Vaşinqtonda “Tənhalığın Sədaları” adlı möhtəşəm rəsm sərgisi keçirilib Hadisə

Vaşinqtonda “Tənhalığın Sədaları” adlı möhtəşəm rəsm sərgisi keçirilib

Öndər TV-nin məlumatına görə, ABŞ-ın paytaxtı Vaşinqton şəhərində tanınmış rəssam Vüqar Quliyevin “Tənhalığın Sədaları” adlı rəsm sərgisi keçirilib.

Sərgidə rəssamın 2025–2026-cı illərdə yaratdığı 17 əsər nümayiş olunub. Əsərlərdə əlaqə və məsafə, varlıq və yoxluq, tənhalıq, həsrət, qeyri-müəyyənlik və dözümlülük kimi mövzular öz əksini tapıb.

Müasir həyatın müşahidələrindən yaranan əsərlər ziyarətçiləri fərqli düşüncələrə və şəxsi assosiasiyalara dəvət edib. Rəng, simvolizm və atmosfer vasitəsilə yaradılan kompozisiyalar sərgiyə xüsusi sənət ab-havası qatıb və iştirakçıların böyük marağına səbəb olub.

Sərgi çərçivəsində rəssam Vüqar Quliyevin iştirakı ilə maraqlı sual-cavab görüşü də keçirilib. Ziyarətçilər əsərlərin yaranma ideyası, mövzuları və sənətçinin yaradıcılıq yanaşması ilə bağlı müxtəlif suallar ünvanlayıblar.

Möhtəşəm sənət tədbirində Azərbaycandan Vaşinqtona səfər edən “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev,“Ekoloji Dayanıqlılıq və Təbiətin Qorunması” İctimai Birliyinin sədri Vasif Həsənli və gənc iş adamı Fuad Heydərli də iştirak ediblər. Həmçinin ABŞ-da yaşayan azərbaycanlı soydaşlarımız sərgiyə qatılaraq nümayiş etdirilən sənət əsərləri ilə yaxından tanış olublar.

Sərgidə Azərbaycanın müxtəlif sahələrini təmsil edən qonaqların və ABŞ-da yaşayan azərbaycanlıların bir araya gəlməsi tədbirə xüsusi ab-hava qatıb. İştirakçılar sərginin yüksək səviyyədə təşkil olunduğunu və Vüqar Quliyevin əsərlərinin böyük maraq doğurduğunu bildiriblər.

Qeyd edək ki, “Tənhalığın Sədaları” rəsm sərgisi sentyabrın 6-dək Vaşinqton şəhərində davam edəcək.

Öndər TV – Vaşinqtondan.

image-img-20260823-wa0025image-img-20260823-wa0024

image-img-20260823-wa0018 image-img-20260823-wa0016 image-img-20260823-wa0017 image-img-20260823-wa0015 image-img-20260823-wa0012 image-img-20260823-wa0013