Telekanallarda vətənpərvərlik proqramlarının sayı artırılmalıdır Hadisə

Telekanallarda vətənpərvərlik proqramlarının sayı artırılmalıdır

"Zərdabi Mətbuat Mərkəzi" sorğunun nəticələrini açıqladı

"Zərdabi Mətbuat Mərkəzi" İctimai Birliyi "Milli-mənəvi dəyərlərimizin qorunmasına dəstək olaraq Milli Qəhrəmanların döyüş yolunun təbliğ olunması" layihəsi çərçivəsində keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Sorğu qurumun sözügedən layihəyə uyğun olaraq Salyan, Lənkəran və İsmayıllı rayonlarında təşkil etdiyi "Milli Qəhrəmanların təbliği və media mütəşəkkilliyi: mövcud durum və perspektiv vəzifələr" mövzusundakı "dəyirmi masa"ların iştirakçıları arasında keçirilib. Sorğuda ümumilikdə 150 respondent iştirak edib. İştirakçılar ilk olaraq "Azərbaycanda jurnalistika dedikdə hansı tip kütləvi informasiya vasitəsinin fəaliyyətini daha çox qəbul edirsiniz?" sualını cavablandırıblar. Rəyi soruşulanlar 29,5 faizinin fikrincə, jurnalistika dedikdə televiziyaların fəaliyyəti başa düşülür. Bu baxımdan qəzetlər 22,1 faizlə ikinci yerdədirlər. İnternet media resurslarının fəaliyyətini jurnalistika kimi qəbul edənlərin səs faizi 20,8-dir. Radiolar 16,2 faizlə dördüncü yerdə qərarlaşıblar. Respondentlərin 8,1 faizi informasiya agentliklərinin, 3,3 faizi isə jurnalların fəaliyyətini daha çox jurnalistika kimi qəbul etdiklərini bildiriblər. Sorğuda rəyi soruşulanlara ünvanlanan ikinci sual belə olub: "Azərbaycan jurnalistikasının Milli Qəhrəmanların təbliği sahəsindəki fəaliyyəti Sizi qane edirmi?" Bu suala rəyi soruşulanların 41,8 faizi "bəli" cavabını verib. "Xeyr" deyənlərin səs faizi 27,3-dür. Respondentlərin 30,9 faizi bu suala cavab verməkdə çətinlik çəkib. Sorğunun "mediada vətənpərvərlik təbliğatını artırmaq üçün hansı addımlar atılmalıdır?" sualını rəyi soruşulanlar konkret fikirlərini ifadə etməklə cavablandırıblar. Bu bölmədə onlara beş cavab variantı yazmaq imkanı yaradılıb. Sorğu anketlərinin təhlili göstərir ki, rəyi soruşulanlar daha çox telekanallarda vətənpərvərlik verilişlərinin sayının artırılmasını, bayağı proqramların məhz milli ruhu yüksəldən nümunələrlə əvəzlənməsini vacib sayıblar. Mövcud sahədə dövlətin sərt addımlar atmasının zəruriliyini əsaslandıranlar da kifayət qədər çoxluq təşkil edib. Ümumən rəyi soruşulanlar fikirlərində bu istiqamətdə dövlət tənzimləməsinin zəruriliyini əsaslandırıblar. Onlar həmçinin media təşkilatlarının da Milli Qəhrəmanların təbliğinə yönələn fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıblar.