Sınaq imtahanlarına yazılış başlayıb Hadisə

Sınaq imtahanlarına yazılış başlayıb

Dünəndən Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə kömək məqsədilə keçiriləcək sınaq imtahanlarına yazılış başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, aprelin 6-da və 13-də keçiriləcək sınaq imtahanlarına qeydiyyat martın 27-dən etibarən aparılır. Sınaq imtahanlarına yazılmaq üçün ödəmə kartını abituriyentlər bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməklə əldə edə bilərlər.
2014-cü ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün 6 sınaq imtahanı (4-ü yeni, 2-si təkrar) keçiriləcək. İmtahanlar 6, 13, 20, 27 aprel, 25 may və 1 iyun tarixlərində baş tutacaq. Sınaq imtahanları Azərbaycan və rus bölmələri üzrə ayrı-ayrılıqda aparılır. I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər (Ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix, Azərbaycan tarixi, coğrafiya və xarici dil) üzrə abituriyentlərin bilikləri qiymətləndirilir. Sınaq imtahanları keçirildikdən sonra abituriyentlərin imtahan balları elan olunur. Abituriyentlərin sınaq imtahanlarındakı nəticələri onların seçdikləri ixtisas qrupları üzrə bilik və bacarıqlarının üzə çıxarılmasında və gələcək ixtisas qruplarının seçilməsində böyük rol oynayır.
Qeyd edək ki, sınaq imtahanlarına qeydiyyatla bağlı ilkin məlumatlar komissiyanın "facebook" səhifəsindən öyrənə biləcəklər.