyyəti ilə töhfə verir. Bu ardıcıl fəaliyyətin nəticəsidir ki, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi durmadan hər il yüksəlir, 2025-ci ildə əmtəə mübadiləsi əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb. Bu rəqəmlər çox yüksək göstəricidir və iqtisadi dövriyyələri daha da artırmağa güclü stimul verir.
Yeri gəlmişkən, iki ölkə arasında tranzit daşımalarında müşahidə olunan artımlar da iqtisadi mübadilələrin həcmini artırır. 2025-ci ildə daşımaların həcminin 6,7 faiz artaraq 1,4 milyon tona çatması, bu ilin yanvar-iyun aylarında isə 12,2 faizlik artımla 675 min ton daşınma göstəricisinin qeydə alınması Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mühüm coğrafi mövqeyini, Orta Dəhlizdə strateji yerini əks etdirir, Şərqlə Qərbi birləşdirən kommunikasiya qovşağına çevrildiyini göstərir.
Yaxın vaxtlarda gerçəkləşəcək Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP-lə inteqrasiyası isə bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq. Həmin layihələr Türk dünyasının vahidliyi üçün də önəm daşıyır, Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edən ölkələr, o cümlədən Azərbaycan və Özbəkistanın qardaş dövlətlərlə birgə enerji-nəqliyyat bağlantılarını gücləndirəcək, bölgədə yeni inteqrasiya formatı quracaq.
Azərbaycan və Özbəkistan arasında kapital qoyuluşları da intensiv xarakter almağa başlayıb, xüsusilə də üç il əvvəl 500 milyon dollar məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti birgə sərmayə qoyuluşlarının təşviqində aparıcı institut kimi çıxış edir, habelə ölkəmizdə fəaliyyət göstərən 130-dan çox özbək kommersiya təşkilatı iqtisadiyyatın müxtəlif sektorlarında perspektivli layihələrin maliyyələşdirilməsinə əhəmiyyətli töhfə verir.
Digər iqtisadi layihələrdə birgə təmsilçilik enerji, nəqliyyat, “yaşıl enerji” sahələrində əlavə maliyyə yatırımlarını təşviq etməkdədir. 2025-ci ildə təsis olunan “Yaşıl Dəhliz Birliyi” MMC isə Azərbaycan-Mərkəzi Asiya “yaşıl enerji” dəhlizi layihəsini reallaşdırmaqla Avropaya bərpaolunan enerji tranzitinə inteqrasiyanı təmin edəcək.
Azərbaycan həm də Mərkəzi Asiya ölkələri arasında etibarlı enerji, nəqliyyat, kommunikasiya körpüsü, humanitar birliyin təminatçısıdır. Bu baxımdan ötən il Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə qurumun tamhüquqlu üzvü olan Azərbaycan regiondakı “C5” formatını “C6” formatına çevirərək yeni əməkdaşlıq modeli qurub. Bu, model bütün ölkələr, eyni zamanda, Özbəkistan və Azərbaycan arasında əlaqələrin inkişafında yeni imkanlar açır.
Bir sözlə, Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik münasibətləri əsasında inkişaf edərək siyasi-iqtisadi əməkdaşlığın daha da güclənməsinə öz töhfələrini verəcək.
Ramid Namazov
Milli Məclisin deputatı