Bu il keçən ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə çox əlillik təyin olunub Hadisə

Bu il keçən ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə çox əlillik təyin olunub

Bu ilin ötən dövründə keçən ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə çox olmaqla 10 mindən çox şəxsə əlillik təyin olunub.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisdə “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyin müzairəsində deputatların suallarını cavablandıran zaman deyib.

O qeyd edib ki, ümumilikdə son 3 ildə 155 minədək şəxsə əlillik və sosial ödənişlərin təyinatı aparılıb.

Nazir müavini vurğulayıb ki, 2020-2022-ci illər üzrə əlillik müddəti bitən şəxslərin əlilliyinin uzadılması üçün tibb müəssisələri tərəfindən e-sistemə daxil edilən göndərişlər (Forma 88) üzrə 57 min şəxsə əlillik təyin edilib.

“Əlillik təyinatından dərhal sonra avtomatik şəkildə proaktiv qaydada əlilliyə görə sosial ödənişlər təyin olunur. Son illərdə aparılan sosial islahatlar əlilliyi olan şəxslərə ödənilən sosial ödənişlərdə də ciddi artımlara imkan verib. 2018-ci ilin əvvəli ilə müqayisədə onlara ödənilən pensiyaların orta aylıq məbləği 82%, müavinət ödənişləri 3 dəfə, xüsusi kateqoriyalara aid əlilliyi olan şəxslərə təqaüd ödənişləri 5 dəfə çox artıb”, - deyə A.Kərimov əlavə edib.