Güney Azərbaycan ayaqda Dünya

Güney Azərbaycan ayaqda

Azərbaycanlı millət vəkilləri hökumətə xəbərdarlıq etdilər, Ruhani Təbrizdə yaşanan olayları araşdırmaq barədə göstəriş verib

Hüseyn Türkelli: "Bu olay millətimizə bu vəhşi sistemdə yaşamağın mümkünsüzlüyünü bir daha anlatdı"

Yaqub Zürufçu: "Ədalətsizliyə, assimilyasiyaya, Türk düşmənçiliyinə və irqçiliyə DAYAN deməyin zamanı çoxdan gəlib, bu düşüncəyə malik hər kəsə QIRMIZI KART..."

Cavanşir Həsənli


Güney Azərbaycan ayaqdadır...Təbrizdə İran superliqasının taleyini müəyyənləşdirən yarışın keçirilməsi və bu oyunda fars şovinistləri tərəfindən həyata keçirilən rüsvayçı ssenari "Traxtor"u çempionluqdan məhrum etdi. Bu hadisə Güney Azərbaycan şəhərlərində böyük etirazlara, xüsusilə də Təbrizdə kütləvi etiraz aksiyalarına səbəb oldu. Olay artıq bir idman hadisəsi olmaqdan çıxıb və Güneydə milli hərəkatın yeni mərhələsinin başlanğıcı ola bilər.
Qeyd edək ki, İran üzrə futbol klublarının superliqa oyunlarının sonuncu həftəsi oyununda Təbrizin "Traxtor" futbol komandası ilə Tehranın "Neft" komandası qarşılaşmışdı.

Nə baş verir?

Mayın 15-də keçirilən oyun zamanı "Traxtor" komandasının superliqanın çempionu olmasının qarşısını almaq üçün İran Futbol Federasiyası tərəfindən təxribata əl atıldı və "Traxtor" komandasına yalan məlumat ötürüldü. Həmin məlumata görə, guya "Sepahan"la "Saypa" oyunu 2:2 hesabı ilə başa çatıb və nəticə etirabilə "Traxtor" çempiondur. Oyunun son dəqiqələrində yayılan bu məlumatdan sonra "Traxtor"un baş məşqçisinin göstərişi ilə oyunçular hücumu dayandırıb və müdafiəyə keçdilər. Bu arada stadionda internet və mobil rabitə də kəsilib. O üzdən kimsə "Sepahan" – "Saypa" oyunu barədə doğru məlumat ala bilməyib. Müsabiqə bitdikdən sonra elan olunub ki, "Sepahan" 2:0 hesabı ilə "Saypa"nı məğlubiyyətə uğradıb və superliqanın çempionu olub. Bu gözlənilməz xəbərdən sonra "Traxtor" tərəfdarları məkrli ssenarini anlayıb və bu təxribatdan qəzəbləniblər. Qəzəblənmiş soydaşlarımız eturaz aksiyalarına əl ataraq bu təxribatın arxasında duranların cəzalandırılmasını, oyunun yenidən keçirilməsini tələb ediblər. Etiraz aksiyalarına rejim qüvvələri müdaxilə ediblər, çoxsaylı soydaşımız döyülüb və yaralanıb. Onlardan bir neçəsi isə yaxalanıb. Azarkeşlər Təbrizin mərkəzində İran bayrağını da yandırıblar. Olaylarda bir nəfərin də öldüyü xəbər verilir. "Traxtor" klubu tərəfdarlarının rəsmi dərnəyinin sədri Hüseyn Kərimi İranın Futbol Federasiyasına yazdığı məktubda azarkeşlərdən birinin öldüyünü bildirib.
Məktubda deyilir: "Traxtur tərəfdarı infarkt keçirdi və vəfat etdi. Ona və onun ailəsinə kim cavabdeh olacaq?"
H.Kərimi yazdığı məktubda oyunun hakimi Əlirza Fəğanini də kəskin şəkildə tənqid edib və onu "Traxtur qatili" adlandırıb. Vəfat etmiş "Traxtor" tərəfdarının hələlik kimliyi açıqlanmayıb və rəsmi şəxslər onun kimliyini gizlətməyə davam edirlər.

