Seçkini AKP uddu, Ərdoğan uduzdu Dünya

Seçkini AKP uddu, Ərdoğan uduzdu

MHP lideri Devlet Bahçeli: "Koalisiyadan söhbət belə gedə bilməz, istəyirlərsə, yenidən seçki keçirə bilərlər"

Ərdoğan: "Nəticələrin heç bir partiyaya təkbaşına iqtidar imkanı vermədiyi mövcud tablonun rasional və real dəyərləndiriləcəyinə inanıram"

Cavid

Türkiyədə keçirilən parlament seçkiləri ölkənin yeni dönəm üçün hansı yolu gedəcəyi sualını gündəmə gətirdi. Seçkinin nəticələri müxalifət üçün uğurlu olmasa da, hakim Ədalət və İnkişaf Partiyası üçün də məqbul sayıla bilməz. İlkin məlumata əsasən Türkiyənin Ədalət və İnkişaf Partiyası 41.9% səs yığıb və bu o deməkdir ki, Ərdoğanın siyasi komandası təkbaşına hökumət qura bilməyəcək.
Səsvermədə Respublika Xalq Partiyası (CHP) 25.1% səs yığıb, Milliyətçi Hərəkat Partiyası (MHP) - 16.8%, Xalqların Demokratik Partiyası (HDP) isə 11.7% səs toplayıb.
Qalan siyasi partiyalar ümumilikdə 4.5% səs yığıb.
Parlament seçkilərində 20 siyasi partiya iştirak edir. Səsvermədə 53 765 231 seçici iştirak edib.
2011-ci ildə Türkiyədə keçirilmiş parlament seçkilərində AKP seçicilərin 46,66 faiz, CHP 20,85 faiz, Milliyətçi Hərəkat Partiyası (MHP) isə 14,29 faiz səsini toplamışdı.
Müqayisəli ümumi nəticələrə əsaslansaq bu seçki birmənalı olaraq PKK terror təşkilatının siyasi qanadı olan Xalqların Demokratik Partiyasına düşərli olub. HDP-nin parlamentə gətirdiyi "sürpriz" adlar içərisində hazırda həbsdə olan terrorbaşı Abdullah Öcalanın qardaşı qızı Dilek Öcalan da var.
Yaranmış vəziyyətdə indi daha çox müzakirə olunan məsələ koalisiya hökumətlə bağlıdır.
CHP artıq bu müzakirələrlə bağlı öz mövqeyini bəyan edib. Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatı Haluk Koç bəyan edib ki, partiya Türkiyənin Ədalət və İnkişaf Partiyası ilə koalisiya hökumətinin formalaşmasına razı deyil. Son ümid isə CHP-yə qalıb, çünki bu partiyanın lideri Kemal Kılıçdaroğlu koalisiya ilə bağlı heç bir bəyanat verməyib.
Türkiyənin hakim partiyası isə koalisiya hökumətinin yaradılmasına hazırdır və hazırda təkrar parlament seçkilərinin keçirilməsi barədə danışmaq hələ çox tezdir. "TRT Haber" telekanalının verdiyi məlumata əsasən, bunu Türkiyənin Baş nazirinin müavini Numan Kurtulmuş deyib.
Bununla yanaşı, N.Kurtulmuş koalisiya hökumətinin yaradılmasında AKP ilə yanaşı hansı partiyanın olacağını qeyd etməyib.
O bildirib ki, AKP demokratiya prinsiplərinə sadiqdir və Türkiyənin müxalifət partiyalarının ölkənin hakim partiyası ilə koalisiya hökuməti yaratmaq istəməmələrini dilə gətirmələri ani verilmiş qərardır.
HDP başqanı Selahattin Demirtaş isə "AK Partiya ilə nə daxildən, nə də xaricdən koalisiya qurmayacağıq" bəyanatını verib. MHP lideri Devlet Bahçeli də eyni məzmunda çıxış edib və bildirib ki, koalisiyadan söhbət belə gedə bilməz: "İstəyirlərsə, yenidən seçki keçirə bilərlər".
Bu seçkinin prezident Ərdoğan üçün çox böyük siyasi bir əhəmiyyəti vardı. Belə ki, Ərdoğanın planına əsasən Türkiyə parlament seçkilərinə gedir, AK Partiya qalib gəlir və TBMM-də Konstitusiyaya dəyişiklik etmək üçün layihə təklif edilir. Həmin layihənin məqsədi isə Türkiyənin prezident üsul-idarəsinə keçməkdir.
Əgər AK Partiyası öz millət vəkillərinin sayını 330-a çatdırsaydı, o zaman bu partiya konstitusiya üstünlüyü əldə edərək prezident statusunun dəyişdirilməsi barədə referendum elan edə bilərdi. Yox, əgər 367 yer əldə edilsəydi, statusun dəyişdirilməsi adi parlament səsverməsi ilə həyata keçiriləcəkdi.
Dünən gecə Baş nazir Əhməd Davudoğlunun eyvan nitqi isə böyük marağa səbəb olub. O, partiyasının "dastan yazdığını" və seçkilərdə birinci partiya olduğunu vurğulayıb: "Digər partiyalara mesajımız budur. Kiçik faizlərlə "qələbə çalmışıq" deməsinlər. Bu seçki gecəsi 81 vilayəti dolaşmış kimi gəlirəm. Sizə Ağrıdan, Ilgazdan, Uludağdan salamlar gətirmişik. Ölkəmizin hər küncünə, hər çayına, hər dağına, hər ovalığına salam olsun. Bu eyvandan vətəndaşlarımıza müraciət edirəm. Onlara da salam olsun. Allah onlardan, onların iradələrindən razı olsun. Bu eyvanı bir demokratiya ocağı edən prezidentimizə də salam olsun. Sizin gücünüz də tam bir demokratiya bayramıdır. AK Partiya hərəkatı 13 ildir ki, tək bir şeyin davasını etdi, o da milli iradə, milli iradə və milli iradədir. Hər cür əngəllə rastlaşmışıq. Partiyamızı bağlamağa çalışdılar, amma biz həmişə milli iradə dedik. Kimsənin 1-ci olmağımızdan şübhəsi olmasın. 13 ildir böyük sınaqlardan keçdik. Biz millətin içindən gəlmişik, taleyimiz millətin taleyidir. Bir an dayanmayacağıq, bir an belə millətdən ayrı düşməyəcəyik. Bu seçki kampaniyasında 81 vilayətdə vətəndaşlarıyla görüşən AK Partiyadır. Hər bir AK Partiya təşkilatının üzvünün alnından öpürəm. Bu gün AK Partiya bir daha dastan yazıb. Hər kəs bilməlidir ki, AK Partiya bu seçkinin qalibi və birincisidir. Hər kəs öz hesabını aparmalıdır. Türkiyənin onurğa sümüyü AK partiyadır. Bu partiya millət üçün ən doğru olanı etməyə qərarlıdır".
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkədə keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı açıqlama verib. "Hürriyet"in yaydığı xəbərə görə, R. T. Ərdoğanın yazılı açıqlamasında bildirilir: "Bazar günü keçirilən seçkilərin nəticələrinin ölkəmiz və millətimiz üçün xeyirli olmasını diləyirəm. Seçkilərdə iştirak faizinin yüksək olması əziz millətimizin iradəsinin və demokratiya ilə bağlı qərarlılığının ifadəsidir. Millətimizin təqdiri hər şeyin üzərindədir. Nəticələrin heç bir partiyaya təkbaşına iqtidar imkanı vermədiyi mövcud tablonun yarışa qatılmış bütün partiyalar tərəfindən rasional və real dəyərləndiriləcəyinə inanıram. Seçkidən sonra başlayan bir yeni mərhələdə ölkəmizdəki sabitlik və güvən mühitinin, demokratik nailiyyətlərin qorunması üçün bütün siyasi partiyaların lazımi həssaslığı göstərmələri, məsuliyyətli davranış sərgiləmələri böyük əhəmiyyət kəsb etməkdədir".
Dünya mətbuatı da Türkiyədəki seçkilərə geniş diqqət ayırıb. BBC telekanalı "Prezident Ərdoğanın partiyası əksəriyyətin səsini itirdi" başlıqlı məqalədə seçkilərdən bəhs edərək hakim partiyanın təkbaşına iqtidar olmayacağını bildirib: "AKP 13 illik təkpartiyalı iqtidarını ilk dəfə parlamentdə itirdi. Xalqların Demokratik Partiyasının (HDP) kürd azlğı və sol qanaddan qazandığı səslərlə 10 faizlik səddi ilk dəfə aşaraq parlamentə girməsi Türkiyə siyasətində yeni bir dövrün başlanacağından xəbər verir. Nəticələrin ardından AKP qərtargahında "tutqun" atmosfer yaşanır. Seçki nəticələri ilə Ərdoğanın səlahiyyətlərini artırma planı alt-üst oldu".
