Saakaşvili növbəti inqilaba hazırlaşır Dünya

Saakaşvili növbəti inqilaba hazırlaşır

"Odessada layihələrimi müsbət sonluqla yekunlaşdırıb, Gürcüstana geri dönəcəm"

Cavid

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Odessanın qubernatoru təyin olunması bu gün dünyanın diqqət mərkəzindədir. Bununla bağlı müxtəlif fikirlər səsləndirilir. Hətta o da ehtimal olunur ki, Saakaşvili gələcəkdə Ukraynanın baş naziri postuna təyin olunacaq.
Qeyd edək ki, iki gün öncə Ukrayna prezidenti Pyotr Poroşenko Mixail Saakaşvilinin Odessa qubernatoru təyin edilməsi barədə fərman imzalayıb. Bundan başqa, Gürcüstanın sabiq prezidenti Ukrayna vətəndaşlığını alıb. Odessada yeni qubernatoru təqdim edərkən Poroşenko Saakaşvilini "Ukraynanın böyük dostu" adlandırıb.
Saakaşvili artıq Tvitter vasitəsilə ilk qərarlarını elan edib: məmurların sayını azaltmaq, ildə 4 milyon qrivnaya qənaət etmək, milisi yoxlamaq və şəhər infrastrukturunu qiymətləndirmək. Gürcüstan qanunvericiliyinə görə, başqa ölkənin vətəndaşlığı alınacağı halda həmin şəxs avtomatik olaraq Gürcüstan vətəndaşlığını itirir. Qanunvericilik ikili vətəndaşlığa malik olmağa icazə verir, amma bunun üçün prezidentə müraciət etmək lazımdır. Xatırladaq ki, Saakaşvili 2013-cü ilin noyabrında prezident seçkilərindən sonra ölkəni tərk edib. Gürcüstan Baş Prokurorluğu ona qarşı bir neçə maddə üzrə cinayət ittihamı irəli sürüb. Sabiq prezident opponentlərinin ittihamlarını siyasi xarakterli hesab edir. Rusiyanın baş naziri Dmitri Medvedev "Twitter" hesabında yazıb ki, Saakaşvili - Odessanın başçısıdır. Şapito-şou davam edir. Bədbəxt Ukrayna". Ukraynanın Odessa vilayətinin yeni qubernatoru Mixail Saakaşvili isə "İnter" telekanalının efirində deyib ki, onun yeni postda üstünlüyü odur ki, onu pul maraqlandırmır və o, müxtəlif təsir qruplarından asılı deyil: "Məndən ötrü insanların üzünə necə baxmaq vacibdir, pul məni maraqlandırmır.
O, korrupsiya ilə mübarizə, təhlükəsizliyin təmin edilməsi və xarici sərmayəçilərin cəlb edilməsi üçün vilayətin idarəçiliyinin kadr tərkibini dəyişmək niyyətində olduğunu da söyləyib. "Mən bütün administrasiya rəhbərləri başçılarının təyin edilməsi üçün müsabiqə elan edəcəyəm. Seçim açıq müsabiqə yolu ilə aparılacaq və mən müsabiqənin gedişinə təzyiqlərə imkan verməyəcəyəm" – bildirib vilayətin yeni başçısı. Mixail Saakaşvili baş nazir postuna adının hallanmasına da münasibət bildirib. Saakaşvili yayılan bu informasiyanı təkzib edərək bildirib ki, baş nazir postuna adının hallanması şayiədir: "Bu, ağılsızlıqdır, Ukraynada heç bir siyasi ambisiyam yoxdur. Odessada layihələrimi müsbət sonluqla yekunlaşdırıb, Gürcüstana geri dönəcəm. Fəaliyyətimi davam etdirəcəm".
Saakaşvili həmçinin deyib ki, hazırda Odessada Ukraynanın taleyi həll olunur. Onun sözlərinə görə, Odessadan başqa Xarkov, Kiyev və digər cəbhəyanı ərazilərdə də Ukraynanın taleyi müəyyən edilir. "Əgər Ukrayna bu ərazilərdə möhkəmlənsə, irəliyə doğru addım atılacaq. Biz Odessanı yenidən dəniz mirvarisinə çevirməyə çalışacağıq. Mən bu cür turizm biznesini Rusiya ilə müharibədən sonra Gürcüstanda da sınaqdan keçirmişəm".
Bu arada Gürcüstan prezidenti Georgi Marqvelaşvili ölkə vətəndaşlığından imtina edən sabiq prezident Mixail Saakaşvilini ittiham edib. RİA informasiya agentliyi xəbər verir ki, Marqvelaşvili Ukraynanın Odessa vilayətinin qubernatoru təyin olunan Saakaşvilinin öz ölkəsini və prezident institutunu təhqir etdiyini bildirib: "Saakaşvilinin hərəkətinə münasibətim mənfidir. Keçmiş prezident Gürcüstan vətəndaşlığından imtina etməməli idi. O, bununla öz ölkəsini və prezident institutunu təhqir edib. Fikrimcə, dəyərlər karyeralardan yuxarıda dayanır. Bu dəyərlərdən biri Gürcüstanın vətəndaşlığıdır. Onun bu davranışı mənim üçün anlaşılmazdır".
Saakaşvilinin Ukraynada qubernator təyin olunmasına Gürcüstanın müdafiə naziri Xidaşeli Lili də münasibət bildirib: "Onun öz vətəninə sevgisi və sədaqəti çox yaxşı göründü. Əgər kimlərdəsə nəzəri şübhələr var idisə, onlar da Saakaşvilinin sədaqətini gördülər".