Ərəbistan Yəmənə qoşun yeridir Dünya

Ərəbistan Yəmənə qoşun yeridir

Ədən hava limanı yaxınlığında döyüşlər gedir

Cavid

Yəməndə vəziyyət getdikcə daha da ağırlaşır. Ərəb mətbuatı Ədən hava limanının yaxınlığında ağır döyüşlərin getdiyini xəbər verir. Yəmənin devrilmiş prezidentinə bağlı Cənub Xalq Müqaviməti adlanan qruplaşma Səudiyyə Ərəbistanının dəstəyi ilə Ədən hava limanını qiyamçılardan geri almağa çalışır.
Qeyd edək ki, Yəməndə prezident Abd-Rabbu Mənsur Hadinin hakimiyyətini bərpa etməyə çalışan ərəb koalisiyasına Səudiyyədən başqa daha 8 ölkə daxildir. Xatırladaq ki, Yəməndə husilər yanvar ayında paytaxt Sənanı ələ keçiriblər. Prezident Abd Rabbu Mənsur Hadi zorakılıqlar səbəbilə ölkəni tərk edərək Səudiyyə Ərəbistanına sığınıb. Yəməndə döyüşlər başlanandan bəri 1000-dən çox insanın həlak olduğu, onlardan 115-nin uşaqlar olduğu bildirilib. Human Rights Watch təşkilatı bildirib ki, çox ehtimal, Səudiyyə başqa ölkələrdə qadağan edilmiş kaset bombalardan istifadə edir. 2008-ci ildən bu cür silahların istifadəsi beynəlxalq konvensiya əsasında qadağan olunub.
O da bildirilir ki, Səudiyyə Ərəbistanı Yəməndə husi üsyançılarına qarşı mübarizəyə dəstək olmaq məqsədilə bu ölkəyə qoşun yeridib. Səudiyyə Ərəbistanı hərbi qüvvələrinin Ədən şəhərində hava limanına eniş etdikləri bildirilir. Bu barədə Cənub Xalq Müqaviməti hərəkatı məlumat yayıb. Səudiyyə Ərəbistanı isə iddiları rədd edir. Bəzi mənbələr isə, sözügedən qüvvələrin kəşfiyyatçılar olduğunu xəbər kimi yayıb. Səudiyyə Ərəbistanının hərbi qüvvələri indiyə qədər husilərə qarşı yalnız aviazərbələr endirməklə kifayətlənirdi.
Yəməndə hökumətindəki mənbələrdən isə Əl-Cəzirə telekanalına verilən məlumata görə, Səudiyyə Ərəbistanının əsgərləri artıq Ədən şəhərindədirlər. Telekanal əsgərlərin görüntülərini də yayıb. Adının çəkilməsini istəməyən Yəmən hökumətinin bir sözçüsü məhdud sayda quru qoşun hissələrinin Ədənə gəldiyini, davamının da gələcəyini deyib.
Əsgərlərin prezident Mənsur Hadini dəstəkləyən Xalq Komitələri üzvlərinin geydiyi hərbi geyimdən istifadə etdikləri, lakin ölkədə danışılan ərəb dilindən fərqli ləhcə ilə danışdıqları qeyd olunur. Məlumat digər yerli qaynaqlar və prezident Hadinin tərəfdarları tərəfindən də təsdiq olunub.
Əl-Cəzirəyə açıqlama verən koalisiya sözçüsü Səudiyyə Ərəbistanlı General-mayor Əhməd Asiri isə bunları deyib: "Hazırda davam edən, ya da gələcəkdə edilə biləcək bir əməliyyat haqqında şərh verməyim doğru da deyil, mümkün də deyil. Yəmən ordusu onsuz da orada vəzifəsini görür. Sizin yaydığınız görüntüləri görməmişəm, ancaq görüntüdə nə varsa, onların hansının doğru olduğuna dair bir dəlil yoxdur, bəlkə Yəmən əsgərləridir? Yəmənin müəyyən bir bölgəsində əməliyyat keçirmirik, ölkənin hər yerində xalq müqavimətini dəstəkləyirik."
Bu arada İranın Qızılay təşkilatının rəhbəri Əli Əsgər Əhmədli açıqlama verib ki, Səudiyyə Ərəbistanı tərəfindən İran təyyarəsinin Yəmənə girişi qadağan olunduqdan sonra humanitar yardım Oman vasitəsilə Sanaya çatdırılıb. O, qida, dərman və tibbi ləvazimatlardan ibarət humanitar yardımların tezliklə quru yolu vasitəsilə də Yəmənə göndəriləcəyini bildirib. Qeyd edək ki, aprelin 28-də Səudiyyə Ərəbistanının qırıcıları İranın humanitar yardım daşıyan təyyarəsinin Yəmənə enməsinin qarşısını almaq üçün Səna hava limanını bombalayıb.