“Kremlin şansı Bakı ilə əməkdaşlıqdan keçir” Dünya

“Kremlin şansı Bakı ilə əməkdaşlıqdan keçir”

Fərhad Mehdiyev: "Rusiya AB-yə yaxınlaşan ölkələrin siyasətini öz milli təhlükəsizliyinə təhdid sayır"

"Azərbaycan və Rusiya arasında münasibətlər baxımından yaxınlaşma müşahidə edilir və xüsusilə də son bir il ərzində bunun intensivləşdiyini qeyd etmək mümkündür".
Bu barədə politoloq Fərhad Mehdiyev bildirib.
Şimal qonşumuzla olan bu yaxınlaşmanın kökündə Qarabağ məsələsinin dayandığını vurğulayan politoloq çox maraqlı məqamlara toxunub: "Rusiyanın apardığı son siyasətə fikir versək, görərik ki, Putin Riqa sammitinin Moskva üçün təhlükəli bir çağırış olduğunun üzərində dayandı. Yəni Avropa məkanına inteqrasiyanı özü üçün təhlükə hesab edən Rusiya buna AB-yə yaxınlaşan ölkələrin siyasətini öz milli təhlükəsizliyinə təhdid sayır. Dövlət başçısı İlham Əliyev də son sammitə getməməklə Azərbaycanın bu proqramda çox da istəkli olmadığını göstərdi. Bakıda keçiriləcək I Avropa Oyunları isə Azərbaycanın Avropaya inteqrasiya kursunu təsdiq edən bir siyasətdir. Bu öz yerində. Rusiya da vaxtilə Soçidə bu cür Oyunlar təşkil etmişdi.
Azərbaycanın Rusiya ilə son zamanlar daha da yaxınlaşması müvəqqəti məsələ deyil. Çünki Rusiya regional bir gücdür və ona görə də bu müddətdə münasibətlərin bu cür olması normaldır".
Politoloq bildirib ki, Rusiya ilə yaxınlaşma NATO ilə əməkdaşlıq məsələsinə xələl gətirməyəcək: "Azərbaycanın NATO ilə əməkdaşlığı bundan sonra da davam edəcək. Böyük ehtimalla Azərbaycan qarşıda da NATO-nun müxtəlif tədbirlərində iştirak edəcək. Əfqanıstanla bağlı siyasətimiz də olduğu kimi qalacaq. Yəni balanslaşdırılmış siyasət davam edəcək. Xəzərdə ortaq hərbi təlimlərin keçirilməsi isə heç də Qarabağ məsələsinin Rusiya ilə hərbi yola qədər gedəcəyi anlamına gəlmir. Dediyim kimi, bu, balanslaşdırılmış siyasətin davamıdır. Sadəcə, əməkdaşlıq getdikcə daha da güclənir. Həqiqətən də Qarabağ məsələsinin həlli ilə bağlı hansısa irəliləyişlərin olması ehtimalı böyükdür".
F.Mehdiyev Rusiyanın köhnə siyasətindən birdəfəlik əl çəkməsi barədə indidən fikir yürütməyin çətin olduğunu deyib: "Rusiya hazırda Qərb dünyası ilə qarşı-qarşıyadır. Belə olan təqdirdə bu ölkənin beynəlxalq dəstəyə böyük ehtiyacı yaranır. Hazırda Kremlin belə bir şansı var. Bu yol Bakı ilə sıx əməkdaşlıqdan keçir. Bu yerdə də yəqin ki, Rusiya bəzi şeyləri çox yaxşı başa düşür. Bir məqamı da vurğulamaq istəyirəm ki, hazırda ortada Moskvanın hər vəchlə əngəlləməyə çalışdığı böyük bir Transxəzər layihəsi var. Çünki Avropa üçün əsas prioritet Azərbaycan və türkmən qazıdır. Belə olan halda isə Rusiya öz "Cənub axını" layihəsinin kölgədə qalmaması üçün çox güman ki, planlar, başqa yollar axtarmağa çalışacaq".
Millət vəkili Asim Mollazadə isə bildirib ki, Rusiya regionda sabitliyin təmin olunması və münaqişənin həlli istiqamətində ilk addım kimi Ermənistana qarşı təzyiq rıçaqlarını işə sala bilər:
"Hər iki nazirin Moskvada baş tutan görüşünün Riqa sammitinə bilavasitə heç bir aidiyyəti yoxdur. Görünən odur ki, görüş ikitərəfli münasibətlərlə yanaşı, Qarabağ münaqişəsinin həlli ətrafında müzakirələrin aparılması baxımından uğurlu keçib. Hesab edirəm ki, bu görüş iki qonşu və tərəfdaş ölkə arasında bir növ ənənəvi xarakter daşıyır və çoxtərəfli məsələlərin müzakirəsi baxımından önəmlidir. Çünki Elmar Məmmədyarov Rusiyaya səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası dövlət komissiyasının həmsədri Dmitri Roqozin və Dövlət Dumasının sədri Sergey Narışkinlə də görüşlər apardı. Bu ondan xəbər verir ki, belə mütəmadi görüşlər bundan sonra da olacaq. Çünki ikitərəfli münasibətlərinin inkişafına xidmət edən belə görüşlərə ehtiyac var. Rusiya Ermənistana qarşı öz təsir imkanlarından istifadə edərək təzyiq rıçaqlarını işə salmaqla Qarabağ münaqişənin həllini tezləşdirməlidir. Çünki Cənubi Qafqazda sülh və əminamanlığın yaradılması bütün regiona müsbət təsir göstərərdi".