Rejimə xəbərdarlıq

Olaya "Traxtur"a rəqib komandadan da etiraz gəlib və onlar bu məsələdə güneyli soydaşlarımıza dəstək veriblər. "Neft" komandasının baş məşqçisi Əlirza Mənsuriyan rejimin ssenarisini ifşa edib. O deyib: "Oyundan öncə Tuni Oliveraya dedim ki, ya siz bizə qalib gələcəksiniz, ya da biz sizə. Bizim ikimizdən birimiz çempion olacağıq. Lakin oyunun axırına 6-7 dəqiqə qalmış bir murdar və qeyri-peşəkar plan işə düşdü. Dedilər ki, "Sepahan"la "Saypa" oyunu bərabər hesabla sona çatmaqdadır və bu yalan xəbər, bizim və "Traxtor"un hücum və müdafiə işlərimizi pozdu. Biz əlavə verilən 6 dəqiqə vaxtdan düzgün istifadə edə bilmədik. Kaş ya "Traxtor" bizə dördüncü qolu vurardı, ya da biz onlara. Hətta mən oyunun axırında Tuni Oliverayı çempion olduqlarına görə təbrik etdim. Lakin belə bir qeyri-futbol ssenarisi baş tutdu, Təbriz əhalisi bizi halal etsin!"
Artıq İran parlamentindəki azərbaycanlı millət vəkilləri də etirazlara dəstək verməyə başlayıblar. Məclisdəki 10 azərbaycanlı millət vəkili İranın idman və gənclər nazirinə xəbərdarlıq edərək "Traxtor" klubunun son qarşılaşması ilə bağlı məsələyə baxılmasını istəyiblər. Parlamentin deputatlarından Məhəmməd Hüseyn Fərhəngi, Rza Rəhmani, Əli Əlilu, Məhəmməd Həsənnejad, Nadir Qazipur, Kamaləddin Pirmüəzzin, Ərsalan Fəthipur, Qulam Hüseyn Şiri, Mehdi Dəvatgəri və Mir Hadi Qara Seyid nazirə yazılı xəbərdarlıq edərək baş verən hadisələrin araşdırılmasını tələb ediblər.
Həmçinin bir neçə azərbaycanlı millət vəkili İran parlamentində də məsələ qaldırıb və ölkə prezidentindən "Traxtor"un son müsabiqəsində bu komandanın çempionluğunun qarşısının alınmasına yönələn təxribatın ciddi şəkildə araşdırılmasını istəyiblər.
Deputatlardan Kamaləddin Pirmüəzzin ötən bazar günü parlamentdə bildirib: "Bu macəra azərbaycanlıların milli qüruruna və hissiyyatına toxunub".

"Artıq yetər!"

GünAz TV-nin məlumatına görə, olayla bağlı ziddiyyətli məlumatlar yayılır. Belə ki, İran Futbol Federasiyasının baş katibi Əlirza Əsədi oyunun nəticəsinin dəyişdirilməsi ehtimalından danışıb.
Əlirza Əsədi bildirib: "Bu məsələdə haqsızlıq olub və haqq sahibi haqqına çatmalıdır. Biz bu hadisəni törədənlərin kimliklərini araşdırırıq, onlar öz cəzalarını almalıdılar".
"Nəticənin dəyişməsi ehtimalı varmı" sualına o, belə cavab verib: "Hər ehtimal var. Biz sənədləri toplayıb və iclas keçirməliyik. Sonra bu barədə qərar vermək olar. Əgər kimsənin haqqı pozulubsa, onun haqqı qaytarılmalıdır".
Lakin federasiyanın sədri Əli Kəffaşiyan tamamilə fərqli mövqe sərgiləyib. O deyib: "Belə bir söhbət gəzir ki, oyunun son dəqiqələri təkrar keçirilməlidir. Bu ola bilməz! Bilmirəm bu sözlər hardan çıxır. Oyun qurtarıb və qanuna görə "Sepahan" komandası çempion olub. Heç nə dəyişə bilməz. Lakin "Traxtor" – "Neft" oyununda qanunu pozanlar öz cəzalarını alacaq".
Federasiya rəhbəri təsdiq edib ki, o, stadiona daxil olarkən internet və mobil telefonları kəsilmişdir: "Bu məsələ aydınlaşmalıdır. Lakin "Traxtor" – "Neft" müsabiqəsinin nəticəsi dəyişməyəcək".
Təbriz Şəhər Şurasının rəisi Ehtişam Hacipur da olaya sərt reaksiya verib. O, bazar günü qurumun iclasında çıxış edərək şəhərin "Səhənd" stadionunda baş verənlərdən danışıb.
Ehtişam Hacipur deyib ki, ölkənin idman rəsmiləri Təbrizdəki futbol yarışı və baş verən olaylar barədə münasibət bildirməlidir: "Yaxşısı budur ki, "Traxtor" biryolluq liqadan çıxsın. Artıq yetər! Bizim çempion olmağımıza imkan vermirlər. Mən oyundan sonra sakitləşdirici həblər atmışam. Artıq, insanlarımzın futbola görə infarkt keçirməsini istəmirik.
Hesab edirəm ki, ölkənin idman rəsmiləri məsələni araşdıraraq ona münasibət bildirməli, insanların şərəfini bəzi alverçi əllərə tapşırmamalıdır".

