Əməkdar jurnalist Nurani Yasamal qəbiristanlığında dəfn edilib - YENİLƏNİB Cəmiyyət

Əməkdar jurnalist Nurani Yasamal qəbiristanlığında dəfn edilib - YENİLƏNİB

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə Təzə Pir məscidində vida mərasimi keçirilib.

Vida mərasimində səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, ictimaiyyət nümayəndələri, tanınmış şəxslər və jurnalistlər iştirak ediblər.

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, bu gün Azərbaycan mətbuatı parlaq imzalarından biri ilə vidalaşır:

“Nurani Azərbaycanın haqq səsi idi. Analitika sahəsində xanım imzalarına nadir hallarda rast gəlinir. Nurani məhz o imzalardan biri idi”.

“Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Nurani haqqında xatirələrini bölüşüblər. Rauf Arifoğlu Nuraninin müalicə xərclərini qarşıladığına görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Vida mərasiminin ardınca Əməkdar jurnalist Tofiqəxanım Qasımova Yasamal qəbiristanlığında dəfn edilib.

xxxx

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) vəfat edib.

Bu barədə mərhumun yaxınları bildirib.

Qeyd olunub ki, Nurani ilə vida mərasimi bu gün saat 12:00-da Təzə Pir Məscidində keçiriləcək.

Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilirdi.

Xatırladaq ki, 1970-ci il təvəllüdlü Tofiqəxanım Qasımova orta məktəbi qızıl medalla, Azərbaycan Tibb Universitetini isə fərqlənmə diplomu ilə bitirib.

O, 1992-ci ildən başlayaraq müxtəlif illərdə "Yurddaş", "Ayna"-"Zerkalo" nəşrlərində çalışıb, uzun müddət "Exo" qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri və siyasi icmalçısı olub. Son illərdə isə Minval.az, "Minval Politika" xəbər portalının redaktoru və əsas siyasi şərhçilərindən biri kimi fəaliyyət göstərirdi. 2020-ci ildə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.