İngiltərənin nüfuzlu qəzetlərindən olan "Qardian" isə seçkilərə toxunaraq "Az qala bütün səslərin sayıldığı parlament seçkilərində prezident Ərdoğanın konstitusiyanı dəyişməklə hakimiyyəti bir əldə cəmləmə ehtirası suya düşdü" ifadələrinə yer verib:
"Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan 13 illik hakimiyyəti dövründə ilk dəfə böyük müvəffəqiyyətsizliyə uğradı. Türk siyasətində ilk dəfə ölkənin kürd azlığı böyük səs qazandı".
"İndependent" qəzeti də seçkilərdə kürdlərin zəfərinə toxunaraq bu qələbənin Ərdoğana böyük zərbə vuracağını qeyd edib: "Kürdlərin seçki qələbəsi Prezident Ərdoğanın iqtidar partiyasına böyük zərbə vurdu".
"Times" qəzeti isə Ərdoğanın "açlaldıcı məğlubiyyətə" düçar olduğunu qeyd edib. Qəzetin fikrincə, məğlubiyyətin səbəbi Ərdoğanın Rusiya Prezidenti Vladimir Putin kimi güc tətbiq etməsidir:
"Seçki prosesindəki nəticələr konstitusiyanı dəyişmək planı kimi bir çərçivə meydana gətirən Prezident Ərdoğan üçün çox alçaldıcı bir məğlubiyyət oldu. Hazırda AKP HDP ilə koalisiya hökuməti qurmağın bir addımlığındadır".
İngiltərənin sayılıb-seçilən qəzetlərindən olan "Teleqraf" da qardaş ölkədə keçirilən seçkilərə toxunub. Türkiyə iqtidarının son 10 il ərzində ən pis nəticə ilə üzləşdiyini yazan dərgi Ərdoğanın xəyallarının parça-parça olduğunu bildirib: "Məclisi əlində tutmaq məqsədilə AKP seçkidə böyük yarışa girdi. Qarşıya coşğulu bir zəfəri məqsəd qoyan iqtidar partiyası üçün yeni konstitusiya çox uzaq bir ehtimala çevrildi".
Türkiyədə keçirilən parlament seçkilərinin nəticələri İspan mediası tərəfindən də yaxından təqib edilib. Bu haqda məlumatı "f5haber" saytı yayıb.
Türk xalqının bu seçkilərlə Ərdoğana sultanlıq haqqı vermədiyinə işarə edən bəzi qəzetlər isə Prezident üçün "Kral tək qaldı" başlığını yazıb. Kürdlərin seçki səddini aşaraq parlamentə daxil olmasına toxunan qəzetlər Türkiyənin bu kontekstdə yeni bir dövrə girdiyini irəli sürüb.
"El Pais" qəzet Prezident Rəcəb Tayyib Ərdoğanın prezident sisteminə aparacaq seçkiləri itirdiyinə diqqət çəkib. Qəzet, həmçinin Ərdoğanın cəmiyyəti bölərək yarısını özünü sevən, yarısını da özünə nifrət etdirən bir sistemə gətirdiyini vurğulayıb.
"El Mundo": "Kürdlər Ərdoğanın səltənətinə son verib" başlığı ilə dərc edilən məqalədə Ərdoğanın tərəfsiz olması halından çıxaraq meydanlarda AKP-yə səs istədiyini bildirib. Bu qəzet HDP-yi İspaniyadakı "Podemos" hərəkatı ilə müqayisə edərək bu partiyanın da eynilə "Podemos"un İspaniyada əldə etdiyi uğuru ilə eyniləşdirib.
ABC: "Ərdoğanın partiyası seçkiləri qazandı, ancaq tək başına iqtidara qovuşa bilmədi" başlığı altında verdiyi xəbərində kürdlərin əldə etdiyi səs nisbətinin Türk siyasi arenasını yeni bir dövrə saldığına işarə edib.
"La Razon": "Ərdoğan ilk dəfə təkbaşına iqtidar olmayacaq" başlığını yazan qəzet Türkiyənin prezident sisteminə aparacaq seçkiləri itirdiyini və bu seçkilərin parlament seçkilərindən daha çox Ərdoğanın seçkisinə çevrildiyini ifadə edib.
"La Vanguardia": "Türkiyə Ərdoğana daha çox güc vermədi" başlığını yazan qəzet vurğulayıb ki, AK Partiyası parlamentdə 60 faizin içərisində əriyəcək.