Hökumət təşvişdə

Fars rejimi etirazların qısa müddətdə səngiyəcəyini düşünsə də futbol təxribatının İranda zəlzələ effekti verməsindən dərin narahatlıq keçirməyə başlayıb. Belə ki, İran prezidenti Həsən Ruhaninin başçılığı ilə keçirilən hökumət iclasında ölkədə baş vermiş ən son mühüm hadisələr, o sıradan da Təbrizin "Səhənd" stadionunda "Traxtor"la "Neft" futbol komandalarının qarşılaşmasından sonra baş vermiş olaylar müzakirə edilib.
İclasda idman və gənclər naziri Mahmud Qudərzi, ölkə üzrə superliqanın final mərhələsində keçirilmiş görüşün ardınca stadionda yaşanmış olaylarla bağlı Nazirlər Heyətinə hesabat təqdim edib. Hesabat dinlənildikdən sonra məsələ barədə fikir mübadiləsi aparılıb. İran prezidenti Həsən Ruhani mövzu ilə əlaqədar fiirləri dinlədikdən sonra məsələnin araşdırılması üçün idman və gənclər nazirinə göstəriş verib.
Ruhani deyib: "İdman və gənclər naziri məsələni dəqiq və ciddi şəkildə araşdırmalı, mövzu ilə bağlı hər hansı bir qanun pozuntusuna yol verilməsi sübuta yetirildiyi təqdirdə ona qarşı ciddi tədbir görməlidir".
İclasda mövzu ilə əlaqədar gedən danışıqların təfərrüatı barədə hər hansı bir məlumat yayılmayıb.

Şovinizmə QIRMIZI KART...

Daha bir maraqlı bir məqam olayın sosial şəbəkələrdə doğurduğu rezonansdır. Artıq on minlərlə güneyli öz Facebook səhifələrində hakim fars rejiminə etiraz olaraq "Qırmızı kart" kampanyasına start veriblər. Güneyli musiqiçi, bəstəkar Yaqub Zürufçu kampaniyaya qatılanlar sırasındadır. O "Qırmızı kart" kampanyası ideyasını çox bəyəndiyini deyir: "Bu cür haqqsızlıqlar xalqı daha mübariz edir! Hələ qələbələr, zəfərlər qarşıdadır! Ədalətsizliyə, assimilyasiyaya, Türk düşmənçiliyinə və irqçiliyə DAYAN deməyin zamanı çoxdan gəlib. Bu düşüncəyə malik hər kəsə QIRMIZI KART...Əziz soydaşlar, lütfən siz də bu kampaniyaya qoşulun, birlik nümayiş etdirin.
Hazırda Kanadada yaşayan güneyli soydaşlarımızdan Hüseyn Turkelli bildirib ki, Azərbaycana qarşı iyrənc oyunları ilə fars şövinizmi öz iyrənc üzünü bird aha sərgiləmiş oldu: "Bu olay millətimizə bu vəhşi sistemdə yaşamağın mümkünsüzlüyünü bir daha anlatdı! Əslində İranın qatı farsçı İdman Federasiyasına böyük təşəkkür düşür. Onlar bilmədən millətimizə böyük xidmət göstərirlər.. Farsca bir məşhur məsəl var. Tərcüməsi belədir: "Tanrı istərsə, düşmən də sənə xeyir verə bilər!"".
Politoloq Elxan Şahinoğlu da hesab edir ki, Təbriz komandası ilə Tehranın "Naft-Tehran" komandası arasında keçirilən yarışmada meydançada yalan anons verilməsi nəticəsində təbrizlilərin aldanması və çempionluğu əldən verməsi təxribatı uzun müddət yaddaşlardan silinməyəcək: "Baş verən saxtakarlıq İranda yaşayan və siyasətdən kənar azərbaycanlılara da mənfi təsir etməmiş deyil. Hamıya aydın oldu ki, söhbət Tehranın və ya İranın başqa şəhərinin futbol klubundan getsəydi, çempionluğuna heç bir maneə yaradılmayacaqdı. Yaxın tarixdə İranda azərbaycanlıları aşağılayan "məşhur" karikatura olayından sonra "Traxtor"un çempionluğunun əlindən alınması soydaşlarımızın hissiyatına toxunan ikinci ciddi hadisədir. Tehran futbolu siyasətinə qurban verdi, odur ki, bunun gələcək nəticələrinə də hazır olmaq məcburiyyətindədir".