Masallı rayonunda “Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları” mövzusunda regional konfrans keçirilib Hadisə

Masallı rayonunda “Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları” mövzusunda regional konfrans keçirilib

Azərbaycan Milli Mətbuatının yaranmasının 140-cı ildönümünə həsr olunmuş silsilə yubiley tədbirləri davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbaycan Mətbuat Şurasının və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Masallı rayonunda "Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları" mövzusunda növbəti regional konfrans keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, Adminstrasiyanın İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, bölgə rayonlarının icra hakimiyyətlərinin məsul əməkdaşları, yerli qəzetlərin, habelə ¬Bakıda fəaliyyət göstərən 20-dək qəzetin baş redaktorları iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin Masallı rayonundakı abidəsini ehtiramla yad edərək önünə gül dəstələri qoyublar. Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzində Masallı rayon "Halay" folklor ansamblı və yeniyetmələrdən ibarət rəqs qrupunun ifasında musiqi nömrələrinə tamaşa ediblər. Tədbirin bədii hissəsi başa çatdıqdan sonra konfrans öz işinə başlayıb.
Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev milli mətbuatımızın 140 illik yubileyi münasibətilə iştirakçıları təbrik edib, tədbirin məqsəd və proqramı barədə məlumat verib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qonaqları salamlayaraq 140 illik yubiley tədbirləri çərçivəsində növbəti konfransın Masallıda keçirilməsini rayonun həyatında əlamətdar hadisələrdən biri kimi dəyərləndirib. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatın zəngin tarixi inkişaf yolu keçdiyini deyən R. Hüseynov müstəqil Azərbaycanda ictimai həyatın ən müxtəlif sahələri üzrə əldə olunan uğurların ictimaiyyətə çatdırılmasında, dövlətçilik maraqlarının müdafiəsində müasir medianın xidmətlərini yüksək dəyərləndirib: "Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli mətbuata qayğı modeli bu gün də davam etdirilir. Buna bariz nümunə kimi jurnalistlərə tikilərək təmənnasız paylanılan evləri misal çəkmək olar. Mətbuatın yubiley törəninin regionlarda təşkili isə region mətbuatının inkişafına töhvə verməklə yanaşı, region mətbuatının mərkəz mətbuatına inteqrasiyasını təmin edir. Milli mətbuatın yubiley münasibətilə Azərbaycan mətbuatında çalışan jurnalistləri təbrik edirəm, onlara işlərində uğurlar arzulayıram".
Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsininsektor müdiri Vüqar Əliyev milli mətbuatın keçdiyi şərəfli tarixi yoldan söz açıb: "Azərbaycan milli mətbuatının yubiley tədbirlərinin qeyd olunması ənənəsi ümumilli lider Heydər əliyev tərəfindən qoyulub. Mətbuatın 125 illik yubileyinin qeyd edilməsi barədə ulu öndərin sərəncamı ilə əsası qoyulan bu iş bu gün də davam etdirilir. Bu gün biz milli mətbuatın 140 illik yubiley tədbirinə yığışmışıq. Azərbaycan mətbuatının intibah dövrü müstəqillik dövrünə təsadüf edir. Həmin illərdə mətbuat ciddi problemlərlə üzləşmişdi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra senzuranın və 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi, dünya standartlarına uyğun KİV haqqında qanunun qəbulu, 2001-ci ildə bu qanunun təkminləşdirilməsi, Azərbaycan Mətbuat Şurasının yaradılması, redaksiyaların maddi texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər sonda Azərbaycanda güclü-peşəkar medianın formalaşmasına gətirib çıxartdı. Bu prosesin davamı olaraq görülən işlər mətbuata dövlət qayğısının təzahürüdür. Mətbuata dəstək üçün 2009-cu ildə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən bu günədək 20 milyon manatdan çox mətbauta yardım göstərilib. Bu addımların atılmasının əsas məqsədi Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, ölkəmizin haqq səsini dünyaya çatdıran bir medianın yaradılması idi".
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq media nümayəndələrini milli mətbuatın 140 illik yubileyi münasibətilə təbrik edib. Azərbaycan mətbuatının müstəqilliyin ilk illərində ciddi problemlərlə üzləşdiyini, müxtəlif təzyiqlərə məruz qaldığını xatırladan Fondun icraçı direktoru ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından KİV-lərin inkişafında yeni mərhələnin başlandığını bildirib. Vüqar Səfərli ümummilli liderin siyasi iradəsi ilə 1998-ci il avqustun 6-da KİV üzərində senzuranın ləğv edildiyini, sonrakı mərhələdə söz və mətbuat azadlıqlarının etibarlı təminatına xidmət edən mükəmməl qanunvericilik bazasının formalaşdırıldığını, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dondurulduğunu, əlavə dəyər vergisinin ləğv edildiyini və digər mütərəqqi islahatları xüsusi qeyd edib.
Ümummilli lider Heydər Əliyevin medianın inkişafı sahəsində əsasını qoyduğu mütərəqqi siyasətin son 12 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən V.Səfərli ötən dövrdə ölkə mətbuatının 135 və 140 illik yubileylərinin yüksək səviyyədə qeyd edildiyini, onlarla jurnalistə fəxri ad və medalların verildiyini, qəzetlərin "Azərbaycan" nəşriyatına olan borclarının dövlət büdcəsi hesabına silindiyini və digər faktları diqqətə çatdırıb.
Fondun icraçı direktoru həmçinin xatırladıb ki, mətbuatın cəmiyyət həyatındaki rolunu yüksək dəyərləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008 və 2009-cü illərdə imzaladığı müvafiq sərəncamlarla Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyası təsdiq edilib. Həmin Konsepsiyadan irəli gələn vəzifələrin gerçəşləşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb.
İcraçı direktor Fondun ötən illərdə ölkə qəzetlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması sahəsində həyata keçirdiyi çoxsaylı layihələr barədə də ətraflı məlumat verib. Vüqar Səfərli jurnalistlərə dövlət hesabına mənzillərin verilməsini dünyada analoqu olmayan müsbət təcrübə kimi dəyərləndirərək dövlətimizin başçısının bu diqqət və qayğısının mətbuat nümayəndələri tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Konfransda çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov yubiley tədbirlərinin regionlarda qeyd olunmasının əhəmiyyətindən söz açıb. Şura sədri Azərbaycan mediasının Azərbaycan xalqının həyatında, inkişafında olan rolundan danışıb.
Tədbirdə Astara rayon İB-nın müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mərasim Hacıyev, "Astara" qəzetinin baş redaktoru Azər Abdullayev, Biləsuvar İB-nın müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Qəmbərova, Biləsuvarın "Məhsul" qəzetinin baş redaktoru Muxtar Əhmədov və sair rayonların məsul əməkdaşları çıxış ediblər.